PDF Oxu

Siyasət

  • 447

Türk Dövlətləri Təşkilatında təhlükəsizlik əməkdaşlığının yeni mərhələsi - ŞƏRH

image

Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri arasında əlaqələrin bütün istiqamətlər üzrə genişlənməsi və dərinləşməsi təşkilatın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Bu baxımdan təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, mövcud təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bu məsələlərə dair mühüm fikirlər səsləndirib.
Dövlətimizin başçısı qeyd edib ki, TDT çərçivəsində keçirilən müxtəlif səviyyəli görüşlər təşkilat daxilində fəal qarşılıqlı əlaqələrin göstəricisidir. Bakıda təhlükəsizlik şuralarının katiblərinin 5-ci iclasının keçirilməsi də bu əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev TDT-nin artıq yalnız regional deyil, beynəlxalq gündəlikdə də mühüm yer tutan təşkilata çevrildiyini vurğulayıb.
Təşkilatın gündəliyinin genişliyi onun artan imkanlarını nümayiş etdirir. Beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat, bağlantılar, ticarət və humanitar əməkdaşlıq kimi mühüm istiqamətlər TDT ölkələri arasında qarşılıqlı fəaliyyətin əsas sahələrini təşkil edir. Azərbaycanın mövqeyinə görə, bu sahələr bir-birindən ayrı deyil. Enerji və nəqliyyat təhlükəsizliyi ümumi təhlükəsizlik sisteminin mühüm tərkib hissəsidir.Azərbaycanın bu prosesdə xüsusi rolu onun əlverişli coğrafi mövqeyi və geniş regional əməkdaşlıq imkanları ilə bağlıdır. Ölkəmiz həm enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında, həm də Mərkəzi Asiya dövlətlərinin Avropa və dünya bazarları ilə əlaqələrinin genişləndirilməsində mühüm tranzit imkanlarına malikdir. Bu baxımdan Azərbaycanın təşəbbüsləri TDT məkanında nəqliyyat və enerji bağlantılarının inkişafına mühüm zəmin yaradır. Prezident İlham Əliyevin çıxışında TDT ölkələrini birləşdirən mühüm amillərdən biri kimi ümumi tarixi, mədəni və etnik bağlara da diqqət çəkilib. Dövlətimizin başçısı qeyd edib ki, ortaq mənəvi dəyərlər, dillərin və mədəniyyətlərin yaxınlığı xalqlar arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlverişli şərait yaradır. Bu mənəvi birlik təşkilatın digər beynəlxalq platformalardan fərqləndirən mühüm xüsusiyyətlərindən biri kimi qiymətləndirilir. TDT ölkələrinin təhlükəsizlik baxımından digər mühüm üstünlüyü regionda sabitlik və təhlükəsizliyin qorunmasıdır. Prezident İlham Əliyev bildirib ki, sabitlik və təhlükəsizlik olmadan iqtisadi inkişafın, investisiyaların, yeni texnologiyaların və innovasiyaların cəlb edilməsinin mümkünlüyü məhduddur. Bu səbəbdən təhlükəsizlik məsələləri yalnız müdafiə və hüquq-mühafizə sahəsi ilə deyil, həm də iqtisadi və sosial inkişafla birbaşa bağlıdır. Dövlətimizin başçısı TDT məkanında iqtisadi inkişaf istiqamətində müşahidə olunan müsbət dinamikanı da qeyd edib. Sənaye istehsalının artması, iqtisadi göstəricilərin yaxşılaşması və maliyyə sistemlərinin sabitliyi üzv ölkələrin inkişaf potensialının mühüm göstəriciləridir. Bu potensialın daha da gücləndirilməsi isə təhlükəsiz və sabit mühitin qorunmasından keçir. Çıxışda gənc nəslin milli və mənəvi dəyərlərə, vətənpərvərlik prinsiplərinə sadiq ruhda yetişdirilməsinin vacibliyi də xüsusi vurğulanıb. TDT ölkələrinin gələcək inkişafında gənclərin fəal iştirakı mühüm amil kimi diqqətə çatdırılıb. Bu istiqamətdə gənclər siyasəti çərçivəsində əməkdaşlığın genişləndirilməsi təşkilatın qarşısında duran mühüm vəzifələrdən biri kimi müəyyənləşir. Prezident İlham Əliyev təhlükəsizlik sahəsində əməkdaşlığın praktiki istiqamətlərinə də toxunub. Dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsinin genişləndirilməsi, birgə fəaliyyətin gücləndirilməsi və mümkün təhdidlərin qabaqcadan müəyyənləşdirilərək qarşısının alınması TDT ölkələri üçün mühüm prioritetlərdəndir. Müasir dövrdə təhlükəsizlik təhdidlərinin xarakterinin dəyişməsi belə əməkdaşlığın əhəmiyyətini daha da artırır. Dövlətlər yalnız mövcud təhlükələrə cavab verməklə kifayətlənməməli, mümkün riskləri qabaqcadan müəyyən etməli və preventiv tədbirlər həyata keçirməlidirlər. Bu baxımdan TDT ölkələrinin təhlükəsizlik qurumları arasında təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti TDT çərçivəsində dövlət başçıları səviyyəsində əməkdaşlığın daha intensiv xarakter almasının vacibliyini də qeyd edib. Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanması dövlətlər arasında daha sıx və çevik dialoqun formalaşdırılması baxımından əhəmiyyətlidir. Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşü də bu yeni əməkdaşlıq formatının mühüm mərhələlərindən biri olub. Çıxışın mühüm istiqamətlərindən biri də dövlətlərin daxili sabitliyinin qorunması məsələsi olub. Prezident İlham Əliyev qeyd edib ki, müxtəlif beynəlxalq mərkəzlərdən dövlətlərin maraqlarını sarsıtmağa yönəlmiş fəaliyyətlər mövcud ola bilər. Bu baxımdan təhlükəsizlik strukturlarının qarşısında duran əsas vəzifələrdən biri dövlətlərin sabitliyinə və milli maraqlarına yönələn riskləri vaxtında müəyyən etmək və onların qarşısını almaqdır. Azərbaycanın təcrübəsi də göstərir ki, milli təhlükəsizliyin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkəmizin son illərdə əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər dövlətçilik institutlarının daha da möhkəmləndirilməsi ilə müşayiət olunur. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar isə onun beynəlxalq və regional təhlükəsizlik məsələlərində rolunu daha da artırıb. Prezident İlham Əliyev çıxışının sonunda TDT ölkələrinin müstəqillik tarixinin nisbətən yeni olmasına baxmayaraq, onların mürəkkəb sınaqlardan keçərək mühüm inkişaf yolu qət etdiyini diqqətə çatdırıb. Qarşıda duran əsas vəzifələr isə birgə fəaliyyətin genişləndirilməsi, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və TDT-nin beynəlxalq arenadakı rolunun gücləndirilməsidir. Azərbaycanın təşəbbüsləri TDT-nin daha güclü və təsirli beynəlxalq təşkilata çevrilməsi məqsədinə xidmət edir. Təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar və mədəni münasibətlərin möhkəmləndirilməsi təşkilatın potensialını daha da artırır. Beləliklə, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər TDT daxilində təhlükəsizlik əməkdaşlığının yeni çağırışlara uyğun şəkildə inkişaf etdirilməsinin vacibliyini ortaya qoyur. Azərbaycan bu prosesdə fəal təşəbbüsləri ilə çıxış etməklə yanaşı, türk dövlətləri arasında qarşılıqlı etimadın, həmrəyliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfələr verir. TDT-nin qarşısında duran əsas hədəflərdən biri isə mövcud imkanlardan səmərəli istifadə etməklə beynəlxalq münasibətlər sistemində daha fəal və koordinasiyalı mövqe formalaşdırmaqdır.

Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər