PDF Oxu

Siyasət

  • 707

Ölkəmizdə sabitlik, sülh və təhlükəsizlik hökm sürür

image

Müasir dünyanın mürəkkəb və sürətlə dəyişən geosiyasi mənzərəsində sabitlik və təhlükəsizlik hər bir dövlət üçün ən mühüm məsələlərdən biridir.
Münaqişələrin, qarşıdurmaların və müxtəlif təhlükələrin mövcud olduğu bir vaxtda dövlətlərin öz ərazilərində sabitliyi qoruması, vətəndaşlarının təhlükəsizliyini təmin etməsi və inkişaf üçün əlverişli şərait yaratması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan bu baxımdan özünün ardıcıl dövlət siyasəti, güclü təhlükəsizlik sistemi və xalq-dövlət birliyi ilə seçilən ölkələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının rəhbərləri ilə görüşündə məhz bu məsələyə xüsusi diqqət yetirib. Dövlət başçısı bildirib ki, bugünkü mürəkkəb dünyada TDT ölkələrinin ərazilərində sabitlik, sülh və təhlükəsizliyin hökm sürməsi təşkilatın uğurlu inkişafının mühüm amillərindən biridir. Prezidentin sözlərinə görə, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil.Çünki təhlükəsizlik yalnız hərbi güc anlayışı ilə məhdudlaşmır. Təhlükəsiz dövlət həm də siyasi sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin və vətəndaşların gələcəyə inamının təmin olunduğu dövlətdir.
Dövlət başçısı qeyd edib ki, hər hansı ölkədə siyasi və iqtisadi sabitlik yoxdursa, həmin ölkəyə investisiyaların, texnologiyaların və innovasiyaların gəlməsi də çətinləşir.
Azərbaycanın son illərdə əldə etdiyi nəticələr bu yanaşmanın əhəmiyyətini göstərir. Ölkədə sabitliyin qorunması iqtisadi layihələrin həyata keçirilməsinə, nəqliyyat və enerji infrastrukturlarının inkişafına, yeni müəssisələrin yaradılmasına və regionların sosial-iqtisadi inkişafına imkan verir.
Bu gün Azərbaycan yalnız öz milli təhlükəsizliyinin təmin edilməsinə deyil, həm də regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına böyük əhəmiyyət verir.
Prezident İlham Əliyevin müxtəlif çıxışlarında dəfələrlə vurğuladığı kimi, Azərbaycan xalqının birliyi ölkənin qarşısında duran ən mühüm vəzifələrin həyata keçirilməsində mühüm rol oynayıb. Ərazi bütövlüyünün və suverenliyin bərpası da Azərbaycan xalqının dövlət ətrafında birləşməsinin tarixi nəticəsi kimi təqdim edilir.
Sentyabrın 15-də dini liderlərlə görüşdə Prezident bu fikri daha geniş şəkildə ifadə edərək Azərbaycan xalqının bir yumruq kimi birləşərək ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etdiyini bildirib. Dövlət başçısı şəhidlərin canı-qanı və Azərbaycan övladlarının qəhrəmanlığı hesabına tarixi ədalətin bərpa olunduğunu vurğulayıb.
Bu gün həmin qələbənin yaratdığı yeni reallıqlar fonunda qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş sülh və sabitliyi qorumaq, ölkənin təhlükəsizlik imkanlarını daha da gücləndirmək və gələcək nəsillər üçün etibarlı dövlət qurmaqdır.
Dövlətin sərhədlərinin qorunması ilə yanaşı, terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, informasiya təhlükəsizliyi və kiberməkanda yaranan yeni təhdidlər də müasir təhlükəsizlik gündəliyinin mühüm hissəsidir.
Məhz buna görə Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev təhlükəsizlik şuralarının rəhbərləri qarşısında bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib və müxtəlif təhlükələrin qarşısının alınması üçün əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb.
Bu əməkdaşlıq yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə Türk dünyasının təhlükəsizliyinə töhfə verə bilər. Ümumi tarix, dil, mədəniyyət və mənəvi bağlarla bir-birinə bağlı olan dövlətlərin təhlükəsizlik sahəsində də qarşılıqlı əməkdaşlığı təbii və strateji əhəmiyyətli istiqamətdir.
Prezident İlham Əliyev qeyd edib ki, bu mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər təşkilatı möhkəmləndirən mühüm amillərdir.
Təşkilatın 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra inkişaf etməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi Türk dövlətləri arasında əlaqələrin institusional əsaslarını gücləndirib.
Prezident İlham Əliyev TDT-nin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə etdiyini bildirib.
Prezident İlham Əliyevin dini liderlərlə görüşündə qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə artıq həyat yenidən canlanır. Dövlət başçısı “Böyük Qayıdış” proqramının həyata keçirildiyini, insanların öz doğma torpaqlarına qayıtdığını bildirib.
Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin bərpası və insanların doğma yurdlarına qayıtması sülhün və sabitliyin real nəticələrinin nümayişidir.
Azərbaycan üçün sülh, təhlükəsizlik və sabitlik davamlı inkişafın əsas şərtləridir. Güclü ordu, təhlükəsizlik strukturlarının peşəkarlığı, iqtisadi dayanıqlıq, milli birlik və vətəndaş həmrəyliyi bu məqsədə xidmət edən mühüm amillərdir.
Azərbaycan bu istiqamətdə öz təhlükəsizlik imkanlarını möhkəmləndirməklə yanaşı, Türk dünyası daxilində əməkdaşlığın və həmrəyliyin inkişafına da töhfə verir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, qarşısında yeni inkişaf imkanları açılmış dövlətdir. Ölkəmizdə sabitliyin və təhlükəsizliyin qorunması iqtisadi inkişafın, sosial rifahın, quruculuq proseslərinin və beynəlxalq əməkdaşlığın əsas şərtlərindən biridir.
Prezident İlham Əliyevin sözləri ilə desək, sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil.
Azərbaycanın əsas məqsədi əldə etdiyi nailiyyətləri qorumaq, sülhü möhkəmləndirmək, təhlükəsizliyi təmin etmək və gələcək nəsillərə güclü, müstəqil və firavan dövlət miras qoymaqdır.

Digər xəbərlər