PDF Oxu

Siyasət

  • 624

Türk dünyası bizim ailəmizdir -ŞƏRH

image

Müasir dövrdə dövlətlər arasında əməkdaşlığın genişlənməsi beynəlxalq münasibətlərdə mühüm əhəmiyyət daşıyır. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat, ticarət və humanitar əlaqələr kimi sahələrdə ölkələrin birgə fəaliyyəti daha vacib xarakter alıb. Bu baxımdan ortaq tarixə, mədəniyyətə və köklərə malik türk dövlətlərinin bir araya gəldiyi Türk Dövlətləri Təşkilatının fəaliyyəti xüsusi diqqət çəkir.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər də təşkilatın artan rolunu aydın şəkildə göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, TDT artıq beynəlxalq gündəliyin mühüm məsələlərinin müzakirə olunduğu və üzv ölkələr arasında əlaqələrin inkişafına xidmət edən nüfuzlu bir təşkilata çevrilib. 2009-cu ildə Naxçıvanda keçirilən tarixi Zirvə görüşündən sonra təşkilatın fəaliyyəti daha da genişlənib, beynəlxalq arenadakı mövqeyi möhkəmlənib.

Bu gün TDT-nin qarşısında geniş imkanlar var. Təşkilata üzv ölkələr böyük coğrafiyada yerləşir və mühüm enerji və nəqliyyat marşrutlarının üzərində qərar tuturlar. Bu marşrutlar yalnız üzv dövlətlər üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət daşıyır. Ona görə də nəqliyyat bağlantılarının inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və ümumi təhlükəsizlik məsələləri TDT-nin gündəliyində mühüm yer tutur. Dünyada baş verən proseslər göstərir ki, enerji təhlükəsizliyi ilə nəqliyyat təhlükəsizliyi bir-birindən ayrı məsələlər deyil. Etibarlı enerji mənbələri və sabit nəqliyyat yolları həm iqtisadi inkişaf, həm də dövlətlərin təhlükəsizliyi üçün vacib şərtlərdir. Türk dövlətlərinin yerləşdiyi coğrafiya isə bu baxımdan böyük imkanlar yaradır. Bu ölkələrin ərazisindən keçən enerji və nəqliyyat xətləri Şərqlə Qərb arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

Azərbaycan da bu prosesdə mühüm mövqeyə malikdir. Ölkəmiz həm öz enerji resurslarını dünya bazarlarına çıxarır, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə gələn enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında iştirak edir. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri ilə sıx əlaqələri bu imkanları daha da genişləndirir.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətləri yalnız təşkilat çərçivəsində aparılan əməkdaşlıqla məhdudlaşmır. İkitərəfli əlaqələr də yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrə çoxsaylı səfərləri, həmin dövlətlərin rəhbərlərinin Azərbaycana səfərləri bunun aydın göstəricisidir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələrin imzalanması isə münasibətlərin yüksək səviyyəsini göstərir.

İqtisadi sahədə də mühüm addımlar atılır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Qarşılıqlı investisiyaların artırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində işlər davam edir. Bütün bunlar göstərir ki, Türk dövlətləri arasında əlaqələr artıq yalnız siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır, iqtisadi əməkdaşlıq da getdikcə genişlənir.

Azərbaycanın xarici siyasətində Türk dünyası ilə münasibətlərin xüsusi yeri var. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Türk dünyası Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biridir. Dövlət başçısının “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikri də bu münasibətin mahiyyətini aydın ifadə edir. Türk Dövlətləri Təşkilatını fərqləndirən əsas cəhətlərdən biri də məhz bu yaxınlıqdır. Təşkilata üzv dövlətləri yalnız siyasi və iqtisadi maraqlar birləşdirmir. Ortaq tarix, dil, mədəniyyət, adət-ənənələr və etnik köklər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu mənəvi bağlar dövlətlər arasında əməkdaşlığın daha möhkəm əsas üzərində qurulmasına imkan verir.

Dünyada müxtəlif məqsədlərlə fəaliyyət göstərən çoxsaylı beynəlxalq təşkilatlar var. Lakin ortaq tarixi və mədəni köklərə malik dövlətlərin belə bir platformada bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır. Çünki burada yalnız dövlətlərarası münasibətlərdən deyil, xalqlar arasında əsrlər boyu formalaşmış yaxınlıqdan söhbət gedir. Bu yaxınlıq TDT-nin gələcək inkişafı üçün də mühüm imkan yaradır.

Tural Tarverdiyev,

Salyan rayon Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçisi, YAP fəalı

Digər xəbərlər