PDF Oxu

Siyasət

  • 728

Türk dünyasının təhlükəsizlik və həmrəylik gündəliyi -ŞƏRH

image

Türk Dövlətləri Təşkilatı son illərdə beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirən, üzv və müşahidəçi ölkələr arasında siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verən təsisat kimi diqqət çəkir. Bu baxımdan Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər təşkilatın qarşısında dayanan vəzifələrə, mövcud imkanlara və çağırışlara dair mühüm mesajlarla zəngindir.
Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmək üçün malik olduğu potensialdan maksimum istifadə etməsinin vacibliyidir. Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni təhlükəsizlik çağırışlarının meydana çıxdığı bir şəraitdə dövlətlər arasında koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin yanaşmasına görə, türk dövlətlərinin qarşılıqlı etimad və əməkdaşlıq müstəvisində birgə fəaliyyət göstərməsi onların ümumi maraqlarının qorunmasına və beynəlxalq müstəvidə daha fəal rol oynamasına imkan yaradır.
Azərbaycan Prezidenti qeyd edib ki, türk dövlətlərinin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bu amil təşkilat daxilində əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mühüm zəmin yaradır. Eyni zamanda ictimai asayiş, müxtəlif terror təhdidləri və digər təhlükəsizlik məsələləri ilə bağlı vəziyyətin nəzarətdə saxlanılması dövlətlərin qarşılıqlı təcrübə mübadiləsini və birgə fəaliyyətini daha da aktuallaşdırır. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Terrorizm, radikallaşma, transmilli cinayətkarlıq, kiber təhdidlər və müxtəlif ideoloji təsirlər dövlətlərin qarşısında yeni vəzifələr yaradır.
Bu baxımdan Prezident İlham Əliyevin “zəif yerlərimizin harada olduğunu müəyyənləşdirmək faydalı olacaq” fikri xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsi üçün mövcud imkanlarla yanaşı, potensial risklərin də əvvəlcədən müəyyən edilməsi vacibdir. Qarşılıqlı məlumat mübadiləsi, təhlükəsizlik strukturları arasında əlaqələrin genişləndirilməsi və birgə təcrübənin öyrənilməsi gələcək çağırışlara daha çevik reaksiya verməyə imkan verə bilər.
Dövlət başçısının çıxışında diqqət çəkən digər mühüm məqam bugünkü təhdidlərin təkcə fiziki və ya hərbi xarakter daşımaması ilə bağlıdır. Prezident İlham Əliyev müasir dövrdə təhdidlərin ideoloji xarakter daşıdığını vurğulayıb. Bu isə informasiya məkanında, xüsusilə də gənclər arasında aparılan işin əhəmiyyətini artırır. Müasir texnologiyalar və sosial media informasiya mübadiləsini sürətləndirdiyi kimi, müxtəlif ideoloji təsirlərin yayılması üçün də imkanlar yaradır. Ona görə də türk dövlətlərinin təhlükəsizlik üzrə əməkdaşlığında gənclərlə iş, maarifləndirmə və sağlam informasiya mühitinin formalaşdırılması mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilə bilər.
Prezident İlham Əliyev gənclərin təşkilatların qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməsinin vacibliyini də qeyd edib. Türk dövlətlərinin gənc nəsli arasında əlaqələrin genişləndirilməsi yalnız bu günün deyil, gələcəyin əməkdaşlıq modelinin formalaşdırılması baxımından da əhəmiyyətlidir. Gənclər arasında mübadilə proqramları, birgə təhsil və mədəni layihələr, elmi əməkdaşlıq, idman və digər sahələrdə qarşılıqlı fəaliyyət ortaq dəyərlərin daha yaxından tanınmasına xidmət edir.
Türk dünyasını birləşdirən amillər isə yalnız müasir siyasi və iqtisadi maraqlardan ibarət deyil. Ortaq tarix, mədəniyyət, dil yaxınlığı və mənəvi dəyərlər əsrlər boyu formalaşmış möhkəm bağların əsasını təşkil edir. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” fikri də bu münasibətlərin mahiyyətini ifadə edir. Dövlətlərarası əlaqələrin institusional əsaslarının gücləndirilməsi ilə yanaşı, xalqlar arasında tarixi və mənəvi bağların qorunması Türk Dövlətləri Təşkilatının inkişafında mühüm rol oynayır.
Azərbaycan ilə digər türk dövlətləri arasında mədəni əlaqələrin konkret nümunələri də bu ortaq irsin canlılığını nümayiş etdirir. Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsinin ucaldılması, Daşkənddə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin olması iki xalq arasında ədəbi və mədəni bağların dərinliyini göstərir. Bu cür nümunələr ortaq mədəni irsin yalnız keçmişin yadigarı olmadığını, müasir münasibətlərin də mühüm dayaqlarından biri olduğunu təsdiqləyir.
Türk dövlətləri arasındakı əməkdaşlığın mühüm istiqamətlərindən biri də enerji və nəqliyyat sahəsidir. Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkə, həm də Mərkəzi Asiya dövlətlərindən Xəzər vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara tranzitində iştirak edən mühüm tərəfdaşdır. Xəzər hövzəsi ilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa istiqamətləri ilə əlaqələndirən layihələr türk dövlətlərinin iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir. Bu baxımdan enerji təhlükəsizliyi ilə yanaşı, nəqliyyat və logistika əlaqələrinin inkişafı da qarşılıqlı iqtisadi inteqrasiyanın əsas istiqamətlərindən biri kimi çıxış edir.
Türk dövlətlərinin üstünlüklərindən biri də onların demoqrafik potensialıdır. Prezident İlham Əliyev ölkələrin əhalisinin gənc olmasının və demoqrafik vəziyyətin müsbət istiqamətdə inkişaf etməsinin mühüm üstünlük olduğunu bildirib. Gənc əhali əmək bazarının, innovasiyaların, elm və təhsilin inkişafı üçün böyük potensial yaradır. Bu potensialın səmərəli istifadəsi isə dövlətlər arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsini, gənclərin müasir çağırışlara uyğun hazırlanmasını zəruri edir.
Çıxışda Azərbaycan-Türkiyə münasibətlərinə də xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin xüsusi yerə və rola malik olduğunu vurğulayıb. İki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan münasibətlər türk dünyasında əməkdaşlığın mühüm nümunələrindən biri kimi çıxış edir. Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və humanitar sahələrdə inkişaf edən əlaqələr regional proseslərə də təsir göstərən amillər sırasındadır.
Azərbaycanın digər türk dövlətləri ilə münasibətləri də davamlı şəkildə inkişaf edir. Özbəkistanla əbədi dostluq haqqında müqavilənin imzalanması iki ölkə arasında münasibətlərin strateji xarakterini və gələcəyə hesablanmış əməkdaşlıq iradəsini nümayiş etdirən mühüm addımlardan biridir. Azərbaycan-Qazaxıstan münasibətlərində də siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, ölkələr bundan sonra da fəal qarşılıqlı fəaliyyət göstərərək xalqların rifahına xidmət edən layihələri həyata keçirə bilərlər.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüquq məsələsinə də toxunulması müasir dünya nizamında baş verən proseslərin mürəkkəbliyini göstərir. Beynəlxalq münasibətlərdə qəbul olunmuş prinsiplərin ardıcıl şəkildə tətbiq edilməsinin vacibliyi təhlükəsizlik və sabitliyin təmin olunması baxımından mühüm amildir. Bu kontekstdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və milli maraqlarına hörmət beynəlxalq münasibətlərin əsas prinsipləri sırasında qalır.
Türk Dövlətləri Təşkilatının gücü həm də onun üzv ölkələri arasında mövcud olan çoxşaxəli bağlardan qaynaqlanır. Mənəvi birlik, mədəniyyətlərin və dillərin yaxınlığı, ümumi etnik köklər təşkilat daxilində əməkdaşlığın sosial və humanitar əsaslarını möhkəmləndirir. Bu ortaq dəyərlərin müasir siyasi, iqtisadi və təhlükəsizlik mexanizmləri ilə tamamlanması Türk Dövlətləri Təşkilatının beynəlxalq sistemdə rolunun daha da inkişaf etməsinə şərait yaradır.
Beləliklə, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı türk dövlətləri arasında əməkdaşlığın çoxşaxəli xarakterini bir daha ortaya qoyur. Təhlükəsizlikdən iqtisadiyyata, enerjidən nəqliyyata, gənclər siyasətindən mədəniyyətə qədər geniş sahələri əhatə edən əməkdaşlıq gündəliyi təşkilatın qarşısında yeni imkanlar açır. Bu prosesdə qarşılıqlı etimadın, həmrəyliyin və ortaq dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır.
Türk dünyasının qarşısında dayanan əsas vəzifələrdən biri mövcud potensialı konkret layihələr və davamlı əməkdaşlıq mexanizmləri ilə daha da gücləndirməkdir. Dövlətlərin təhlükəsizlik sahəsində bir-birinin təcrübəsindən faydalanması, gənclər arasında əlaqələrin genişləndirilməsi, iqtisadi və enerji potensialının birgə imkanlara çevrilməsi, mədəni irsin qorunması və beynəlxalq müstəvidə koordinasiyanın artırılması bu istiqamətdə mühüm addımlar ola bilər. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər də məhz belə bir əməkdaşlıq modelinin – ortaq tarixdən güc alan, müasir çağırışlara birlikdə cavab verən və gələcəyə yönələn Türk dünyasının formalaşmasının əhəmiyyətini göstərir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər