Türk Dövlətləri Təşkilatını (TDT) dünyadakı bir çox beynəlxalq qurumlardan fərqləndirən və ona xüsusi güc bəxş edən bənzərsiz amil üzv ölkələrin ümumi etnik köklərə, oxşar dillərə, zəngin mədəniyyətə və vahid mənəvi dəyərlərə sahib olmasıdır. Beynəlxalq təşkilatların siyahısına nəzər saldıqda, belə dərin mənəvi və tarixi köklərə dayanan qurumlara çox nadir hallarda rast gəlinir. Prezident İlham Əliyevin TDT təhlükəsizlik şuraları katiblərinin 5-ci iclasının iştirakçıları ilə görüşündə xüsusi vurğuladığı 'Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur' konsepti bu birliyin fəlsəfi və strateji təməlini təşkil edir.
Müasir dünyada təhlükəsizlik anlayışı yalnız hərbi və ya fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır. Hazırkı reallıqlarda ideoloji təhlükəsizlik, informasiya məkanının mühafizəsi və kənar təsir mərkəzlərindən yönəldilən gərginliklərin qarşısının alınması həyati əhəmiyyət daşıyır. Müəyyən xarici mərkəzlərdən maliyyələşən media strukturları və sosial şəbəkə platformaları vasitəsilə Türk dövlətlərinin daxili sabitliyini sarsıtmaq, cəmiyyətdə yad narrativlər formalaşdırmaq və milli-mənəvi dəyərləri aşınmaya uğratmaq cəhdləri müşahidə edilir. Bu cür xain və antimilli təxribatlara qarşı cəmiyyətlərimizin sarsılmaz milli özünüdərki və dövlət institutlarının fəal profilaktik mübarizəsi ən effektiv cavabdır.
İdeoloji təhlükəsizliyin və milli birliyin davamlılığını təmin edən ən mühüm amil isə gənc nəslin tərbiyəsidir. Xarici təxribatçı mərkəzlər öz əsas hədəfləri kimi hələ tam formalaşmamış və manipulyasiyaya daha açıq olan gəncləri seçirlər. Məhz buna görə də Prezident İlham Əliyev TDT çərçivəsində gənclər siyasətinə xüsusi diqqət yetirilməsini, gənclər təşkilatlarının sıx əməkdaşlıq etməsini, müntəzəm forumlar, konfranslar və birgə layihələr keçirilməsini tövsiyə etmişdir. Gənc vətəndaşlarımız bir-biri ilə sıx ünsiyyətdə olmalı, qardaş xalqlara tarixi və mənəvi bağlılıq ruhunda yetişməlidirlər.
Türk dövlətlərinin demoqrafik üstünlüyü - gənc və artan əhali strukturu gələcək tərəqqinin böyük imkanıdır. Bir çox Avropa və Asiya ölkələrində əhalinin qocalması və azalması böhran səviyyəsinə çatdığı halda, TDT məkanında dinamik əhali artımı müşahidə olunur. Bu üstünlüyü düzgün iqtisadi siyasət, keyfiyyətli təhsil, sosial infrastruktur və vətənpərvərlik tərbiyəsi ilə birləşdirdikdə Türk dünyası qlobal rəqabətdə məğlubedilməz gücə çevrilir.
Mədəni-mənəvi həmrəyliyin digər parlaq təzahürü xalqlarımızın dahi şəxsiyyətlərinin irsinə göstərilən ehtiramdır. Daşkənddə Nizami Gəncəvinin, Bakıda Əlişir Nəvainin abidələrinin ucaldılması, Qarabağda Kurmanqazı adına İncəsənət Mərkəzinin fəaliyyət göstərməsi ortaq mənəvi xəzinəmizin əbədi yaşamasını təmin edir. Türk Dövlətləri Təşkilatı milli və mənəvi prinsiplərə sadiqlik göstərərək, öz gələcəyini kökləri üzərində inşa edir və öz özünəməxsusluğuna əsaslanan bu birlik gələcəyə daha inamla addımlayır.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri