Prezident İlham Əliyev: “Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır”
İqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayan Azərbaycan yeni qlobal reallıqlar fonunda özünün inkişaf mərhələsindədir. Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini təmin etməkdədir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına təkan vermişdir. “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib. Düzdür, bu layihələrin icrası bu gün də davam edir. Çünki əhali artır, məşğulluq artır, iqtisadiyyat artır. Ona görə bu proqramlar statik vəziyyətdə deyil, daim o proqramlara əlavələr edilməlidir və bu gün dövlət investisiya proqramlarında, hər il qəbul etdiyimiz proqramlarda bölgələrin inkişafı xüsusi yer tutur.” Bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib. Dövlət başçımız onu da bildirib ki, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq. “Bizim öz imkanlarımız çox məhdud idi. Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı”, - deyə Prezident bildirib.
Son illərdə Azərbaycan Respublikasında müvafiq sahənin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Bu çərçivədə, Gəncə şəhərində alüminium istehsalı müəssisəsinin fəaliyyəti təmin edilmiş, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əlvan və qiymətli metal yataqları sənaye istismarına cəlb olunmuşdur. Eyni zamanda, Daşkəsən rayonunda Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) və Gədəbəy rayonunda Filiz Emalı Zavodu istifadəyə verilmiş, işğaldan azad edilmiş ərazilərdə yerləşən Dəmirli mədən-filiz yatağında mis konsentratının istehsalına başlanılmışdır.
“QƏBUL EDİLƏCƏK BU YENİ PROQRAM, EYNİ ZAMANDA, BİZİM REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINA DAİR GÜNDƏLİYİMİZİ ƏKS ETDİRİR”
Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rola malikdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın hər bölgəsinə səfəri ölkəmizin sosial-iqtisadi inkişafına böyük təkandır. Yeni müəsissələrin açılışı, təməlqoyma mərasimləri, yol infrastrukturunun müasirləşməsi və s. ölkəmizin uğurlu inkişafına söykənən amillərdir. Paytaxtla yanaşı, regionlarımıza yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrimizin iqtisadi potensialının daha da möhkəmləndirilməsində çox böyük rol oynayır.Bildiyimiz kimi, dövlət başçısı “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” nın hazırlanması üçün cari ilin aprelin əvvəlində Sərəncam imzalamışdı. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri aparılıb. Prezident İlham Əliyev 23 illik fəaliyyəti dövründə Azərbaycanın sürətli inkişafı və beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində misilsiz işlər görmüşdür. Onun rəhbərliyi ilə iqtisadiyyat daha da güclənmiş, regional və qlobal miqyasda Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artmış, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda qazanılan zəfərlər dövlətçilik tariximizin ən şərəfli səhifələrini təşkil etmişdir. Təbii ki, hər bir ölkənin iqtisadiyyatı və eləcə də dünya iqtisadiyyatının inkişafı təbii ehtiyatların istehsalının səviyyəsindən asılıdır. Dünya iqtisadiyyatı üçün zəruri olan təbii ehtiyatlar müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Sənayenin dirçəlişi və məhsuldar qüvvələrin inkişafında yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir.
Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədi daşıyır. “Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027–2030-cu illərdə proqram tam icra edilməlidir”, - deyə Prezident İlham Əliyev deyib. Dövlətimizin başçısı bildirib ki, qəbul ediləcək bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir.
“AZƏRBAYCANDA DAĞ-MƏDƏN SƏNAYESİ HƏM OBYEKTİV, HƏM SUBYEKTİV SƏBƏBLƏRƏ GÖRƏ LAZIMİ SƏVİYYƏDƏ İNKİŞAF ETMƏYİB”
Dövlət Proqramının “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının 1.1-ci bəndində nəzərdə tutulan “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsində əhatə olunmasını təmin etməlidir. Dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınmasını, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizminin müəyyən olunmasını təmin olunacaq. Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi”.
Prezident, həmçinin əlavə edib ki, sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. “Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur”, - deyən dövlətimizin başçısı əlavə edib: “Zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir”.
“QƏRB SƏNAYE PARKININ YARADILMASININ ƏSAS MƏQSƏDİ MƏHZ DAĞ-MƏDƏN SƏNAYESİNİN İNKİŞAFIDIR”
Qloballaşan dünyamızda dağ-mədən sənayesi hazırda aparıcı sahələrdən birinə çevrilmişdir. Bu sahənin aparıcı qolu olan metallurgiyanın Azərbaycanda qədim ənənələri olmuşdur. Ölkəmizin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammaldan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətləri və bəzək əşyalarının tapılması bu ərazidə hələ eramızdan əvvəl dağ-mədən işlərinin aparılmasına dəlalət edir. Buna görə də haqlı olaraq Azərbaycan qədim metallurgiyanın beşiklərindən biri hesab olunur. Mənbələrə əsasən burada orta əsrlərdə qızıl, mis və qurğuşun istehsal olunmuşdur. Dağ-mədən işləri aparılmasının sonrakı mərhələsi XIX əsrin ikinci yarısına təsadüf edir. Sənəddə qeyd olunduğu kimi, ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılmış, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilmişdir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilmiş, müasir emal infrastrukturu qurulmuşdur. Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirmişdir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır. Prezidentin bildirdiyi kimi, “Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi.
Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. Çünki “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir”.
“BEŞ MİNDƏN ÇOX DAİMİ İŞ YERLƏRİNİN AÇILMASI NƏZƏRDƏ TUTULUR”
Prezidentimizin rəhbərliyi ilə son illərdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, yeni istehsal sahələri yaradılır, mövcud müəssisələr genişləndirilir, bunun nəticəsində investisiya və ixrac imkanları artır, yeni iş yerləri yaranır. “Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”, - deyə Prezident bildirib. Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır. Dövlət Proqramı Azərbaycanın mineral resurslarından daha səmərəli istifadə etmək, dağ-mədən, metal filizləri və metallurgiya sənayesini yeni mərhələyə çıxarmaq məqsədi daşıyır. Xammalı yalnız hasil etmək deyil, onu ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır. Proqramın icrası nəticəsində istehsal və ixrac imkanlarının genişləndirilməsi, idxalın əvəzlənməsi, yeni sənaye zəncirlərinin yaradılması və sektorun rəqabət qabiliyyətinin artırılması üçün ciddi imkanlar yaranacaq.
Zümrüd BAYRAMOVA