Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkəmizin iqtisadi potensialı ilə yanaşı, işğal dövründə erməni vandalizminə məruz qalmış təbii resurslarımız və ekoloji terror məsələləri də xüsusi vurğulanıb.
Ekoloji fəlakət zonası
Qarabağ və Şərqi Zəngəzur regionu tarixən Azərbaycanın ən zəngin meşə massivlərinə, unikal flora və faunasına malik olan strateji bölgələridir. Bu ərazilərdəki meşələr təkcə təbiətin bəzəyi deyil, eyni zamanda bütün regionun ekoloji balansını tənzimləyən əvəzolunmaz su hövzəsi və hava filtri rolu oynayır.
Bölgədəki sıx meşə örtüyü torpaq erosionunun qarşısını alır, şirin su mənbələrinin-Xəkəri, Tərtər, Bazarçay kimi çayların su rejimini sabit saxlayır və minlərlə nadir bitki və heyvan növü üçün təbii sığınacaq yaradır. Meşələrin sıradan çıxarılması isə təkcə ağacların kəsilməsi deyil, regionun bütün ekosisteminin və su balansı zəncirinin pozulması deməkdir.
Ölkə başçısı çıxışında Ermənistanın onilliklər boyu həyata keçirdiyi işğalçılıq siyasətinin təkcə hərbi və siyasi təcavüzlə bitmədiyini, eyni zamanda böyük ekoloji cinayət və resurs talançılığı ilə müşayiət olunduğunu bildirib. Xüsusilə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında yerləşən yaşallıqlara və meşə massivlərinə vurulan zərər misli görünməmiş ölçülərdədir: Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb.
Dövlət başçısı Vətən müharibəsindəki məğlubiyyətdən sonra erməni silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonlarından çıxması üçün verilmiş 2-3 həftəlik vaxt ərzində törədilən barbarlığı da xüsusi xatırladaraq həmin dövrdə də düşmənin meşələri şüurlu şəkildə yandıraraq ekoloji fəlakət zonasına çevirməyə çalışıb.
Təkcə meşələr deyil…
İşğal illərində təkcə meşələr deyil, Azərbaycanın qızıl, mis və molibden kimi qiymətli metal yataqları da qanunsuz şəkildə talan olunub. Müşavirədə qeyd edilib ki, işğaldan azad edilmiş Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində yerləşən həmin yataqların müasir geoloji kəşfiyyat üsulları ilə yenidən qiymətləndirilməsi və istismarı artıq diqqət mərkəzindədir.
Regionun yaşıl zonaya çevrilməsi əsas prioritetlərdən biridir
Azərbaycan dövləti hazırda azad olunmuş torpaqlarda hıyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində həm meşə fondunun və ekosistemin bərpası, həm də təbii resursların ölkə iqtisadiyyatına səmərəli şəkildə qazandırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirir. Ermənistanın vurduğu ekoloji ziyanın aradan qaldırılması və regionun yaşıl zonaya çevrilməsi əsas prioritetlərdən biridir.
Mətanət Məmmədova