Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı üçün mühüm işlər görülür
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi.
Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev aprelin 1-də Xətai rayonunun Əhmədli kəndində və Nizami rayonunun Keşlə qəsəbəsində olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırlanmış sxem əsasında Əhmədli kəndində asfalt örtüyü döşənməsinə ehtiyac olan küçələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Azərbaycan Prezidentinin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə dövlət başçısının verdiyi tapşırıqlar Bakıətrafı kənd və qəsəbələrin hamısında icra olunmağa başlamışdır. Xətai rayonunun 15 min sakini olan Əhmədli kəndində 24 min kvadratmetr yol sahəsinə yeni asfalt döşənib. Əhmədli kəndində məhəllədaxili yolların 40 min kvadratmetrlik hissəsinə isə yeni asfalt örtüyünün döşənəcəyi qeyd olundu. Bundan başqa kəndin küçələrində müasir işıqlandırma sistemi qurulacaq, kanalizasiya xətləri çəkiləcəkdir. Qeyd edildi ki, kəndin infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələr şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramına salınacaqdır. Əhmədli kəndində müasir xəstəxana və yeni kitabxana binalarının inşa ediləcəyi də nəzərdə tutulub. Kənddə həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olan dövlətimizin başçısı sakinlərlə görüşdü.
Əhmədli kəndinin sakinləri ilə görüşdən sonra Prezident İlham Əliyev Nizami rayonunun Keşlə qəsəbəsinə gəldi. Keşlə qəsəbəsinin sxemi əsasında da asfalt örtüyünün döşənməsinə ehtiyac olan küçələr barədə dövlətimizin başçısına məlumat verildi.
Keşlə qəsəbəsində də abadlıq və quruculuq tədbirlərinə yolların əsaslı təmiri ilə başlanılıb. Yararsız vəziyyətdə olan qəsəbədaxili yolların 18 min 200 kvadratmetrlik hissəsinə artıq asfalt döşənib. Yolların qalan 55 min kvadratmetrlik hissəsinə isə yeni asfalt örtüyünün döşənəcəyi qeyd olundu. Keşlə qəsəbəsində də küçələrin işıqlandırılmasına, su və kanalizasiya sisteminin yenidən çəkilməsinə başlanılacaqdır. Dövlətimizin başçısının tapşırığı ilə qəsəbənin "Qafqaz" yaşayış massivində 600 şagird yerlik yeni məktəb binası inşa olunacaqdır. Qəsəbədə müasir xəstəxana binasının və təcili yardım stansiyasının tikiləcəyi də nəzərdə tutulur. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev Keşlə qəsəbəsinin sakinləri ilə görüşdü. Qəsəbə sakinləri Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.