Bilik yarışı Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının və Orxan Cabbarov adına Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziya ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Keçirilən yarışda Tovuz rayon Orxan Cabbarov adına Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətov, YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, ərazi partiya təşkilatının sədri Sevinc Cəfərova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İlk öncə çıxş edən Orxan Cabbarov adına Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətov bilik yarışının keçirilməsinin əhəmiyyətindən danışıb. O, bu cür intellektual yarışların şagirdlərin dünyagörüşünün, bilik və bacarıqlarının artırılmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd edib və iştirakçı komandalara uğurlar arzulayıb.
Çıxış edən YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov 27 Sentyabr – Anım Gününün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaət nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Çıxışında şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, qazilərimizə şəfa diləyib.
Daha sonra bilik yarışına start verilib. Bir neçə komandadan ibarət olan yarışda şagirdlər müxtəlif mövzular üzrə sualları cavablandırıb, öz bilik və dünyagörüşlərini nümayiş etdiriblər. İştirakçılar arasında maraqlı və gərgin mübarizə müşahidə olunub. Yarışın gedişində şagirdlərin fəallığı, çevik düşünmə və düzgün cavab vermək bacarıqları diqqət çəkib.
Sonda yarışın nəticələri elan olunub. Qalib komandalar kubok və diplomlarla təltif ediliblər. İştirakçılara gələcək təhsil həyatlarında uğurlar arzulayan təşkilatçılar bu cür maarifləndirici və intellektual tədbirlərin keçirilməsinin davam etdiriləcəyini bildiriblər.