“Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Müşavirədə yeni Dövlət Proqramı 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesində yeni istehsal zəncirlərinin yaradılması, minlərlə yeni iş yerinin açılması və qeyri-neft ixracının genişləndirilməsinin hədəflərindən bəhs edilib.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkə başçısının da müşavirədə vurğuladığı kimi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində yeni mərhələ başlayır: “Ölkənin zəngin mineral resurslarının iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi, hasilatdan emala qədər tam istehsal zəncirinin yaradılması və regionlarda yeni sənaye mərkəzlərinin formalaşdırılması dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramının əsas xəttini təşkil edir.
2027–2030-cu illəri əhatə edən proqramın qarşıya qoyduğu hədəflər təkcə yeni yataqların istismarı ilə məhdudlaşmır. Burada daha böyük məqsəd – Azərbaycanın təbii resurslarını yüksək əlavə dəyər yaradan sənaye məhsullarına çevirmək, qeyri-neft sektorunun çəkisini artırmaq və ölkənin ixrac imkanlarını genişləndirməkdir. Sözsüz ki, dağ-mədən sənayesi kapitaltutumlu sahədir. Böyük ilkin investisiyalar tələb etməsinə baxmayaraq, sektorun uzunmüddətli iqtisadi potensialı yüksək qiymətləndirilir. Dövlət Proqramının icrası nəticəsində beş mindən çox daimi iş yerinin yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması və istehsal zəncirinin genişləndirilməsi nəzərdə tutulur”.
Deputat vurğulayıb ki, burada əsas məsələ yalnız filizin hasil edilməsi deyil: “Müasir iqtisadiyyatın tələbi xammalın daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsidir. Bu səbəbdən yeni yanaşmada hasilat, zənginləşdirmə, emal və hazır məhsul istehsalı bir-birini tamamlayan mərhələlər kimi nəzərdən keçirilir. Bu model reallaşarsa, faydalı qazıntıların ölkədən xammal kimi çıxarılması əvəzinə, onların əhəmiyyətli hissəsinin Azərbaycan daxilində emal olunması mümkün olacaq. Nəticədə sənaye istehsalı, ixrac gəlirləri və büdcə daxilolmaları üçün əlavə imkanlar yaranacaq.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilər xüsusi yer tutur. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara verilməsi qarşıdakı dövrün əsas layihələri sırasındadır. Bu ərazilərdə görüləcək işlərin əhəmiyyəti yalnız hasilat göstəriciləri ilə ölçülmür. Faydalı qazıntı yataqlarının istismarı regionlarda yeni istehsal müəssisələrinin, logistika imkanlarının və xidmət sahələrinin yaranmasına təkan verə bilər. Bu isə Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi reinteqrasiyasına əlavə impuls verən amillərdən biri ola bilər. Təbii ki, Azərbaycanın mineral resurs potensialı yalnız artıq məlum olan yataqlardan ibarət deyil. İşğaldan azad edilmiş ərazilərlə yanaşı, qonşu rayonlarda da geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur.
Müasir geoloji texnologiyaların tətbiqi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni metodlar əvvəllər kifayət qədər araşdırılmamış ərazilərdə ehtiyatların müəyyənləşdirilməsinə, yataqların strukturunun daha dəqiq öyrənilməsinə və investisiya qərarlarının daha etibarlı məlumat bazası əsasında qəbul edilməsinə şərait yarada bilər.
Bu prosesdə dövlətlə yanaşı, özəl və xarici investorların iştirakı da nəzərdə tutulur. Beləliklə, geoloji kəşfiyyat kimi yüksək maliyyə və texnoloji resurs tələb edən istiqamətdə müxtəlif investisiya mənbələrinin bir araya gətirilməsi üçün imkan yaradılır.
Mineral resurslar baxımından diqqət çəkən digər region Naxçıvan Muxtar Respublikasıdır. Naxçıvanda geoloji kəşfiyyat işlərinin yeni mərhələyə keçirilməsi nəzərdə tutulur. Burada məqsəd mövcud məlumatların yenilənməsi və yeni yataqların aşkar edilməsidir”.
Sevinc Hüseynova vurğulayıb ki, yeni sənaye siyasətinin mühüm elementlərindən biri də Qərb Sənaye Parkıdır: “Parkın yaradılmasının əsas məqsədi dağ-mədən sənayesində hasilatdan son məhsula qədər uzanan istehsal zəncirinin formalaşdırılmasıdır.
“Daşkəsən” filiz yatağının istismarı və regionda həyata keçirilməsi nəzərdə tutulan digər layihələr bu sənaye məkanının yaradılmasını şərtləndirən əsas amillərdəndir.
Qərb Sənaye Parkında zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı müəssisələrinin yaradılması planlaşdırılır. Beləliklə, filizin çıxarılması ilə yanaşı, onun emalı və metallurgiya məhsullarına çevrilməsi üçün ölkə daxilində sənaye infrastrukturu formalaşdırılacaq.
2027–2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr nəticəsində beş mindən çox yeni daimi iş yerinin yaradılması, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artırılması, ixrac imkanlarının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin təmin olunması gözlənilir.
Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ayrı-ayrı yataqların istismarı planından daha geniş məzmun daşıyır”