"Azərbaycanda daha bir mötəbər beynəlxalq tədbir keçirilir. Bakıda IV Təhlükəsizlik Forumu təşkil olunub və Prezident İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb. Bu müraciət olduqca önəmlidir".Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.Onun sözlərinə görə,son illərdə Azərbaycan müxtəlif mövzularda beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Siyasi, geosiyasi və iqtisadi məsələlərlə yanaşı, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik və digər istiqamətlər üzrə də beynəlxalq forumların Azərbaycanda keçirilməsi ölkənin bu sahələrdə əməkdaşlığa verdiyi əhəmiyyəti göstərir:"Prezidentin forum iştirakçılarına müraciətində də qeyd olunan məqamlar göstərir ki, Azərbaycan beynəlxalq təhlükəsizlik məsələlərində öz rolunu və töhfəsini artırmağa çalışır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə Cənubi Qafqazda müxtəlif istiqamətlər üzrə əməkdaşlıq üçün yeni imkanların yarandığını müşahidə edirik.Bu gün siyasi və hərbi təhlükəsizliklə yanaşı, iqtisadi, enerji, qida, rəqəmsal və kibertəhlükəsizlik məsələləri də mühüm əhəmiyyət daşıyır. Postmünaqişə dövründə Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq baxımından artan rolu ölkəni müxtəlif beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətli tərəfə çevirib.Hazırda təhlükəsizlik məsələləri heç bir ölkənin sərhədləri daxilində məhdudlaşmır. Bir ölkədə və ya regionda yaranan qeyri-sabitlik qısa müddətdə qonşu dövlətlərə və daha geniş coğrafiyaya təsir göstərə bilər. Eyni vəziyyət enerji, kibertəhlükəsizlik, nəqliyyat və digər sahələrə də aiddir. Buna görə də təhlükəsizlik məsələlərinə regional və qlobal əməkdaşlıq müstəvisində yanaşmaq zəruridir.Azərbaycanın yerləşdiyi coğrafiya bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şimal istiqamətində Rusiya-Ukrayna müharibəsi davam edir, Yaxın Şərqdə isə müxtəlif tərəflər arasında gərginlik və hərbi eskalasiya müşahidə olunur. Belə bir mürəkkəb geosiyasi şəraitdə Cənubi Qafqazın sabitliyinin qorunması regional təhlükəsizlik baxımından əhəmiyyətlidir.Bakı Təhlükəsizlik Forumunun əhəmiyyəti də məhz bu kontekstdə qiymətləndirilə bilər. Müxtəlif ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndələrinin Azərbaycanda bir araya gəlməsi regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsinə, informasiya mübadiləsinə və əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaradır.Forum çərçivəsində Cənubi Qafqaz, Xəzər dənizi və daha geniş Avrasiya məkanının qarşılaşa biləcəyi təhlükələr, bu risklərin qarşısının alınması yolları, təhlükəsizlik və kəşfiyyat orqanları arasında informasiya mübadiləsi və əməkdaşlıq məsələlərinin müzakirə olunması xüsusi əhəmiyyət daşıyır.Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif tərəfdaşlarla əməkdaşlıq qurmağa çalışmasıdır. Ölkəmiz müxtəlif güc mərkəzləri ilə siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əlaqələr saxlayır. Bu da Azərbaycanın müxtəlif tərəflər arasında dialoq və əməkdaşlıq imkanlarının formalaşmasında rol oynamasına şərait yaradır.Bu baxımdan Bakıda Təhlükəsizlik Forumunun keçirilməsi Azərbaycanın yalnız siyasi, diplomatik, iqtisadi və nəqliyyat-kommunikasiya sahələrində deyil, həm də təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi və əməkdaşlıq platforması kimi mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətli hadisədir. IV Bakı Təhlükəsizlik Forumu da göstərir ki, təhlükəsizliyin həm regional, həm də qlobal aspektlərinin müzakirəsi üçün Azərbaycan mühüm platformalardan birinə çevrilməkdədir".
Müəllif: Günel Fərzəliyeva