PDF Oxu

Siyasət

  • 541

Yasamal rayonunda 27 Sentyabr-Anım Günü ilə əlaqədar görüş keçirilib - ŞƏRH

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 27 Sentyabr-Anım Günü ilə əlaqədar görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin gənc tələbələri iştirak edib.

YAP Yasamal rayon təşkialtında baş tutan görüşdə ilk öncə Yasamal Rayon Şəhidləri Xatirə Kompleksi ziyarət olunub. Ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olan qəhramanlarımızın əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək gül dəstələri düzülüb. Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Görüşdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Azərbaycanın müasir dövlətçilik tarixində ordu quruculuğu siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. O qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsi gələcəkdə müstəqil Azərbaycanın güclü ordusunun formalaşması üçün mühüm zəmin yaradıb. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Ulu Öndərin müstəqilliyin ilk illərində xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra nizami və güclü Milli Ordunun yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilərək Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara uyğunlaşdırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə və yüksək döyüş qabiliyyətinə malik orduya çevrilməsinə imkan verib. YAP Yasamal rayon təşkilatının sədri diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu öz gücünü və peşəkarlığını nümayiş etdirərək 44 gün ərzində torpaqlarımızın işğaldan azad edib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub və dövlətimizin suverenliyi bütün ölkə ərazisində bərpa edilib. Bu tarixi Zəfərin təməlində dövlətimizin uzun illər ərzində həyata keçirdiyi ardıcıl siyasət, xalqımızın birliyi və əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı dayanır. Bəxtiyar Nəbiyev qeyd edib ki, 27 Sentyabr – Anım Günü Vətən müharibəsinin ilk günündə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda edən şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı Azərbaycanın tarixində əbədi yaşayacaq, onların Vətən qarşısındakı xidmətləri gələcək nəsillər üçün örnək olacaq. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlət tərəfindən göstərilən diqqət və qayğı xalqımızın qəhrəman övladlarına olan dərin ehtiramının bariz ifadəsidir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək onların müqəddəs irsinin yaşadılmasının və gənc nəslə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirib.

Çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov bildirib ki, 27 Sentyabr – Anım Gününün gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun və dövlətçilik düşüncəsinin bariz nümunəsidir. Bildirib ki, həmin günlərdə minlərlə gənc Vətənin müdafiəsi üçün döyüşlərə qatılaraq öz həyatını Azərbaycanın azadlığı naminə fəda edib. şəhidlərimizin qəhrəmanlıq yolu gənclər üçün əsl həyat məktəbidir. Onun sözlərinə görə, gənclər tarixi hadisələri öyrənməklə yanaşı, həmin hadisələrin arxasında dayanan milli birlik və məsuliyyət anlayışını da dərk etməlidirlər. O bildirib ki, Anım Günü gənclərin şəhidlərimizin həyat yolu ilə tanış olması və onların Vətənə bağlılıq nümunəsindən nəticə çıxarması üçün mühüm imkan yaradır. Gənclərin dövlətçilik ənənələrinə sədaqət ruhunda yetişdirilməsi cəmiyyətin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. bu istiqamətdə gənclər və idman təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Müxtəlif tədbirlər, görüşlər və maarifləndirici layihələr vasitəsilə gənclərin tarixi yaddaşının möhkəmləndirilməsinə xüsusi önəm verilir. Şəhid ailələri, qazilərlə və müharibə iştirakçıları ilə keçirilən görüşlər gənclərin Vətən qarşısında məsuliyyət hissinin güclənməsinə mühüm təsir göstərir. Bugünkü gənclər Azərbaycanın əldə etdiyi Zəfərin qorunması və ölkənin gələcək inkişafına töhfə verilməsi kimi mühüm missiyanı daşıyırlar.

Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev çıxış edərək 27 Sentyabr – Anım Gününün şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqı Vətən müharibəsində canından keçən qəhrəman övladlarının fədakarlığını heç vaxt unutmayacaq. Şəhid ailələri, qazilər və müharibə iştirakçıları dövlətin diqqət və qayğısı ilə əhatə olunan xüsusi sosial kateqoriyadır. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması və qarşılaşdıqları məsələlərin həlli istiqamətində davamlı iş aparılır. Yasamal Rayon İcra Hakimiyyəti YAP Yasamal rayon təşkilatı ilə birgə t şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, onların müraciətlərinə həssaslıqla yanaşılır. Bildirib ki, belə görüşlər qarşılıqlı fikir mübadiləsi aparmaq və mövcud məsələləri birbaşa müzakirə etmək baxımından əhəmiyyətlidir. Şəhid ailələrinin hər bir müraciətinə diqqətlə yanaşılması dövlət qurumlarının əsas vəzifələrindən biridir. Qazilərimizin və müharibə iştirakçılarının, eləcə də, şəhid ailələrinin Vətən qarşısında xidmətləri daim yüksək qiymətləndirilir və onların cəmiyyətə fəal inteqrasiyası mühüm məsələlərdəndir. Samir İsmiyev çıxışında Anım Gününün gənc nəslə Vətən sevgisi, milli həmrəylik və dövlətə bağlılıq kimi dəyərləri aşıladığını da diqqətə çatdırıb. Qeyd edib ki, şəhidlərimizin xatirəsinin yaşadılması onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının ən mühüm istiqamətlərindən biridir.

Çıxış edən 44 günlük Vətən müharibəsi qazisi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru Elvin Əliyev bildirib ki, 27 Sentyabr – Anım Gününün xalqımız üçün mühüm mənəvi əhəmiyyət daşıyır. Çıxışda Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın şərəfli döyüş yolundan və göstərdikləri misilsiz fədakarlıqdan söz açılıb. Qeyd olunub ki, şəhid ailələri, qazilərimiz və müharibə iştirakçılarımız hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub. Gənclərin milli-mənəvi dəyərlərə, Vətənə və dövlətçilik ənənələrinə bağlı ruhda yetişdirilməsinin vacibliyi vurğulanıb. Çıxışda şəhidlərimizin əziz xatirəsinin daim yad ediləcəyini, onların qəhrəmanlığının gələcək nəsillərə nümunə olaraq qalacağı bildirilib.

Sonra Yeni Azərbaycan Partiyası Himni səsləndirilib.

Sonda isə qazilərə hədiyyə təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Digər xəbərlər