Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər ölkənin hər bir bölgəsinin simasında, insanların gündəlik həyatında, yaşayış məntəqələrinin müasir görkəmində özünü aydın şəkildə göstərir. Davamlı inkişafın əsas göstəricilərindən biri kimi sosial infrastrukturun yenilənməsi və müasirləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Ölkə üzrə həyata keçirilən genişmiqyaslı layihələr insanların sosial rifahının yüksəldilməsinə, onların keyfiyyətli xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə və regionların hərtərəfli inkişafına xidmət edir.
Müasir dövrdə sosial infrastruktur anlayışı yalnız məktəb, xəstəxana, uşaq bağçası və digər sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Buraya həmçinin yol-nəqliyyat şəbəkəsinin yenilənməsi, içməli su və kanalizasiya sistemlərinin qurulması, elektrik və qaz təchizatının yaxşılaşdırılması, əhalinin rahat yaşayışı üçün zəruri kommunal və ictimai xidmətlərin yaradılması daxildir. Bu baxımdan Azərbaycanda həyata keçirilən sosial infrastruktur layihələri kompleks xarakter daşıyır və ayrı-ayrı sahələrin deyil, bütövlükdə yaşayış mühitinin müasirləşdirilməsini nəzərdə tutur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas məqsədlərindən biri vətəndaşların rifahının yüksəldilməsi, onların sosial xidmətlərə əlçatanlığının təmin olunması və bütün bölgələrdə müasir yaşayış şəraitinin yaradılmasıdır. Son illər dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitlər hesabına müxtəlif regionlarda sosial təyinatlı obyektlər inşa edilir, mövcud müəssisələr əsaslı şəkildə təmir olunur və onların maddi-texniki bazası gücləndirilir.
Təhsil infrastrukturu bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqlarla təmin edilməsi gələcək nəsillərin daha yaxşı təhsil alması üçün geniş imkanlar yaradır. Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması və onların müasir standartlara uyğunlaşdırılması uşaqların erkən yaşlardan keyfiyyətli təhsil və tərbiyə mühitində böyüməsinə şərait yaradır.
Səhiyyə infrastrukturunun inkişafı da dövlətin sosial siyasətində mühüm yer tutur. Müasir tibb müəssisələrinin yaradılması, xəstəxanaların və digər səhiyyə obyektlərinin yenilənməsi, onların müasir tibbi avadanlıqlarla təchiz edilməsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan verir. Regionlarda səhiyyə xidmətlərinin gücləndirilməsi isə insanların tibbi xidmət almaq üçün uzaq məsafələr qət etməsinin qarşısını alır.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng bərpa və quruculuq işləri sosial infrastrukturun inkişafı baxımından ayrıca əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq prosesinin əsas məqsədlərindən biri ərazilərin yalnız fiziki baxımdan bərpası deyil, burada müasir və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasıdır. Bu ərazilərdə yeni yaşayış məhəlləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, tibb müəssisələri, mədəniyyət və xidmət obyektləri, inzibati binalar, yollar və mühəndis-kommunikasiya sistemləri yaradılır.
Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr sosial infrastrukturun dövlət siyasətindəki əhəmiyyətini bir daha nümayiş etdirir. Doğma torpaqlarına qayıdan insanların təhlükəsiz və rahat yaşayışının təmin olunması üçün bütün zəruri sosial və kommunal şərait yaradılır. Yeni salınan yaşayış məntəqələrində insanların gündəlik ehtiyaclarını qarşılayacaq infrastrukturun əvvəlcədən formalaşdırılması həmin ərazilərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Laçın da bu baxımdan xüsusi diqqət çəkən bölgələrdəndir. İşğaldan azad olunmasından sonra şəhərdə və rayonun müxtəlif yaşayış məntəqələrində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Laçın şəhərinin müasir standartlar əsasında yenidən qurulması, yaşayış binalarının, sosial obyektlərin, yolların və digər infrastrukturun yaradılması doğma yurda qayıdan sakinlərin rahat həyatının təmin edilməsinə xidmət edir. Şəhərdə formalaşdırılan yeni yaşayış mühiti tarixiliklə müasirliyin vəhdəti əsasında qurulur.
Laçında həyata keçirilən layihələrin mühüm xüsusiyyətlərindən biri də sosial infrastrukturun yaşayış məntəqələrinin ümumi inkişaf konsepsiyasının tərkib hissəsi kimi nəzərdə tutulmasıdır. Məktəb, bağça, səhiyyə, mədəniyyət və xidmət obyektlərinin yaşayış məhəllələrinə yaxın yerləşdirilməsi insanların gündəlik ehtiyaclarının daha rahat qarşılanmasına imkan verir. Eyni zamanda, yolların, nəqliyyat və kommunal şəbəkələrin yenilənməsi şəhər və kəndlərin iqtisadi fəallığı üçün də yeni imkanlar açır.
Sosial infrastrukturun inkişafı regionların iqtisadi potensialının reallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Müasir yolların, enerji və kommunikasiya xətlərinin, sosial və ictimai obyektlərin yaradılması biznes mühitinin genişlənməsinə, yeni iş yerlərinin formalaşmasına və əhalinin məskunlaşmasının sürətlənməsinə müsbət təsir göstərir. Beləliklə, sosial infrastruktur layihələri yalnız sosial xarakter daşımır, eyni zamanda iqtisadi inkişafın mühüm dayaqlarından biri kimi çıxış edir.
Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan dəyişikliklər dövlətin sosial siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Şəhərlərin və kəndlərin siması dəyişir, yeni sosial obyektlər istifadəyə verilir, insanların yaşayış və xidmət imkanları genişlənir. Ən başlıcası isə bütün bu proseslər vətəndaş məmnunluğunun və sosial rifahın yüksəldilməsinə istiqamətlənir.
Sosial infrastruktur layihələrinin uğurla icra edilməsi Azərbaycanın davamlı inkişaf modelinin mühüm tərkib hissəsidir. Bu layihələr ölkənin hər bir bölgəsində müasir yaşayış mühitinin yaradılmasına, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və insanların rifahının daha da yaxşılaşdırılmasına imkan verir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri isə bu siyasətin miqyasını daha aydın nümayiş etdirir. Qarşıdakı dövrdə də sosial infrastrukturun inkişaf etdirilməsi Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutacaq, həyata keçirilən layihələr ölkənin iqtisadi gücünün və sosial imkanlarının yeni nəticələrlə tamamlanmasına şərait yaradacaq.
Şamo Qasımov
YAP Laçın rayon təşkilatının sədr müavini