PDF Oxu

Siyasət

  • 545

Azərbaycanın sənaye və resurs potensialının yeni mərhələsi - ŞƏRH

image

Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək və milli inkişaf dinamikamıza yeni təkan verəcəkdir. Bu çərçivədə qeyri-neft sektoru bu ilin 8 ayında 5,4 faiz artmışdır ki, bu da həyata keçirilən məqsədyönlü iqtisadi islahatların və şaxələndirmə siyasətinin bariz göstəricisidir. İqtisadiyyatın dayanıqlı inkişafı ilə yanaşı, sosial infrastrukturla bağlı layihələr uğurla icra edilir, əhalinin rifahının yüksəldilməsi və bölgələrin müasir standartlara uyğun qurulması ardıcıl xarakter daşıyır.
Sənaye potensialının modernləşdirilməsi və regional inkişafın təmin olunması baxımından sənaye parkları və aqroparklar Azərbaycanda artıq hər bir bölgədə var. Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. Hazırlanmış dövlət strategiyasına əsasən, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Bu sahədə mövcud olan imkanlar olduqca böyükdür. Avropa qitəsində ən perspektivli yataqlardan biri Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır. Bununla yanaşı, perspektivli qızıl, mis, molibden yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu istiqamətdə fəaliyyətin coğrafiyası da genişlənir, Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri gələn ildən başlayacaq.
Sənaye resurslarının mənimsənilməsi və böyük layihələrin reallaşdırılması səmərəli əməkdaşlıq modelini tələb edir. Biz işimizi həm dövlət xətti ilə, həm də özəl sektorun iştirakı ilə qururuq. Şəffaf və əlverişli investisiya mühitinin təşviqi hər zaman prioritetdir. Yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Biz maksimum çalışırıq ki, ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilsin və hər bir layihə yüksək iqtisadi gəlirlilik gətirsin.
Ölkəmizin iqtisadi qüdrəti onun energetika sahəsindəki qlobal mövqeyi ilə sıx bağlıdır. Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib. Ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Bu göstəricilər Azərbaycanın həm daxili tələbatı tam təmin etdiyini, həm də beynəlxalq enerji təhlükəsizliyində etibarlı rol oynadığını təsdiqləyir.
Lakin iqtisadi inkişaf və sənayeləşmə layihələri həyata keçirilərkən ekoloji tarazlığın qorunması əsas prinsiplərdən biridir. Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Təəssüf ki, ərazilərimizin uzunillik işğalı təbiətimizə də böyük zərbə vurmuşdur. İşğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib. Bu bərpa olunmaz ekoloji terrora qarşı indi genişmiqyaslı bərpa və ətraf mühitin mühafizəsi tədbirləri görülür.
Qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün ciddi nəzarət və ardıcıl fəaliyyət mexanizmi müəyyən olunmuşdur. Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir və bu dövr ərzində dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatının aparıcı hərəkətverici qüvvələrindən birinə çevriləcəkdir.


Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər