PDF Oxu

Siyasət

  • 986

Sənayenin inkişafı regionların iqtisadi potensialını gücləndirir

image

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkənin təbii ehtiyatlarının iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi və qeyri-neft sektorunun yeni istehsal imkanları hesabına şaxələndirilməsi baxımından mühüm istiqamətləri müəyyənləşdirir.

Dövlət Proqramı dağ-mədən və metallurgiya sənayesinin inkişafını sistemli şəkildə təmin etməklə yanaşı, yeni sənaye sahələrinin yaradılmasına, məşğulluğun artırılmasına və istehsal zəncirinin formalaşdırılmasına xidmət edəcək. Bu sahənin əhəmiyyətini artıran əsas amillərdən biri Azərbaycanın zəngin mineral-xammal ehtiyatlarına malik olmasıdır. Uzun müddət ərzində bir sıra yataqların tam öyrənilməməsi və mövcud ehtiyatların müasir texnologiyalar əsasında yenidən qiymətləndirilməməsi böyük potensialın tam üzə çıxarılmasına imkan verməyib. Dövlət Proqramı çərçivəsində bu istiqamətdə konkret mexanizmlərin müəyyənləşdirilməsi ölkənin mineral resurs bazasının genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunun 5,4 faiz artması iqtisadiyyatın yeni inkişaf mənbələrinin formalaşdığının göstəricisidir. Neft hasilatının təbii səbəblərdən azalması fonunda qeyri-neft sənayesinin genişləndirilməsi iqtisadi artımın daha çox sahə üzrə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da bu prosesə yeni töhfə verə bilər.
İşğaldan azad edilmiş ərazilər bu baxımdan xüsusi potensiala malikdir. İşğal dövründə təbii sərvətlərin qanunsuz istismarı, meşə fondunun məhv edilməsi və faydalı qazıntı yataqlarının talan olunması həmin resursların ölkə iqtisadiyyatına xidmət etməsinə imkan verməyib. Hazırda isə həmin ərazilərdə bərpa və quruculuq işləri ilə yanaşı, təbii ehtiyatların müasir üsullarla öyrənilməsi və istismara cəlb edilməsi üçün də geniş imkanlar yaranıb.
Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanması bu baxımdan diqqət çəkir. Ağdərədə artıq işlərə başlanılması, Kəlbəcər və Zəngilanda isə bu istiqamətdə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, mövcud yataqların müasir geoloji üsullarla yenidən araşdırılması onların ehtiyatlarının daha dəqiq müəyyənləşdirilməsinə imkan verəcək. Son onilliklərdə texnologiyaların sürətlə inkişaf etməsi əvvəllər mümkün olmayan daha dəqiq kəşfiyyat və qiymətləndirmə üsullarından istifadə etməyə şərait yaradır.
İşğal illərində Azərbaycanın təbii sərvətlərinə qarşı törədilən dağıntılar təkcə yaşayış məntəqələri, tarixi-mədəni abidələr və infrastrukturla məhdudlaşmayıb. İşğal altındakı ərazilərin zəngin meşə fondunun məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı və talan olunması ekoloji fəsadları bu gün də hiss olunan ciddi nəticələr doğurub. Meşələrin kütləvi şəkildə qırılması, ağacların qanunsuz şəkildə daşınması və kommersiya məqsədilə istifadəsi, faydalı qazıntı yataqlarının nəzarətsiz istismarı, su ehtiyatlarına və torpaq örtüyünə vurulan zərər işğalın təbiətə qarşı törətdiyi cinayətlərin miqyasını göstərir. Bu ərazilərdə təbii ekosistemlərin bütövlüyünün pozulması yalnız həmin dövr üçün deyil, sonrakı mərhələlər üçün də ciddi ekoloji problemlər yaradıb. Xüsusilə meşə ehtiyatlarının məhv edilməsi uzunmüddətli nəticələri ilə seçilir. Çünki meşə örtüyünün azalması torpaqların eroziyaya məruz qalmasını sürətləndirir, biomüxtəlifliyə mənfi təsir göstərir, su ehtiyatlarının formalaşması və tənzimlənməsi proseslərini zəiflədir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri fonunda təbiətə vurulmuş zərərin aradan qaldırılması da mühüm istiqamətə çevrilib. Qarşıya qoyulan vəzifə yalnız dağıdılmış yaşayış məntəqələrini və infrastrukturu yenidən qurmaq deyil, həm də uzun illər ərzində zədələnmiş ekoloji tarazlığın bərpasına nail olmaqdır. Dövlətimizin başçısı qeyd edib: “İşğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar”.
Geoloji kəşfiyyatın genişləndirilməsi yalnız işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmır. Naxçıvan Muxtar Respublikasında gələn ildən geoloji kəşfiyyat işlərinin başlanmasının nəzərdə tutulması bu baxımdan mühüm addımdır. Burada da yeni yataqların mövcudluğunun araşdırılması ölkənin mineral-xammal bazasının genişləndirilməsi baxımından əlavə imkanlar yarada bilər.
Digər mühüm məsələ dövlət və özəl sektorun bu prosesdə birgə iştirakıdır. Dövlət xətti ilə “AzerGold” vasitəsilə işlərin aparılması ilə yanaşı, sahənin özəl sektor üçün açıq olması investisiya imkanlarını genişləndirir. Xarici tərəfdaşların geoloji kəşfiyyat layihələrinə cəlb olunması isə maliyyə resursları və müasir texnologiyalar baxımından əlavə imkanlar yarada bilər. Belə əməkdaşlığın nəticəsində yeni yataqlar aşkarlandığı halda, əsas məsələ həmin resursların ölkə daxilində səmərəli emalını təmin etməkdir. Əhəmiyyətli ehtiyatlar aşkarlandığı halda zənginləşdirmə və emal zəncirinin yaradılması əsas vəzifələrdən biri olmalıdır. Bu amil dağ-mədən sənayesinin ayrı-ayrı hasilat layihələri çərçivəsindən çıxaraq daha geniş metallurgiya və emal sənayesinin formalaşmasına imkan verə bilər.
Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Geoloji kəşfiyyatın gücləndirilməsi, mövcud yataqların müasir texnologiyalarla qiymətləndirilməsi, yeni yataqların istismara cəlb olunması, dövlət və özəl sektorun əməkdaşlığının genişləndirilməsi, ən əsası isə hasilatdan emala qədər tam istehsal zəncirinin qurulması bu sahənin inkişafının əsas istiqamətləridir. Bu yanaşma təbii sərvətlərin iqtisadi dəyərinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sənayesinin daha da şaxələndirilməsinə xidmət edəcək.

Asif Əsgərov
Milli Məclisin deputatı

Digər xəbərlər