PDF Oxu

Siyasət

  • 779

Azərbaycanın sənaye xəritəsində yeni istiqamətlər - ŞƏRH

image

Azərbaycan iqtisadiyyatının dayanıqlı və çoxşaxəli inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət yeni sənaye sahələrinin formalaşdırılmasına, qeyri-neft sektorunun genişləndirilməsinə və ölkənin mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunmasına imkan yaradır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı qarşıdakı illərin mühüm iqtisadi prioritetlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Sentyabrın 22-də Cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi bu sahənin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyev çıxışında dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq bu istiqamətdə yeni, müasir sənaye sahəsinin yaradılacağını diqqətə çatdırıb.

Burada əsas məsələ yalnız yeraltı sərvətlərin hasilatı deyil. Dövlət siyasətinin mühüm istiqaməti xammalın hasilatından başlayaraq onun emalı və son məhsula çevrilməsinə qədər tam istehsal zəncirinin yaradılmasıdır. Filizin hasilatı, zənginləşdirilməsi, pelet və briketləşdirilmiş dəmir istehsalı, metallurgiya müəssisələrinin yaradılması vahid sənaye zəncirinin formalaşmasına xidmət edəcək. Belə yanaşma təbii resursların ölkə daxilində daha yüksək əlavə dəyər yaratmasına şərait yaradacaq.

Cənab Prezident İlham Əliyevin çıxışında ekoloji məsələlərə xüsusi diqqət yetirməsi isə bu inkişafın mühüm prinsiplərindən birini ortaya qoyur. Dövlət başçısı vurğulayıb ki, təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsi ilə yanaşı, Azərbaycanın təbiətinin qorunması və ən yüksək ekoloji standartların təmin olunması əsas şərtlərdəndir. Bu yanaşma yeni sənaye layihələrinin iqtisadi səmərəliliklə yanaşı, ekoloji məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini nəzərdə tutur.

Dağ-mədən sənayesinin inkişafında “AzerGold”un fəaliyyətinin genişləndirilməsi də xüsusi yer tutur. Şirkətin qızıl hasilatı ilə məhdudlaşmayan, geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahələrini əhatə edən çoxşaxəli fəaliyyət modelinə keçməsi yeni mərhələnin göstəricilərindəndir. Qarşıdakı dövrdə “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” kimi layihələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Xüsusilə “Daşkəsən” layihəsi çərçivəsində illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması qara metallurgiyanın inkişafı baxımından əhəmiyyətli istiqamət təşkil edir. “Filizçay” yatağının iqtisadi dövriyyəyə cəlb olunması isə mis, sink və qurğuşun kimi metalların istehsal və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Bu layihələrin reallaşması Azərbaycanın xammal ixrac edən ölkədən daha yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsalçısına çevrilməsi istiqamətində yeni imkanlar yaradır.

Metallurgiya istiqamətində alüminium istehsalının genişləndirilməsi də Dövlət Proqramının əsas hədəflərindəndir. Prezident İlham Əliyev alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılmasının nəzərdə tutulduğunu bildirib. Bu isə metallurgiya sənayesinin ölkə iqtisadiyyatında çəkisinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır. Yeni sənaye müəssisələrinin yaradılması, təbii resursların emalı və istehsal zəncirinin ölkə daxilində qurulması regionların sosial-iqtisadi inkişafına da əlavə impuls verə bilər. Yeni iş yerlərinin açılması, infrastrukturun inkişafı, yerli xidmət və təchizat sahələrinin genişlənməsi regionlarda iqtisadi fəallığın artmasına şərait yaradacaq. Dövlət başçısının müşavirədə qeyd etdiyi kimi, proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu prosesin digər mühüm tərəfi Azərbaycanın ixrac coğrafiyasının və məhsul strukturunun şaxələndirilməsidir. Metallurgiya və metal emalı məhsullarının istehsalının artması ölkənin qeyri-neft ixracının genişləndirilməsinə, xarici valyuta gəlirlərinin artırılmasına və sənaye potensialının möhkəmləndirilməsinə xidmət edə bilər.

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə təsdiq edilən Dövlət Proqramı artıq yalnız plan xarakterli sənəd deyil. 23 sentyabr 2026-cı il tarixli Sərəncamla proqram rəsmən təsdiqlənib və onun icrasının əlaqələndirilməsi və nəzarəti Nazirlər Kabinetinə həvalə olunub. Proqramın monitorinqi və qiymətləndirilməsi də nəzərdə tutulub. Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni istiqamətin formalaşmasına xidmət edir. Dağ-mədən və metallurgiya sahəsində qarşıya qoyulan məqsədlər təbii sərvətlərin daha səmərəli istifadəsi, yüksək əlavə dəyər yaradan istehsalın qurulması, qeyri-neft sektorunun gücləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və yeni məşğulluq imkanlarının yaradılması ilə birbaşa bağlıdır. Ən əsası isə bu siyasətin mahiyyətində xammaldan hazır məhsula, təbii sərvətdən yüksək əlavə dəyərə, ayrı-ayrı müəssisələrdən bütöv sənaye zəncirinə keçid dayanır. Prezident İlham Əliyevin müşavirədə ifadə etdiyi kimi, dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanda yeni, müasir sənaye istiqaməti yaradacaq. Bu istiqamətin sistemli şəkildə inkişaf etdirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının daha da şaxələnməsinə və Azərbaycanın sənaye potensialının yeni mərhələyə yüksəlməsinə zəmin yaradır.

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər