PDF Oxu

Siyasət

  • 522

27 Sentyabr - Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

image

Tarix yalnız illərin, ayların və günlərin ardıcıllığı deyil. Elə tarixlər var ki, bir xalqın yaddaşında əbədi iz buraxır, illər keçsə də mənasını itirmir. 27 sentyabr da Azərbaycan xalqı üçün məhz belə bir tarixdir. Bu gün Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etdiyimiz, onların qarşısında baş əydiyimiz müqəddəs bir gündür.

27 Sentyabr 2020-ci il... Bu tarix Azərbaycan xalqının yaddaşına həm ağır, həm də qürurlu hisslərlə yazıldı. Həmin gün başlayan Vətən müharibəsi 30 ilə yaxın davam edən işğala son qoyulmasına, torpaqlarımızın azadlığına və tarixi Zəfərə aparan yolun başlanğıcı oldu.

Həmin gün qəlbində Azərbaycan sevdası ilə oğullarımız Vətənin müdafiəsinə, illərlə düşmən tapdağında qalmış torpaqlarımızın səsinə səs vermək üçün ayağa qalxdı. Onların arasında həyatının ən gözəl çağlarını yaşayan gənclər, ailəsinin, övladının, valideynlərinin sevgisi ilə böyümüş oğullar vardı. Onlar da arzular qurur, gələcək haqqında düşünür, sevdikləri insanlarla xoşbəxt günlər yaşamaq istəyirdilər. Lakin Vətənin taleyi qarşısında şəxsi arzularını ikinci plana keçirdilər. Çünki Vətən çağırışı hər şeydən üstün idi.

Müharibənin 44-cü günündə Azərbaycan xalqı bir daha öz gücünü, həmrəyliyini və milli iradəsini nümayiş etdirdi. Cəbhədə əsgərimiz döyüşdü, arxada milyonlarla insan onunla birlikdə nəfəs aldı. Hər bir qələbə xəbəri evlərə sevinc gətirirdi. Lakin həmin sevincin içində bir ağrı da vardı. Çünki hər qələbənin arxasında Vətən üçün verilmiş böyük qurbanlar dayanırdı.

Şəhidlik... Bu sözün özü belə insanın qəlbində ağır bir duyğu yaradır. Şəhid yalnız bir ailənin övladı deyil. O, bütöv bir xalqın yaddaşına həkk olunan Vətən övladıdır. Onların hər birinin adı, həyatı, arzuları və yarımçıq qalan ömrü bizim üçün müqəddəsdir. Bu gün Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə çiçəklənən Azərbaycan şəhidlərinin ruhunu əziz tutur, şəhid ailələri dövlətin qayğısı ilə əhatə olunub. Bu gün şəhidlərimizi yad edərkən yalnız onların qəhrəmanlığından danışmırıq. Həm də onların geridə qoyduğu ailələrini düşünürük. Bir ananın övladına, bir atanın oğluna, bir uşağın atasına olan həsrətini heç bir söz ifadə edə bilməz. Şəhid ailələrinin qəlbindəki boşluğu heç nə doldura bilməz. Lakin onların övladlarının bu Vətən üçün göstərdiyi fədakarlığı unutmamaq, adlarını yaşatmaq hər birimizin mənəvi borcudur.

27 Sentyabr bizə həm də bir həqiqəti xatırladır - Vətən sevgisi yalnız sözlə ifadə olunan bir hiss deyil. Vətən sevgisi məsuliyyətdir, sədaqətdir, fədakarlıqdır. Bəzən bu sevgi bir əsgərin döyüş meydanında göstərdiyi qəhrəmanlıqda, bəzən bir ananın övladını Vətənə əmanət etməsində, bəzən də bir uşağın əlində tutduğu Azərbaycan bayrağına sevgi ilə baxmasında özünü göstərir.

Azərbaycanın qazandığı Zəfər uzun illər xalqımızın qəlbində yaşatdığı ümidin gerçəyə çevrilməsi idi. Qarabağın azadlığı ilə milyonlarla insanın illərlə davam edən həsrətinə son qoyuldu. Doğma torpaqlarımıza qayıdışın yolu açıldı. Şuşanın azad edilməsi isə bu Zəfərin ən parlaq səhifələrindən biri oldu.

Bu gün azad Qarabağda həyat yenidən canlanır. Vaxtilə ayrılıq və həsrətlə xatırladığımız torpaqlarda məktəblər, yollar, evlər, mədəniyyət ocaqları qurulur, istehsal müəsissələri açılır, şəhərlər salınır, kəndlər bərpa edilir, yollar, dəmiryolu xətləri kilometlərlə uzanır. İnsanlar doğma yurdlarına qayıdır. Bu mənzərəni görərkən bir daha anlayırıq ki, Zəfər yalnız hərbi uğur deyil, həm də xalqın gələcəyə inamının bərpasıdır. Lakin Zəfərin sevincini yaşadığımız hər an şəhidlərimizi xatırlamaq borcumuzdur. Çünki bu günlərin gəlməsi üçün həyatlarını fəda etdilər. Məhz buna görə 27 Sentyabr sadəcə keçmişi xatırlamaq günü deyil. Bu tarix həm də gələcək qarşısında məsuliyyətimizi dərk etmək günüdür.

Şəhidlərimizin bizə əmanət etdiyi ən böyük dəyər Vətəndir. Bu əmanətə sahib çıxmaq isə yalnız Vətənin sərhədlərini qorumaqla məhdudlaşmır. Vətəni qorumaq həm də onun dilinə, mədəniyyətinə, tarixinə, milli-mənəvi dəyərlərinə hörmət etmək, dövlətçiliyimizi möhkəmləndirmək, cəmiyyətimizə faydalı insan kimi yetişmək deməkdir. Bu məsuliyyət xüsusilə gələcək nəslin tərbiyəsində özünü göstərir.

Məktəbəqədər təhsil müəssisələri uşağın şəxsiyyət kimi formalaşmasının ilk mərhələlərindən biridir. Uşaq burada yalnız rəngləri, formaları, rəqəmləri və hərfləri öyrənmir. O, həm də dostluğu, paylaşmağı, hörməti, qayğını, doğma yurda bağlılığı öyrənir. Vətən sevgisinin toxumları da məhz erkən yaşlarda, uşağın saf və həssas dünyasında cücərməyə başlayır.

Biz uşaqlara şəhidlik anlayışını onların yaşına uyğun şəkildə izah etməli, onları ağır hadisələrin təfərrüatları ilə yükləmədən Vətənə sevgi və hörmət hissini formalaşdırmalıyıq. Bayrağımızı tanımaq, himnimizə hörmətlə yanaşmaq, Azərbaycanın tarixini sevmək, doğma torpağa bağlı olmaq – bütün bunlar gələcəyin vətəndaşının mənəvi dünyasının təməlini təşkil edir.

Bu gün bağçalarımızda uşaqların şən səsini eşidirik. Onlar oynayır, öyrənir, gülür, gələcəklə bağlı xəyallar qururlar. Bəlkə də onların çoxu 27 Sentyabrın tariximizdə hansı ağrılı və şərəfli səhifəni ifadə etdiyini hələ tam dərk etmir. Amma bizim borcumuz odur ki, onlar böyüdükcə bu tarixi düzgün öyrənsin, Zəfərin qiymətini bilsin və şəhidlərimizin xatirəsinə hörmətlə yanaşsınlar. Çünki bir xalqın gələcəyi onun tarixini necə xatırlamasından da asılıdır. Şəhidlərimizin adları yalnız memoriallarda, küçələrdə, məktəblərdə və sənədlərdə yaşamamalıdır. Onların adları xalqımızın yaddaşında, uşaqlarımızın düşüncəsində, gələcək nəsillərin mənəvi dünyasında yaşamalıdır.

27 Sentyabr bizə həm kədəri, həm qüruru, həm də məsuliyyəti bir arada yaşadır. Bu gün biz şəhidlərimizin qarşısında baş əyirik. Onların valideynlərinə, övladlarına və yaxınlarına dərin ehtiramımızı bildiririk. Qazilərimizin qarşısında minnətdarlıqla baş əyirik. Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlığı heç vaxt unutmamalıyıq. İllər keçəcək, bu günlərin canlı şahidləri azalacaq. Amma 27 Sentyabrın mənası dəyişməyəcək. Bu tarix Azərbaycan xalqının mübarizə əzminin, milli birliyinin və Vətən sevgisinin yaddaşında yaşayacaq.

Bir gün bugünkü uşaqlar böyüyəcək. Onlar bu tarixi kitablardan oxuyacaq, müəllimlərindən, valideynlərindən eşidəcəklər. O zaman onlara deməliyik ki, azad və bütöv Azərbaycan bizə hazır şəkildə miras qalmayıb. Bu torpaqların azadlığı uğrunda insanlar öz həyatlarını fəda edib. Və ən əsası, onlara deməliyik - Bu Vətən sizə əmanətdir.

27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün biz yalnız keçmişi xatırlamırıq. Biz həm də gələcəyə baxırıq. Qarşımızda şəhidlərimizin ruhuna layiq, güclü, savadlı, vətənpərvər və mərhəmətli bir nəsil yetişdirmək kimi böyük bir vəzifə dayanır.

Qoy uşaqlarımızın gülüşü azad Vətənin səsi olsun.

Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın.

Qoy şəhidlərimizin müqəddəs xatirəsi hər zaman qəlbimizdə yaşasın.

Və 27 Sentyabr bizə hər il eyni həqiqəti xatırlatsın - Zəfər bir günün nəticəsi deyil. Zəfər Vətənə olan sonsuz sevginin, fədakarlığın və birlik ruhunun tarixə çevrilmiş ifadəsidir.

Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik.

Ruhları şad olsun!

Fərizə Salahlı

YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,

Naxçıvan şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

Digər xəbərlər