Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruyur. Ölkəmizin malik olduğu resurslardan səmərəli istifadə etmək üçün atdığı addımlar davamlı xarakter daşıyır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafında da özünün aydın ifadəsini tapır. Azərbaycanın hərtərəfli inkişafını şərtləndirən əsas amillərdən biri kompleks tədbirlərin həyata keçirilməsidir.
Sentyabrın 22-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, təbii sərvətlərdən səmərəli istifadə və regionların iqtisadi potensialının artırılması baxımından mühüm istiqamətləri müəyyənləşdirir. Dövlət Proqramının əsas mahiyyəti yalnız filiz yataqlarının istismarından ibarət deyil. Burada hasilatdan emala, zənginləşdirmədən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma ölkədə yeni və müasir sənaye istiqamətinin yaradılmasına imkan verəcək. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır”, “Neft kapitalını insan kapitalına çevirək!” kimi hədəflər artıq reallığa çevrilib. Bu hədəflərə nail olmaq üçün Regional inkişaf proqramları qəbul edildi. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilib. Bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli Proqramdır.
2027–2030-cu illəri əhatə edən proqramın qarşıya qoyduğu hədəflər təkcə yeni yataqların istismarı ilə məhdudlaşmır. Burada daha böyük məqsəd – Azərbaycanın təbii resurslarını yüksək əlavə dəyər yaradan sənaye məhsullarına çevirmək, qeyri-neft sektorunun çəkisini artırmaq və ölkənin ixrac imkanlarını genişləndirməkdir. Sözsüz ki, dağ-mədən sənayesi kapitaltutumlu sahədir. Böyük ilkin investisiyalar tələb etməsinə baxmayaraq, sektorun uzunmüddətli iqtisadi potensialı yüksək qiymətləndirilir. Dövlət Proqramının icrası nəticəsində beş mindən çox daimi iş yerinin yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması və istehsal zəncirinin genişləndirilməsi nəzərdə tutulur. Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına xidmət edəcək Dövlət Proqramı da qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq.
Dövlətimizin başçısı İlham Əliyev müşavirədə diqqəti bu ilin aprel ayında imzaladığı “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncama yönəldərək bildirdi ki, bu aylar ərzində Proqram üzərində hazırlıq işləri gedirdi. Proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaq. Bu sahə ölkə iqtisadiyyatı, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün çox perspektivli sahədir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilər xüsusi yer tutur. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara verilməsi qarşıdakı dövrün əsas layihələri sırasındadır. Bu ərazilərdə görüləcək işlərin əhəmiyyəti yalnız hasilat göstəriciləri ilə ölçülmür. Faydalı qazıntı yataqlarının istismarı regionlarda yeni istehsal müəssisələrinin, logistika imkanlarının və xidmət sahələrinin yaranmasına təkan verə bilər. Bu isə Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi reinteqrasiyasına əlavə impuls verən amillərdən biri ola bilər.
Digər məsələ isə mövcud yataqların tam təhlil edilib müasir geoloji üsullarla oradakı ehtiyatların tam dəqiqləşdirilməsidir. Perspektivli bölgə kimi Naxçıvan Muxtar Respublikasını da diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, burada da sovet, həmçinin son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə də böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq gələn ildən başlayacaq. Yeni sənaye siyasətinin mühüm elementlərindən biri də Qərb Sənaye Parkıdır: “Parkın yaradılmasının əsas məqsədi dağ-mədən sənayesində hasilatdan son məhsula qədər uzanan istehsal zəncirinin formalaşdırılmasıdır.“Daşkəsən” filiz yatağının istismarı və regionda həyata keçirilməsi nəzərdə tutulan digər layihələr bu sənaye məkanının yaradılmasını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın son illərdə sənaye parkları və aqroparklar vasitəsilə formalaşdırdığı iqtisadi model bu baxımdan mühüm baza yaradır. Müxtəlif bölgələrdə yaradılan sənaye infrastrukturu istehsalın ərazi üzrə genişlənməsinə, yeni müəssisələrin fəaliyyətə başlamasına və ixrac potensialının artmasına imkan verib. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da həmin regional iqtisadi siyasətin yeni istiqamətlərindən biri kimi çıxış edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb
Nəticə etibarilə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni mərhələnin formalaşmasına xidmət edə bilər. Filiz yataqlarının istismarından başlayaraq son məhsula qədər uzanan istehsal zəncirinin qurulması, Qərb Sənaye Parkının imkanlarının genişləndirilməsi, regionlarda məşğulluğun artırılması, ixracın şaxələndirilməsi və ekoloji standartların qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri