PDF Oxu

Siyasət

  • 416

Ümumxalq birliyi və ədalətin zəfəri - ŞƏRH

image

Tarixdən bəllidir ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı uzunmüddətli işğalçılıq siyasəti keçmişə söykənir. Zaman-zaman Azərbaycan ərazilərində məskunlaşan ermənilər öz işğalçı niyyətlərini ortaya qoymuş və bu siyasət, xüsusilə Qarabağ bölgəsinə yönəlmişdir. Ermənilər Azərbaycan ərazisində məskunlaşan zamandan etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Ölkəmizin ərazisinin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddətində münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlətimiz və Prezidentimiz əlindən gələni etmiş, siyasi dialoqdan heç bir zaman geri durmamış, münaqişənin həlli üçün yaradılmış beynəlxalq qrumlarla sıx əməkdaşlıq edərək onlara lazımi köməyi göstərmişdir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi daxil olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmış, işğalçı Ermənistana qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Başda ATƏT-in Minsk qrupu olmaqla münaqişənin həlli üçün “çalışan” qurumlar nəinki münaqişənin həll olunması üçün ciddi iş görməmiş, azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmamış, Ermənistanın torpaqlarımızda törətdiyi terror hadisələrinə, tarixi, dini, mədəni abidələrimizin dağıdılmasına, erməni vandalizminə heç bir münasibət bildirməmişdir.

Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İnsanlar öz ata-baba yurdlarını tərk edərək qaçqınlıq həyatı yaşamağa məcbur qalmışdır. İşğal altında qalan ərazilərdə infrastruktur tamamilə dağıdılmış, tarixi və mədəni irsimiz məhv edilmişdir.
Tarixdən bəllidir ki, Azərbaycan xalqı heç vaxt Ermənistanın işğalçı siyasətini qəbul etməmiş və bu işğala qarşı hər zaman mübarizə aparmışdır. Xüsusilə 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ildə Tovuzda baş verən döyüşlərdə Azərbaycan Ordusu ermənilərə qarşı qətiyyətli cavab vermişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişdilər.
Nəhayət ölkə rəhbərinin dəmir yumruğu və ümumxalq birliyi nəticəsində ədalətin zəfər çaldığı müharibənin başlandığı gün yetişdi. 2020-ci ilin 27 sentyabr günü təmas xətti boyunca qarşıdurmalar başladı və bununla da tarixə İkinci Qarabağ Müharibəsi adı ilə yazılmış və torpaqlarımızın işğaldan azad olması ilə nəticələnmiş, dövlətçilik tariximizə əbədi olaraq qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən Müharibəsi başladı. Sözsüz ki, bizə bu qürur hissini yaşadan, Ali Baş Komandanımız, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında döyüşən Azərbaycan ordusu, qələbəni əldə etmək üçün misilsiz qəhrəmanlıq göstərən Vətən oğullarımız, torpaqlarımızın azadlığı uğruna bir an belə düşünmədən canından keçmiş əziz şəhidlərimizdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr Vətən müharibəsinin başladığı gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu il biz artıq altıncı ildir ki Anım Gününü qeyd edirik.
2020-ci il 27 sentyabr tarixində yenidən təxribat törədən Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirmiş, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını artilleriya atəşinə tutmuş, nəticədə, hərbi qulluqçular ilə yanaşı dinc sakinlərimiz də həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Ali Baş Komandanımız İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Bununla da erməni təcavüzünün qarşısını almaq üçün başlamış əks-hücum əməliyyatları uğurla davam edərək dövlətimizin ərazi bütövlüyü uğrunda müqəddəs Vətən Müharibəsinə çevrildi. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qüdrətli Ordumuz cəmi 44 gün müddətində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu Zəfər, xalqımızın uzun illərdən bəri gözlədiyi azadlıq sevincini gətirdi.
Məhz 27 sentyabr günündə başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün taleyüklü bir döyüş oldu. Bu gün, Azərbaycan xalqının qələbə salnaməsinin başlanğıcı kimi qeyd olunur. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizə əzmini, qələbə ruhunu və vətənpərvərliyini bir daha sübut etdi. Azərbaycan xalqı bir daha tarixdə qalib xalq kimi tanındı və əbədi olaraq yaddaşlarda yaşayacaq şanlı Zəfəri qazanmağa nail oldu. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirərək ərazi bütövlüyümüzü bərpa etdi.
Uğurlu missiyanın davamı olaraq 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində erməni işğalının son qalıqları olan xunta rejimi də məhv edildi. Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsi oldu.
Ən əsası odur ki, Ümumxalq birliyi və ədalətin zəfəri nəticəsində suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edən dövlətimiz bundan sonra regionda sülhə, əmin-amanlığa və azad olunmuş torpaqlarımızın bütövlükdə bərpa edilərək yenidən cənnətə çevrilməsinə bundan sonra da davam edəcək.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Digər xəbərlər