27 Sentyabr Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış, Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs tarixdir. Hər il sentyabrın 27-də qeyd olunan Anım Günü xalqımızın şəhidlərimizin qarşısındakı sonsuz ehtiramının və minnətdarlığının ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü elan edilib. 27 sentyabr 2020-ci il Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən birinin başlanğıcı oldu. Həmin gün Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası istiqamətində hərbi əməliyyatlara başladı. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli həmrəyliyini, ordumuzun döyüş qabiliyyətini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi Azərbaycan tarixində qəhrəmanlıq və fədakarlıq nümunəsi kimi yadda qaldı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbçilərimiz misilsiz şücaət göstərdilər. Onlar canları və qanları bahasına torpaqlarımızın azadlığı uğrunda mübarizə apardılar. Arxa cəbhədə çalışan mülki insanlar, şəhid ailələri, qazilər və bütün Azərbaycan xalqı böyük həmrəylik nümayiş etdirərək ordumuzun yanında oldu. Bu tarixi qələbənin arxasında minlərlə Azərbaycan vətəndaşının fədakarlığı dayanır. Şəhidlərimizin hər birinin həyatı, göstərdiyi qəhrəmanlıq və Vətən sevgisi gələcək nəsillər üçün örnəkdir. Onların adları Azərbaycanın şanlı tarixinə əbədi həkk olunub. Bu gün azad edilmiş torpaqlarda dalğalanan üçrəngli Azərbaycan Bayrağı şəhidlərimizin müqəddəs ruhuna ehtiramın və onların arzularının gerçəkləşməsinin rəmzidir. Anım Günü yalnız keçmişi xatırlamaq deyil, həm də şəhidlərimizin bizə miras qoyduğu dəyərləri yaşatmaq deməkdir. Bu tarix gənc nəslə Vətənə sevgi, dövlətə sədaqət, milli birlik və həmrəylik kimi ali dəyərlərin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır. Şəhidlərin həyat yolu göstərir ki, Vətən sevgisi ən yüksək mənəvi dəyərlərdən biridir. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların adlarının uca tutulması və ailələrinin sosial müdafiəsinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Şəhidlərimizin ailələrinə göstərilən diqqət onların qəhrəmanlığına verilən dəyərin ifadəsidir. 27 Sentyabr eyni zamanda xalqımızın birlik və həmrəylik tarixidir. Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı milli maraqlar və dövlətçilik məsələləri ətrafında vahid mövqedən çıxış edə bilir. Xalq–Ordu birliyi qələbənin mühüm amillərindən biri kimi tarixə düşdü. Bu gün biz şəhidlərimizin xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Onların qəhrəmanlığı Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması tarixinin ayrılmaz hissəsidir. Şəhidlərimizin adı daim uca tutulacaq, onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. 27 Sentyabr – Anım Günü bizə bir daha xatırladır ki, müstəqil dövlətimizin, milli birliyimizin və ərazi bütövlüyümüzün qorunması hər bir vətəndaşın məsuliyyətidir. Şəhidlərimizin müqəddəs xatirəsinə ən böyük ehtiram isə onların canları bahasına əldə edilən tarixi nailiyyətləri qorumaq, dövlətimizi daha da gücləndirmək və gələcək nəsillərə daha qüdrətli Azərbaycan miras qoymaqdır. Bu əziz gündə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə dərin ehtiramımızı bildiririk. Qəhrəman Vətən övladlarının şərəfli ömür yolu heç vaxt unudulmayacaq. Şəhidlər ölmür, onlar xalqın yaddaşında və tarixində əbədi yaşayırlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq!
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı