PDF Oxu

Siyasət

  • 484

Beynəlxalq hüququn bərpası və yeni geopolitik reallıqlar - ŞƏRH

image

2020-ci il sentyabrın 27-si Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində fundamental dönüş nöqtəsi kimi çıxış edir. Otuz ilə yaxın davam edən işğal dövründə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarının nəticəsiz qalması və Ermənistanın işğalçılıq siyasətini möhkəmləndirmək cəhdləri münaqişənin hərbi-siyasi yolla həllini qaçılmaz etmişdir. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi (Haqq savaşı), Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı kimi tarixdə öz yerini almışdır.
Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna tam uyğun gəlmişdir. Bu zəfər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin 27 il ərzində kağız üzərində qalan 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını bilavasitə Azərbaycan dövlətinin öz hərbi-siyasi gücü ilə təmin etmişdir. Bununla da Azərbaycan beynəlxalq hüququn aliliyini bərpa edərək, regional münaqişələrin həllində dövlətin suveren hüquqlarının reallaşdırılmasının unikal modelini nümayiş etdirmişdir.
Vətən müharibəsində əldə olunan qələbə yalnız modern hərbi texnologiyaların və strateji komandanlığın nəticəsi deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin monolit birliyinin təzahürüdür. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşən Azərbaycan xalqı yüksək milli kimlik şüuru və vuruşma əzmi göstərmişdir. Vətən uğrunda canlarından keçmiş şəhidlərin fədakarlığı milli yaddaşın formalaşmasında və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mənəvi-ideoloji təməl daşına çevrilmişdir.
27 Sentyabrla başlayan Vətən müharibəsi Cənubi Qafqazın geostrateji xəritəsini köklü şəkildə dəyişmişdir. İşğaldan azad edilmiş ərazilərdə sürətlə icra olunan "Böyük Qayıdış" proqramı, modern infrastruktura malik "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, eləcə də Zəngəzur dəhlizi kimi beynəlxalq nəqliyyat-kommunikasiya layihələri regionda dayanıqlı sülh, inteqrasiya və iqtisadi inkişaf üçün yeni perspektivlər açmışdır.
27 Sentyabr – Anım Günü təkcə şəhidlərimizin əziz xatirəsinə ehtiram günü deyil, Azərbaycanın suverenliyini, hərbi qüdrətini və beynəlxalq müstəvidə artan geostrateji çəkisini təcəssüm etdirən tarixi baxımdan müstəsna əhəmiyyətə malik konsepsiyadır.

Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər