Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkə iqtisadiyyatının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunan müşavirədə səsləndirilən fikirlər Azərbaycanın iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafının, sənayeləşmənin və milli resurslardan daha səmərəli istifadənin prioritet olaraq qalmasını bir daha nümayiş etdirdi.
Müşavirədə diqqət çəkən əsas məqamlardan biri yeni Dövlət Proqramının yalnız xammal hasilatının artırılmasına deyil, həmin xammalın ölkə daxilində daha çox emal olunmasına və yüksək əlavə dəyər yaradılmasına istiqamətlənməsidir. Bu yanaşma iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması, ixrac imkanlarının genişləndirilməsi və sənaye potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Diqqətçəkən məsələlərdən biri də odur ki, proqramda dağ-mədən sənayesi metallurgiyadan təcrid olunmuş şəkildə nəzərdən keçirilmir. Əksinə, onların arasında vahid istehsal sistemi formalaşdırılmalıdır. Konkret istiqamətlərdən biri alüminium istehsalının artırılmasıdır. Dövlət başçısı qeyd etmişdir ki, "hərçənd xarici tərəfdaşlardan müəyyən təkliflər var idi, onlar reallaşmadı, çünki biz milli iqtisadiyyata fayda gətirməyə qadir mexanizmlərin tətbiqinə maksimum çalışırıq". Bu mənada dağ-mədən sənayesi və metallurgiya bir-birini tamamlaya bilər. Yeni yataqlar xammal bazası, emal müəssisələri sənaye yükü, metallurgiya istehsalatları isə emal olunmamış xammalla müqayisədə xeyli yüksək dəyərə malik məhsul buraxmağa imkan verir.
Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi reinteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan ərazilərdə zəngin təbii sərvətlərin istifadəsi mümkün olmayıb. Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, Kəlbəcər, Laçın və Zəngilan ərazilərindəki təbii sərvətlər və meşə fondları işğal dövründə ciddi zərərə məruz qalıb. Eyni zamanda, qızıl, mis və molibden yataqlarının bir hissəsi uzun müddət tam geoloji tədqiqatdan kənarda qalıb. İndi isə vəziyyət dəyişib. Dövlət Proqramında ilk növbədə işğaldan azad edilmiş ərazilərdə mövcud yataqların istismara qaytarılması nəzərdə tutulur. Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan əsas istiqamətlər sırasındadır. Ağdərədə artıq işlərə başlanılması, növbəti mərhələdə Kəlbəcər və Zəngilanda da layihələrin həyata keçirilməsinin nəzərdə tutulması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının artırılması baxımından əhəmiyyətlidir. Bu prosesin digər mühüm tərəfi məşğulluq məsələsidir. Dağ-mədən müəssisələrinin, emal zavodlarının və əlaqəli infrastrukturun yaradılması regionlarda yeni iş yerlərinin açılmasına, xidmət sektorunun genişlənməsinə və iqtisadi fəallığın yüksəlməsinə əlavə imkanlar yarada bilər.
İqtisadi siyasətin mühüm istiqamətlərindən biri də sənaye müəssisələrinin xammal mənbələrinə yaxın ərazilərdə inkişaf etdirilməsi və tam istehsal zəncirinin yaradılmasıdır. Qərb Sənaye Parkının yaradılması da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dağ-mədən sənayesində filizin hasilatından başlayaraq zənginləşdirmə, pelet və briketləşdirilmiş dəmir istehsalına qədər bütün mərhələlərin ölkə daxilində qurulması əlavə dəyərin Azərbaycanda formalaşmasına imkan verə bilər. Bu siyasət həmçinin regionların inkişafına yeni imkanlar yaradır. Sənaye müəssisələrinin yaradılması yalnız istehsal göstəricilərinin artması demək deyil. Bu proses yeni iş yerlərinin açılmasına, xidmət sektorunun genişlənməsinə, infrastrukturun inkişafına və əhalinin məşğulluq imkanlarının artmasına şərait yaradır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artırılması Böyük Qayıdış prosesinin davamlılığı baxımından da əhəmiyyətlidir.
Prezident İlham Əliyevin çıxışında ölkənin son iyirmi ildə formalaşdırdığı infrastruktur və enerji potensialına da xüsusi diqqət yetirilib. Azərbaycanın qazlaşma səviyyəsinin 96 faizə çatması, 25 milyard kubmetrdən çox təbii qaz ixrac etməsi və elektrik enerjisi üzrə güclü potensial formalaşdırması yeni sənaye layihələrinin həyata keçirilməsi üçün mühüm baza yaradır. Müşavirədə iqtisadi artımın cari göstəricilərinə toxunan dövlət başçısı qeyd edib ki, 2026-cı ilin ilk səkkiz ayında ümumi daxili məhsul 1,2 faiz artıb, qeyri-neft sektorunda isə artım 5,4 faiz təşkil edib. Bu göstəricilər fonunda qeyri-neft sənayesinin uzunmüddətli və dayanıqlı inkişafının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Müşavirənin siyasi-iqtisadi əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan təbii ehtiyatlarını yalnız mövcud gəlir mənbəyi kimi deyil, uzunmüddətli sənaye inkişafının bazası kimi nəzərdən keçirir. Bu yanaşma qeyri-neft sektorunun şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi və ixrac strukturunun daha da inkişaf etdirilməsi məqsədləri ilə uzlaşır.
Prezident İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların ümumi məzmunu isə bir prinsip üzərində cəmlənir: Azərbaycanın təbii sərvətlərindən daha çox xammal əldə etmək deyil, həmin sərvətləri ölkə daxilində daha dərindən emal etməklə daha yüksək əlavə dəyər yaratmaq. Məhz bu yanaşma dağ-mədən və metallurgiya sənayesinin Azərbaycanın gələcək sənaye siyasətində əhəmiyyətli istiqamətlərdən birinə çevrilməsini şərtləndirir.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri