PDF Oxu

Siyasət

  • 626

Dünyanın ən nüfuzlu avtoidman yarışı yenidən Bakıda

image

Bakı sayca onuncu dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edir. 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Corc Rassel, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub. Bu il Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb. “City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Yeni tribunanın istifadəyə verilməsi ilə BŞH-də tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib. Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland), Oskar Piastri (Avstraliya), M.Ferstappen bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Ölkəmizin uzun illər dünya səviyyəli çox önəmli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir. Bakının "Formula-1" kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Dünyada yarım milyarddan artıq tamaşaçı auditoriyası olan "Formula-1" yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.

ƏN SÜRƏTLİ YARIŞLAR KATEQORİYASI - BAKI TREKİ

"Formula-1" Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə gələn çoxlu sayda turistlər tarixi məkanlar, istirahət mərkəzləri ilə tanış olurlar. Həm müasir, həm də qədim şəhərlə tanış olurlar. Ənənələr, mədəniyyət, tarixin qorunduğu şəhər hər kəsdə zəngin təəssürat oyadıb. "Formula-1" Azərbaycan Qran-Prisi dünyanın nüfuzlu ölkələrini mətbuatında yer alır. Dünya ölkələrinin KİV-ləri Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-Prisindən yazaraq həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın "Formula-1" Qran-Prisinə də müvəffəqiyyətlə ev sahibliyi etdiyini, yarışın gedişini, cəlbediciliyini diqqətə çəkərək, pilotlar, eləcə də burada olan yenilikləri və s. məlumatları oxuculara çatdırırlar. Beləliklə, növbəti "Formula-1" Azərbaycan Qran-Prisi start götürdü. Bu dəfə Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini birdaha nümayiş etdirəcəkdir. Əlbəttə ki, ölkəmizdə bir sıra önəmli beynəlxalq idman yarışlarının təşkili onun siyasi-iqtisadi nüfuzundan xəbər verir. Azərbaycan dövləti bununla da dünyaya sülh mesajını verir.

Hər hansı ölkədə mötəbər yarış keçirilirsə, bu, həmin ölkəyə turist axını gətirir. Təbii ki, keçirilən bu və ya digər tədbirlər turistlərin ölkəmizə axınını daha da gücləndirib. Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeşin televiziya vasitəsilə izləməsi, təbii ki, ölkəmiz ətrafında olan münasibətləri formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bu yarışın ölkəmiz üçün çox böyük faydası olduğunu bildirib: "Birincisi, "Formula-1" yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, "Formula-1" yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə". Cənab Prezident birinci "Formula-1"-dən sonra Azərbaycana kütləvi turist axınının başladığını bildirib: "Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var”. Əlbəttə ki, "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yarışlar müntəzəm yayımlanır. Bakıda keçirilən bu yarış, ən yaxşı yarış hesab edilir. Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdıracaq. Təbii ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışıracaqlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər