Tarix xalqların yalnız keçmişini deyil, həm də milli iradəsini, mübarizəsini və gələcəyə baxışını yaşadan böyük yaddaşdır. Azərbaycan xalqının tarixində isə elə səhifələr var ki, həmin səhifələr qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisi ilə yazılıb. 27 Sentyabr – Anım Günü məhz belə müqəddəs bir tarixi yaddaşın ifadəsidir.
Bu gün Azərbaycan xalqı Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir. Onların hər biri Azərbaycan tarixinin şərəf səhifəsinə öz adını qanı və canı ilə yazıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günü ilə bağlı fikirləri şəhidlərimizin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətini aydın ifadə edir. Dövlət başçısı Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında baş əydiyini bildirərək onların qanının yerdə qalmadığını, Qələbənin məhz qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə əldə olunduğunu vurğulayıb. Bu Qələbəyə aparan yol isə uzun və ağır olmuşdur.
Azərbaycan xalqı uzun illər ərzində Qarabağ probleminin sülh yolu ilə həllinə ümid bəslədi. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli həllin tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirdi. Lakin Ermənistanın işğal siyasətini davam etdirməsi, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin uzun müddət icrasız qalması, danışıqlar prosesinin nəticəsizliyi və zaman-zaman baş verən hərbi təxribatlar vəziyyəti daha da ağırlaşdırdı. Beynəlxalq münasibətlər sistemində Azərbaycana qarşı müşahidə olunan ikili standartlar da bu prosesin mühüm məqamlarından biri idi. Azərbaycan torpaqlarının işğalına son qoyulmasını tələb edən beynəlxalq sənədlərin mövcudluğuna baxmayaraq, onların icrasının təmin edilməməsi xalqımızda haqlı narazılıq doğururdu.
Azərbaycan xalqı sülhsevər xalqdır. Müharibə heç zaman xalqımızın seçimi olmayıb. Lakin sülhün təmin olunması üçün qarşı tərəfin də beynəlxalq hüquqa və razılaşmalara hörmət etməsi vacibdir. Uzun illər davam edən işğal və təxribatlar nəticəsində xalqımızın səbri tükəndi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatı isə artıq vəziyyətin yeni mərhələyə keçməsinə səbəb oldu. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi başladı. Həmin günlər Azərbaycan xalqının tarixində həm ağır, həm də qürurlu günlər kimi yadda qaldı. Ölkənin hər yerində insanlar cəbhədən gələn xəbərləri böyük həyəcanla izləyir, əsgər və zabitlərimizin uğurlarını qürur hissi ilə qarşılayırdı. Ön cəbhədə döyüşən hərbçilərimizin arxasında bütöv bir xalq dayanmışdı. Hər evdən Vətənə dualar yüksəlir, hər bir Azərbaycan vətəndaşı özünü bu böyük mübarizənin bir parçası hesab edirdi.
Müharibə dövründə “Öldü var, döndü yoxdur” deyən Azərbaycan əsgəri Vətən torpağının azadlığı üçün canını əsirgəmədi. Onlar ən çətin döyüşlərdə belə geri addım atmadılar. Qarşılarında yalnız bir məqsəd vardı – işğal altında olan torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü və xalqımızın sarsılmaz birliyini bütün dünyaya göstərdi. Döyüş meydanında qazanılan uğurlar, xüsusilə Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixinin parlaq səhifələrinə çevrildi. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr yaratdı. Lakin hər bir böyük Qələbənin arxasında ağır itkilər dayanır.
Azərbaycan öz Zəfərini şəhidlərinin canı bahasına qazandı. Minlərlə Vətən övladı ən müqəddəs zirvəyə – şəhidlik zirvəsinə ucaldı. Onların arasında gənc yaşında həyatını Vətənə həsr edən oğullarımız, ailəsini, övladlarını, doğmalarını geridə qoyaraq döyüş meydanına yollanan qəhrəmanlarımız vardı. Bu səbəbdən Anım Günü bizim üçün sadəcə bir təqvim günü deyil. Bu gün həm də şəhidlərimizin qarşısında mənəvi borcumuzu xatırladığımız, onların həyat yoluna, qəhrəmanlığına və fədakarlığına ehtiram göstərdiyimiz müqəddəs gündür.
Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu Qələbəni Azərbaycan xalqına bəxş edən qəhrəman əsgər və zabitlərimizin şücaəti və fədakarlığı artıq dastana çevrilib. Onların qəhrəmanlığı Azərbaycan gəncliyi üçün Vətənə sədaqətin, cəsarətin və milli qürurun nümunəsidir. Şəhidlərimizin ailələri isə bu böyük Qələbənin ən ağır mənəvi yükünü daşıyan insanlardır. Dövlət tərəfindən şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil, məşğulluq, tibbi xidmət, reabilitasiya və digər ehtiyaclarının qarşılanması istiqamətində tədbirlər həyata keçirilir. Bu qayğı şəhidlərimizin xatirəsinə ehtiramın və onların ailələrinə dövlətin diqqətinin mühüm ifadəsidir.
Dövlətin öz əsgərinin yanında olması yalnız müharibə meydanında deyil, müharibədən sonrakı dövrdə də özünü göstərir. Qazilərin sağlamlığının bərpası, reabilitasiyası, sosial təminatı və şəhid ailələrinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər bu siyasətin davamlı xarakter daşıdığını göstərir.
Bu gün Azərbaycan yeni reallıqlar şəraitində öz inkişaf yolunu davam etdirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın reallaşmasına xidmət edir. Bir zamanlar dağıntılar içində olan yaşayış məntəqələrində həyat yenidən canlanır. Bu mənzərə şəhidlərimizin uğrunda can verdiyi Vətən torpaqlarının necə dirçəldiyini göstərən ən təsirli nümunələrdəndir.
Lakin Zəfərin qorunması yalnız quruculuq işləri ilə məhdudlaşmır. Zəfər ruhunun gələcək nəsillərə ötürülməsi də böyük məsuliyyətdir. Məhz burada təhsil və tərbiyənin rolu xüsusi əhəmiyyət daşıyır. Uşaqlara Vətəni sevməyi öyrətmək yalnız müəyyən bir günün və ya tədbirin işi deyil. Vətən sevgisi gündəlik tərbiyənin ayrılmaz hissəsinə çevrilməlidir. Uşaq öz bayrağını tanımalı, himnimizə hörmət etməli, doğma torpağını sevməli, milli-mənəvi dəyərlərini bilməli və qəhrəmanlarımızın xatirəsinə ehtiramla yanaşmalıdır.
Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri kimi hesab edirəm ki, şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılması və onların Vətən sevgisinin gələcək nəsillərə çatdırılması bizim ən mühüm mənəvi vəzifələrimizdən biridir. Biz bağçada uşaqlara Vətən sevgisini yalnız sözlərlə deyil, gündəlik fəaliyyətimizlə aşılamağa çalışırıq. Dövlət rəmzlərimizə hörmət, Azərbaycan dilinə sevgi, milli musiqimizə maraq, xalqımızın tarixini və mədəniyyətini tanımaq, qəhrəmanlarımız haqqında yaşa uyğun məlumatlar vermək bu istiqamətdə apardığımız tərbiyə işinin əsas hissələrindəndir.
Xüsusilə Anım Günü və digər əlamətdar tarixlərdə uşaqların yaş və psixoloji xüsusiyyətlərini nəzərə alaraq müxtəlif səhər fəaliyyətləri, söhbətlər, musiqi və yaradıcılıq məşğələləri təşkil edirik. Uşaqlar şeirlər, mahnılar, rəsmlər və müxtəlif fəaliyyətlər vasitəsilə Vətən anlayışını öz dünyalarına uyğun şəkildə dərk edirlər.
Biz uşaqlara müharibənin ağrısını deyil, Vətənə sevginin, birliyin, mərdliyin, qəhrəmanlığın və şəhidlərimizə ehtiramın mənasını aşılamağa çalışırıq. Çünki bu gün bağçada yetişən hər bir uşaq Azərbaycanın gələcəyidir. Onların qəlbində Vətən sevgisinin möhkəm təməlini yaratmaq bizim üçün böyük məsuliyyətdir. İnanıram ki, şəhidlərimizin xatirəsini yaşatmağın ən gözəl yollarından biri onların bizə əmanət etdiyi Vətəni sevmək, qorumaq və gələcək nəsillərə daha güclü şəkildə ötürməkdir.
Bu gün üçrəngli bayrağımızın azad Qarabağ torpaqlarında dalğalanması şəhidlərimizin qanı ilə yazılmış tariximizin ən böyük həqiqətlərindən biridir. Biz bu həqiqəti unutmamalı, onu gələcək nəsillərə layiqincə çatdırmalıyıq.
Şəhidlər ölmür. Onlar Vətən var olduqca yaşayır, xalqımızın yaddaşında, tariximizin şərəfli səhifələrində və yetişdirdiyimiz yeni nəslin qəlbində əbədi yaşamağa davam edirlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhid ailələrinə səbir və möhkəm iradə nəsib etsin. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim uca tutulacaq.
Səriyyə Əhmədova
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri