Bu baxımdan 22 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramı 23 sentyabrda Prezidentin Sərəncamı ilə təsdiqlənib. Sənəddə qarşıdakı illər üçün sektorun inkişafının konkret istiqamətləri və hədəfləri müəyyənləşdirilib.
Yeni Dövlət Proqramının əsas mahiyyətini yalnız filiz hasilatının artırılması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Burada daha geniş sənaye yanaşması – geoloji kəşfiyyatdan hasilata, ilkin emaldan metallurgiyaya, hazır məhsul istehsalından ixraca qədər vahid dəyər zəncirinin formalaşdırılması qarşıya məqsəd kimi qoyulur. Prezident İlham Əliyevin müşavirədə diqqət çəkdiyi əsas məsələlərdən biri Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq imkanlarının mövcudluğudur. Proqramın hədəflərinə əsasən, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə sektor üzrə ümumilikdə 5,3 milyard manat investisiyanın səfərbər edilməsi planlaşdırılır.
Bu rəqəmlər sənayenin qarşısında yalnız kəmiyyət artımı deyil, struktur transformasiyası və daha yüksək əlavə dəyərin yaradılması vəzifəsinin dayandığını göstərir. Müasir iqtisadiyyatda ölkənin sahib olduğu təbii resursların həcmi qədər həmin resursların hansı texnologiya ilə emal edilməsi, hansı məhsula çevrilməsi və qlobal bazara hansı formada çıxarılması da mühüm əhəmiyyət daşıyır. Buna görə də Azərbaycanın qarşıdakı mərhələdə mineral sərvətlərin xammal formasında deyil, mümkün qədər daha yüksək emal səviyyəsində iqtisadi dövriyyəyə cəlb edilməsinə yönəlməsi sənaye siyasətinin mühüm istiqamətlərindən biri kimi çıxış edir.
Sektorun uzunmüddətli inkişafı üçün əsas şərtlərdən biri mineral-xammal bazasının genişləndirilməsidir. Bu baxımdan yeni geoloji kəşfiyyat işlərinin aparılması və mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi mühüm istiqamət təşkil edir. Dövlət Proqramında Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də nəzərdə tutulur. Bununla yanaşı, “Filizçay” polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, “Dəmirli” yatağında əlavə mis ehtiyatlarının istifadəsi potensialının araşdırılması, “Zəylik” alunit yataqlarının alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılması imkanlarının müəyyənləşdirilməsi kimi istiqamətlər də proqramın sonrakı mərhələləri üçün mühüm potensial yaradır.
Bu yanaşma göstərir ki, söhbət yalnız hazırda fəaliyyət göstərən istehsal sahələrinin genişləndirilməsindən getmir. Məqsəd gələcək sənaye inkişafının xammal bazasını da əvvəlcədən formalaşdırmaqdır.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının araşdırılması və onların ölkənin ümumi iqtisadi sisteminə reinteqrasiyası qarşıdakı dövrün mühüm vəzifələrindəndir. Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji kəşfiyyat və mineral ehtiyatların öyrənilməsi bu baxımdan həm sənaye, həm də regional inkişaf perspektivləri yaradır. Burada əsas məsələ təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsini həmin ərazilərin kompleks inkişafı ilə uzlaşdırmaqdır. Yeni müəssisələrin yaradılması, nəqliyyat və enerji infrastrukturunun inkişafı, peşə hazırlığı və məşğulluğun artırılması regionların iqtisadi həyatının canlanmasına təsir göstərə bilər. Belə yanaşma dağ-mədən və metallurgiya siyasətini təkcə sənaye məsələsi olmaqdan çıxararaq regional inkişaf siyasətinin də mühüm elementinə çevirir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət siyasətinin uzunmüddətli istiqamətlərindən biridir. Yeni sənaye layihələrinin bölgələrdə həyata keçirilməsi bu siyasətin iqtisadi əsaslarını daha da genişləndirə bilər. Dağ-mədən və metallurgiya sənayesi üzrə yeni müəssisələrin yaradılması birbaşa iş yerləri ilə yanaşı, logistika, xidmət, texniki xidmət, tikinti, nəqliyyat, mühəndislik və digər əlaqəli sahələrdə də məşğulluq imkanlarının artmasına səbəb ola bilər. Dövlət Proqramının təqdimatında qarşıdakı dörd il ərzində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulduğu bildirilib. Bu göstərici xüsusilə regionlar baxımından əhəmiyyətlidir. Çünki sənaye müəssisələrinin bölgələrdə yaradılması iqtisadi fəallığın yalnız paytaxtda cəmləşməsinin qarşısının alınmasına, yerli əmək ehtiyatlarından istifadəyə və regionlarda yeni iqtisadi imkanların formalaşmasına xidmət edə bilər.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafında yalnız yataqların mövcudluğu kifayət etmir. Xammalın müəssisələrə daşınması, emal olunmuş məhsulların daxili və xarici bazarlara çıxarılması üçün müasir nəqliyyat və logistika infrastrukturu da tələb olunur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətləri, liman və dəmir yolu infrastrukturu sənaye məhsullarının müxtəlif bazarlara çıxarılması üçün əlavə imkanlar yaradır.
Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı nəqliyyat-logistika imkanlarının genişləndirilməsi ilə paralel həyata keçirildikdə daha geniş iqtisadi effekt yarada bilər. Xüsusilə ixracyönümlü metallurgiya məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün logistika xərclərinin və vaxtının optimallaşdırılması rəqabət qabiliyyətinə birbaşa təsir edən amillərdəndir.
23 sentyabr 2026-cı ildə təsdiqlənən Dövlət Proqramı dağ-mədən və metallurgiya sənayesinin 2027–2030-cu illər üzrə inkişaf istiqamətlərini sistemləşdirir. Sənəddə yalnız 2030-cu ilədək olan hədəflər deyil, daha sonrakı dövr üçün də müəyyən perspektivlər nəzərdə tutulur. Məsələn, “Filizçay”, “Dəmirli” və “Zəylik” yataqları ilə bağlı gələcək imkanların qiymətləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi, yeni alüminium istehsalı imkanlarının araşdırılması kimi istiqamətlər sektorun perspektivinin yalnız dörd illik proqram çərçivəsində deyil, daha uzunmüddətli sənaye baxışına əsaslandığını göstərir.
Bu isə Azərbaycanın təbii sərvətlərdən istifadəyə münasibətində yeni mərhələnin formalaşmasına işarə edir: xammalın hasilatı ilə kifayətlənməmək, onu emal etmək, əlavə dəyər yaratmaq, sənaye zəncirini ölkə daxilində genişləndirmək və ixrac imkanlarını artırmaq.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü