Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının, şaxələndirilməsinin və qeyri-neft sektorunun gücləndirilməsinin əsas istiqamətlərindən biri ölkənin zəngin təbii ehtiyatlarından səmərəli istifadə olunması, xammalın emal edilərək yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi və müasir sənaye sahələrinin inkişaf etdirilməsidir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illərdə inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi bu sahənin ölkənin iqtisadi inkişaf gündəliyində mühüm yer tutduğunu bir daha nümayiş etdirdi. Müşavirədə dövlət başçısı proqramın əsas məqsədlərinə, qarşıya qoyulan vəzifələrə və Azərbaycanın mineral resurslarının iqtisadi dövriyyəyə daha geniş cəlb olunması imkanlarına diqqət çəkdi.
Dağ-mədən və metallurgiya sənayesi uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi potensialının artırılması baxımından mühüm sahələrdən biri kimi qiymətləndirilir. Bu istiqamətdə əsas məqsəd yalnız faydalı qazıntıların hasil edilməsindən ibarət deyil. Əsas hədəflərdən biri xammalın hasilatından başlayaraq onun zənginləşdirilməsi, emalı, metallurgiya məhsullarının istehsalı və son məhsula çevrilməsinə qədər bütöv sənaye zəncirinin formalaşdırılmasıdır. Proqram üzrə 2027–2030-cu illərdə ümumi investisiya ehtiyacının 5,3 milyard manat həcmində qiymətləndirilməsi diqqət çəkən əsas göstəricilərdən biridir. Bu vəsaitin 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl vəsait hesabına formalaşdırılması nəzərdə tutulur. Azərbaycanın dağ-mədən sənayesində mühüm layihələrdən biri Daşkəsən dəmir filizi layihəsidir. Dövlət Proqramı çərçivəsində burada dəmir filizi mədəninin, zənginləşdirmə və pelet istehsalı güclərinin yaradılması, eyni zamanda isti briketlənmiş dəmir zavodunun yaradılması planlaşdırılır. Layihənin əsas istiqamətlərindən biri ölkədə hasil edilən dəmir filizinin sonrakı emal mərhələlərinin də Azərbaycanda təşkil olunmasıdır. Dövlət Proqramının mühüm istiqamətlərindən biri də alüminium sənayesinin inkişaf etdirilməsidir. Qarşıdakı dövrdə mövcud istehsal imkanlarının genişləndirilməsi və daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına keçid əsas hədəflər sırasında yer alır. Elektroliz zavodunun illik istehsal gücünün 50 min tondan 100 min tona, alüminium yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur. Azərbaycanın qiymətli və əlvan metal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi də Dövlət Proqramında xüsusi yer tutur. Mis istehsalının əhəmiyyətli dərəcədə artırılması, qızıl istehsalının isə mövcud və yeni layihələr hesabına genişləndirilməsi nəzərdə tutulur. Mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması hədəfi müəyyənləşdirilib. Azərbaycanın dağ-mədən sənayesinin inkişafında “AzerGold” QSC-nin fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Şirkətin qızıl, gümüş və digər faydalı qazıntı layihələri üzrə fəaliyyəti genişləndirilir. Daşkəsəndə “Çovdar” qızıl mədənində fəaliyyətin başlanması ölkədə müasir dağ-mədən istehsalının inkişafı baxımından mühüm mərhələ kimi təqdim olunur. Dağ-mədən və metallurgiya sənayesinin inkişafının yalnız sənaye istehsalının artımı ilə məhdudlaşmadığını qeyd etmək vacibdir. Bu sahədə yeni müəssisələrin yaradılması regionların sosial-iqtisadi inkişafına da təsir göstərə bilər. Dövlət Proqramında 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Dağ-mədən və metallurgiya layihələri böyük kapital qoyuluşu və uzunmüddətli maliyyələşmə tələb edir. Belə layihələrdə qərar qəbulundan istehsal mərhələsinə qədər olan müddət beş il və daha artıq davam edə bilər. Buna görə də uzunmüddətli kredit resurslarına çıxışın genişləndirilməsi sahənin inkişafında mühüm məsələlərdən biridir. Müasir dövrdə dağ-mədən sənayesinin inkişafı yalnız hasilatın artırılması ilə ölçülmür. Ekoloji tələblərə riayət olunması, təbii ehtiyatlardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi və istehsal tullantılarının idarə olunması da mühüm əhəmiyyət kəsb edir. Mineral resurslardan səmərəli istifadə, yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi və metallurgiya məhsullarının ixrac potensialının artırılması qarşıda duran əsas məqsədlərdəndir.
Dövlət Proqramının əhəmiyyəti yalnız 2027–2030-cu illərdə nəzərdə tutulan layihələrlə məhdudlaşmır. “Filizçay” polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, “Dəmirli” yatağında əlavə mis ehtiyatlarının istifadə potensialının araşdırılması və “Zəylik” alunit yatağının alüminium dəyər zəncirinin xammal bazasına çevrilməsi imkanlarının öyrənilməsi gələcək üçün mühüm istiqamətlərdir. 22 sentyabr 2026-cı ildə keçirilən müşavirə və onun ardınca 23 sentyabrda Dövlət Proqramının təsdiq edilməsi Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələnin hüquqi və institusional əsaslarını müəyyənləşdirən mühüm hadisələrdən biridir. Qarşıdakı illərdə dəmir filizi, alüminium, mis, qızıl və gümüş kimi strateji əhəmiyyətli istiqamətlərdə istehsal və emal imkanlarının genişləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması, investisiyaların cəlb edilməsi və ixrac potensialının artırılması nəzərdə tutulur. Bu siyasətin əsas məğzi təbii sərvətlərin yalnız xammal kimi deyil, ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Belə yanaşma sənaye istehsalının genişlənməsi, yeni iş yerlərinin yaradılması, regionların iqtisadi fəallığının artması və qeyri-neft sektorunun inkişafına xidmət edən amillərdən biri kimi çıxış edir.
Sərxanlı Vəli
YAP Culfa rayon təşkilatının fəalı