PDF Oxu

Siyasət

  • 568

Dağ-mədən və metallurgiya sənayesi - Azərbaycanın yeni sənaye inkişaf mərhələsi - ŞƏRH

image

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkənin təbii resurslarından daha səmərəli istifadə olunması istiqamətində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən müşavirədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının hazırlanması və 2027–2030-cu illərdə həyata keçirilməsi ilə bağlı mühüm istiqamətlər müəyyənləşdirilib.

Dövlət başçısının çıxışından aydın görünür ki, qarşıdakı dövrdə dağ-mədən sənayesinə yalnız xammal mənbəyi kimi deyil, müasir sənaye və istehsal zəncirinin mühüm hissəsi kimi yanaşılacaq. Bu yanaşma filizin hasilatından başlayaraq onun zənginləşdirilməsi, emalı və son məhsula çevrilməsinə qədər bütün mərhələləri əhatə edən yeni sənaye modelinin formalaşdırılmasını nəzərdə tutur.

Prezident İlham Əliyev bu sahənin ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektorunun inkişafı baxımından böyük perspektivlərə malik olduğunu vurğulayıb. Dövlət Proqramının icrası nəticəsində beş mindən çox daimi iş yerinin yaradılması, regionlarda məşğulluğun artırılması, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və ixrac imkanlarının genişləndirilməsi gözlənilir. Bu baxımdan proqram Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi çıxış edir. Çünki ölkənin təbii sərvətlərinin yalnız hasil edilərək xammal şəklində xarici bazarlara çıxarılması əvəzinə, onların ölkə daxilində emal olunması daha yüksək əlavə dəyərin yaradılmasına imkan verəcək. Beləliklə, dağ-mədən sənayesi ilə yanaşı, metallurgiya, emal və digər əlaqəli sənaye sahələrinin də inkişafına stimul yaranacaq.

Yeni Dövlət Proqramının mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə yerləşən təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sovet dövründə aşkar edilmiş bir sıra yataqların işğal altında qalması onların uzun illər ərzində istismar edilməsinə imkan verməyib.

Bu gün isə vəziyyət tamamilə dəyişib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə həmin ərazilərin zəngin təbii ehtiyatlarının ölkə iqtisadiyyatına inteqrasiyası üçün yeni imkanlar yaranıb. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismarı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdərədə artıq işlərə başlanılması, yaxın perspektivdə Kəlbəcər və Zəngilanda da müvafiq layihələrin həyata keçirilməsinin nəzərdə tutulması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm addımdır. Burada əsas məqsəd yalnız yataqların istismara verilməsi deyil. Müasir geoloji üsullardan istifadə etməklə mövcud ehtiyatların yenidən qiymətləndirilməsi, yeni kəşfiyyat işlərinin aparılması və ehtiyat bazasının genişləndirilməsi də qarşıya mühüm vəzifə kimi qoyulur.

Yeni sənaye strategiyasında Naxçıvan Muxtar Respublikasına da xüsusi yer ayrılır. Prezident İlham Əliyev Naxçıvanda həm sovet dövründə, həm də sonrakı illərdə geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığını və burada böyük yataqların mövcudluğu ehtimalının yüksək olduğunu bildirib. 2027-ci ildən Naxçıvanda geoloji kəşfiyyat işlərinin başlanmasının nəzərdə tutulması muxtar respublikanın iqtisadi imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli perspektiv yaradır. Bu işlərin həm dövlət, həm də özəl sektorun iştirakı ilə aparılması planlaşdırılır.

Dövlət xətti üzrə prosesdə “AzerGold”un iştirakı nəzərdə tutulur. Eyni zamanda, sahənin özəl investorlar, o cümlədən xarici tərəfdaşlar üçün açıq olması da yeni imkanlar yaradır. Geoloji kəşfiyyat nəticəsində perspektivli yataqlar aşkar ediləcəyi təqdirdə onların müasir texnologiyalar əsasında işlənməsi və tam istehsal zəncirinin qurulması nəzərdə tutulur.

Bu yanaşma Naxçıvanın yalnız xammal bazası kimi deyil, gələcəkdə dağ-mədən və emal sənayesinin mühüm mərkəzlərindən biri kimi formalaşmasına şərait yarada bilər.

Dövlət Proqramının əsas xüsusiyyətlərindən biri hasilatla kifayətlənməmək və tam istehsal zəncirinin yaradılmasıdır. Prezident İlham Əliyev vurğulayıb ki, yeni qızıl, mis və molibden yataqları aşkar ediləcəyi təqdirdə onların yalnız filiz şəklində dünya bazarlarına çıxarılması məqsədəuyğun deyil. Bu yanaşma Azərbaycanın iqtisadi siyasətində əlavə dəyərin ölkə daxilində formalaşdırılmasına verilən önəmi göstərir. Filizin hasilatı ilə yanaşı, zənginləşdirmə və emal müəssisələrinin, pelet və briketlənmiş dəmir zavodlarının yaradılması nəzərdə tutulur. Bu istiqamətdə Qərb Sənaye Parkının yaradılması da xüsusi əhəmiyyət daşıyır. Daşkəsən filiz yatağının istismarı və ətraf ərazilərdə həyata keçiriləcək digər layihələr sənaye parkının yaradılmasını şərtləndirən əsas amillərdəndir. Burada müvafiq infrastrukturun qurulması və sənaye layihələrinin həyata keçirilməsi üçün maliyyə imkanlarının təmin edilməsi planlaşdırılır.

Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağı da Dövlət Proqramının diqqət mərkəzində olan mühüm layihələrdəndir. Prezident İlham Əliyev yatağı Avropa qitəsinin perspektivli yataqlarından biri kimi qiymətləndirib və onun istismara hazırlanması istiqamətində görülən işlərin sürətləndirilməsinin vacibliyini qeyd edib. Növbəti mərhələdə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və yekun investisiya qərarının qəbul edilməsi gözlənilir. Yatağın istismarı ilə yanaşı, gələcəkdə xarici investorların da layihəyə cəlb olunması imkanları nəzərdən keçirilə bilər.

Metallurgiya sənayesinin digər mühüm istiqaməti isə alüminium istehsalının genişləndirilməsidir. Qarşıya qoyulan hədəfə əsasən, 2030-cu ilin sonuna qədər Azərbaycanda alüminium istehsalının 100 min tona çatdırılması nəzərdə tutulur. Bu məqsədlə bir sıra yeni zavodların yaradılması planlaşdırılır.

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı son illərin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatındakı artım templərinə təsir edən amillər sırasında neft hasilatının azalmasını qeyd edib. Eyni zamanda, qeyri-neft sektorunda əldə olunan nəticələrin müsbət dinamikası diqqətə çatdırılıb. Bu kontekstdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni sənaye müəssisələrinin yaradılması, yerli istehsal imkanlarının genişləndirilməsi, məşğulluğun artırılması və ixrac potensialının gücləndirilməsi iqtisadi artımın daha çox istiqamət üzrə təmin olunmasına şərait yarada bilər.

Dövlət Proqramının maliyyə təminatının müəyyənləşdirilməsi və aidiyyəti qurumlarla razılaşdırılması da layihələrin həyata keçirilməsi üçün institusional bazanın formalaşdırıldığını göstərir. Eyni zamanda, yerli və xarici investorların prosesə cəlb olunması sahəyə əlavə maliyyə və texnoloji imkanların gətirilməsi baxımından nəzərdə tutulur. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız sənaye göstəricilərinin artması ilə məhdudlaşmır. Bu sahədə həyata keçiriləcək layihələr regionların sosial-iqtisadi inkişafına da birbaşa təsir göstərə bilər.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni iş yerlərinin yaradılması, sənaye infrastrukturunun qurulması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Böyük Qayıdış prosesinin iqtisadi əsaslarını daha da möhkəmləndirə bilər.

Bununla yanaşı, Prezident İlham Əliyevin çıxışında ekoloji məsələlərə də xüsusi diqqət yetirilib. Dağ-mədən layihələrinin həyata keçirilməsi zamanı ekoloji ekspertizanın aparılması və mövcud ekoloji normalara ciddi əməl olunması qarşıya qoyulan əsas şərtlərdəndir. Bu isə sənaye inkişafının ətraf mühitin mühafizəsi ilə paralel aparılmasının nəzərdə tutulduğunu göstərir.

2027–2030-cu illəri əhatə edəcək Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı kimi nəzərdə tutulur. Proqram çərçivəsində təbii resursların öyrənilməsi, yeni yataqların müəyyənləşdirilməsi, mövcud yataqların müasir texnologiyalarla istismarı, emal müəssisələrinin yaradılması və son məhsula qədər uzanan istehsal zəncirinin formalaşdırılması qarşıya əsas məqsədlər kimi qoyulur.

Əslində, burada söhbət yalnız yeni sənaye müəssisələrinin yaradılmasından getmir. Hədəf Azərbaycanın təbii ehtiyatlarını daha yüksək əlavə dəyərə çevirən, regionlarda məşğulluğu artıran, ixrac imkanlarını genişləndirən və qeyri-neft iqtisadiyyatının dayanıqlığını gücləndirən müasir sənaye ekosisteminin formalaşdırılmasıdır.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihələrin maliyyə tutumu böyük olsa da, gözlənilən iqtisadi nəticələrin də əhəmiyyətli olması nəzərdə tutulur. Beləliklə, dağ-mədən və metallurgiya sənayesi qarşıdakı illərdə Azərbaycanın iqtisadi inkişafında yeni, müasir və uzunmüddətli sənaye istiqamətlərindən birinə çevrilmək üçün geniş potensiala malikdir.

Esmira Həsənova

Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər