Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Həmin tapşırıqların icrası ilə yerində tanış olmaq üçün martın 31-də Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında olmuşdur.
Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunan müşavirədə respublikamızın paytaxtında ötən illərdə konkret proqramların həyata keçirildiyini bildirərək Bakının meqapolisə çevrilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulamışdı. Dövlətimizin başçısı paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra daha da vüsət alacağını qeyd etmiş və bu məqsədlə xüsusi dövlət proqramı üzərində işlərin getdiyini bildirmişdir. Prezidentin tapşırıqlarına əsasən Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanılmışdır. Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev Zabrat qəsəbəsinin 7500-dən artıq sakinin məskunlaşdığı "Teplitsa" adlandırılan yaşayış sahəsində oldu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən qəsəbələrarası yolların əsaslı təmirinə başlanılıb. Bu yaşayış sahəsindəki 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü döşənib. Dövlətimizin başçısının tapşırıqlarına əsasən qəsəbələrarası yollar boyunca işıqlandırma sisteminin qurulacağı qeyd olundu, kəndlərdə və qəsəbələrdə kanalizasiya xətlərinin çəkiləcəyinin isə dövlət proqramına daxil edildiyi vurğulandı. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən I Zabrat qəsəbəsi ilə II Zabrat qəsəbəsi arasında 12 min sakinin yaşadığı yeni sahədə də müasir məktəb binası inşa ediləcəkdir.
Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə kəndində görülən işlərlə də yaxından tanış oldu. 5500 sakinin yaşadığı bu kənddə də dövlət başçısının tapşırıqlarına əsasən yeni məktəb binası inşa ediləcək və bu məqsədlə artıq torpaq sahəsi ayrılmışdır. Bülbülə kəndində məhəlləarası yolların əsaslı təmirinə də başlanılıb. Burada 8 min kvadratmetr əraziyə yeni asfalt örtüyü döşənib, yolun 45 min kvadratmetr hissəsində isə asfalt işləri qısa vaxt ərzində başa çatdırılacaqdır. Həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı Bülbülə kəndinin sakinləri ilə görüşdü. Sakinlər Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Sakinləri salamlayan Prezident İlham Əliyev bildirdi ki, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi problemləri həll olunur. Prezident vurğuladı ki, burada əsas məqsəd ondan ibarət idi ki, Bakıətrafı qəsəbələrdə bütün sosial-iqtisadi məsələlər öz həllini tapsın: "Qəsəbələrdə məktəb tikintisi sürətlə aparılmışdır, tibb məntəqələri tikilmişdir. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma prosesləri getmişdir. Yəni, müəyyən işlər görülmüşdür. Ancaq mən çox istərdim ki, bu işlər daha da sürətlə və daha da keyfiyyətlə görülsün.
Qəsəbələrdə yaşayan bütün insanlar maksimum şəraitlə təmin olunsunlar. İndi proqram hazırlanır və bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. Çox böyük bir proqramdır. Hazırda qəsəbələrdə yaşayan əhalinin sayı 800 mindən çoxdur. Bu, özlüyündə böyük şəhərdir. Bu qəsəbələrdə yaşayan insanlar bir daha demək istəyirəm ki, ən yüksək standartlarla təmin olunmalıdırlar. Amma bu məsələnin həllinin çox sürətlə getməsini nəzərə alaraq, bir müddət bundan əvvəl Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılmışdır ki, təxirəsalınmaz tədbirlər görülsün. Bu gün bu yolun çəkilişi verilmiş o vəsaitin hesabınadır. Artıq müəyyən işlər görülmüşdür. Bu yol ümumiyyətlə yox idi, burada torpaq yollar var idi. Yəni biz bütün bu yolları yenidən qurmalıyıq, yenidən tikməliyik. Əlbəttə, proqram təkcə yolların tikintisi ilə məhdudlaşmayacaqdır, geniş tədbirlər görüləcəkdir. Qəsəbədə qaz, işıq, su problemləri həll olunubdur. Bu da böyük bir nailiyyətdir. Kanalizasiya problemləri var, o da həll olunacaqdır. Çünki bilirsiniz, ölkəmizdə gedən quruculuq-abadlıq işləri hər bir bölgədə öz müsbət təsirini göstərmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramı vardır və icra edilir. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının yeni mərhələsi başlanmalıdır. Mən hesab edirəm ki, birinci mərhələdə 2011-2013-cü illər əhatə olunmalıdır. Ancaq artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə tutduğumuz məsələləri həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona görə ola bilsin ki, 2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri əhatə edəcək proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaqdır. Bununla bərabər, İqtisadi İnkişaf Nazirliyinə göstəriş verilmişdir ki, qəsəbələrdə yaşayan iş adamları üçün əlavə şərait yaradılsın. Güzəştli şərtlərlə kreditlər verilsin, burada iş yerləri yaradılsın, yeni müəssisələr açılsın ki, işsizliyin də aradan qaldırılması üçün əlavə şərait yaradılsın. Bütövlükdə ölkəmizdə işsizliyə qarşı mübarizə çox ciddi gedir. Demək olar ki, hər bir bölgədə yeni müəssisələr, minlərlə iş yerləri, yeni zavodlar, fabriklər açılmışdır. Bu gün bizim iqtisadi və sənaye potensialımızın güclənməsində bunun çox böyük rolu vardır. Bu gün isə mən gəldim özüm görüm ki, işlər necə gedir. Çox ümid edirəm ki, verilən bütün tapşırıqlar yerinə yetiriləcəkdir. Sizdən və bütün qəsəbələrin sakinlərindən xahiş edirəm ki, bu proqramın icrası ilə bağlı olan məsələləri Prezident Administrasiyasına da göndərsinlər. Əgər hər hansı bir irad varsa, narazılıq varsa, mütləq bizim xəbərimiz olmalıdır ki, bütün bu məsələlər lazımi səviyyədə görülsün."
Abadlıq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıq edən sakinlər Bülbülə kəndindən əsas yola çıxmaq üçün köhnə yolun bərpa olunmasını da dövlətimizin başçısından xahiş etdilər. Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Bülbülə kəndindən əsas yola çıxmaq üçün köhnə yolun vəziyyəti ilə tanış olmaq üçün buraya gəldi. Dövlətimizin başçısı köhnə yolun bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlarını verdi. Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev prospekti ilə "Atəşgah" məbədini birləşdirən küçələrdə əsaslı təmir işlərinə başlanılıb.
Daha sonra Prezident İlham Əliyev "Atəşgah" məbədinə gələrək burada həyata keçirilən bərpa və abadlıq işlərinin gedişi ilə tanış oldu. Aparılan arxeoloji qazıntılar barədə dövlətimizin başçısına məlumat verildi. Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.