Ölkəmizdə hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd olunur. Bu gün Azərbaycanın ən kədərli və eyni zamanda ən qürurlu günlərindən biridir. Anım Günü Vətən müharibəsində canını Vətən uğrunda fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribata əl ataraq cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutdu. Bu təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Məhz bu tarix 30 ilə yaxın davam edən tarixi ədalətsizliyə, ərazi bütövlüyümüzün pozulmasına qarşı mübarizənin başlanğıc günü oldu. 44 gün ərzində şanlı ordumuz düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi.
Şəhidlərimizin ruhuna dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2 dekabr 2020-ci il tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam imzaladı. Bu Sərəncama əsasən hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir. Bu qərar şəhidlərimizin xatirəsinə yüksək ehtiramın, xalqımızın tarixə bağlılığının və milli yaddaşın qorunmasının bariz nümunəsidir.
Anım Gününün dərin fəlsəfi mənası var. Bu gün sadəcə matəm günü deyil, həm də xalqımızın birliyinin, həmrəyliyinin və dövlətçiliyə sədaqətinin rəmzidir. Bu gün həm də gələcək nəsillərə verilən bir vəsiyyətdir ki, azadlığımız şəhid qanı bahasına qazanılıb.
Biz şəhidlərimizi heç vaxt unutmayacağıq. Onların keçdiyi şərəfli döyüş yolu, göstərdikləri qəhrəmanlıq gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir.
Tərtər müharibənin ilk günündən son gününə qədər ən çox atəşə məruz qalan rayon olub. Müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minaatan mərmisi və 21 qadağan olunmuş raket atılıb. Ermənistan ordusu 2020-ci il sentyabrın 27-də saat 10:15-də Smerç yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayon ərazisini atəşə tutmuşdu. Sonrakı günlərdə də şəhərin mərkəzi dayanmadan vurulurdu. Bu atəşlər nəticəsində Tərtər rayonunda 17 mülki şəxs həlak olub, 59 nəfər yaralanıb. Evlər, məktəblər, xəstəxanalar dağıdılıb, lakin Tərtər əhalisi sınmadı. Tərtərin yaddaşından bu ağrılar heç vaxt silinməyib, amma Tərtər təkcə atəş altında qalan şəhər deyil, həm də Qələbəyə aparan yolun başlanğıcı idi. Vətən müharibəsinin ilk böyük uğurları məhz Tərtər istiqamətindən - Talış kəndi və Suqovuşan qəsəbəsinin azad edilməsi ilə başladı.
Bu tarix bizə öyrədir ki, azadlıq hədiyyə edilmir, qazanılır. Bu qələbə təkcə ordunun deyil, bütün xalqın qələbəsidir. Tərtər sübut etdi ki, 16 min mərmi bir şəhəri dağıtmaq olar, amma bir xalqın iradəsini qıra bilməz. 27 Sentyabr - Anım Günü məhz bu iradənin, bu dözümün və şəhidlərimizə olan sonsuz ehtiramın günüdür.
Ruhunuz şad olsun, əziz Şəhidlər!
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi