PDF Oxu

Siyasət

  • 521

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır - ŞƏRH

image

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri dayanıqlı və çoxşaxəli inkişaf modelinin daha da möhkəmləndirilməsidir. Son illərdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri qeyri-neft sektorunun genişləndirilməsi, sənaye istehsalının artırılması və ölkənin malik olduğu təbii resursların daha yüksək əlavə dəyər yaratmaqla iqtisadi dövriyyəyə cəlb edilməsidir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən işlər artıq yeni mərhələyə qədəm qoyub. Sentyabrın 22-də dövlət başçısının sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi və növbəti gün proqramın təsdiqlənməsi qarşıdakı illər üçün konkret fəaliyyət çərçivəsinin formalaşdırıldığını göstərir.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın mineral xammal potensialından daha səmərəli istifadəni, hasilatla yanaşı emal imkanlarının genişləndirilməsini və metallurgiya məhsullarının istehsalında əlavə dəyərin artırılmasını nəzərdə tutur. Belə yanaşma xammalın yalnız hasil edilməsi ilə kifayətlənməyərək onun mümkün qədər ölkə daxilində emal olunmasına və daha yüksək iqtisadi nəticə yaratmasına şərait yarada bilər.
Proqramın qarşıya qoyduğu hədəflərin miqyası da kifayət qədər böyükdür. Rəsmi təqdimata əsasən, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu məqsədlərə nail olmaq üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın yönəldilməsi planlaşdırılır.
İnvestisiya siyasətinin əsas xüsusiyyətlərindən biri dövlət və özəl sektorun imkanlarının paralel şəkildə səfərbər edilməsidir. Dövlət başçısının müşavirədə qeyd etdiyi kimi, nəzərdə tutulan investisiyanın təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşması gözlənilir. Bu isə özəl kapitalın, dövlət müəssisələrinin və digər maliyyə imkanlarının vahid inkişaf məqsədləri ətrafında birləşdirilməsinin əhəmiyyətini artırır.
Sənayenin inkişafında əsas məsələlərdən biri də istehsal zəncirinin bütövlüyünün təmin edilməsidir. Filizin çıxarılmasından başlayaraq onun emalı və son məhsula çevrilməsinə qədər bütün mərhələlərin ölkə daxilində inkişaf etdirilməsi əlavə dəyərin yüksəldilməsinə, sənaye kooperasiyasının genişlənməsinə və ixrac imkanlarının artmasına xidmət edə bilər.
Dövlət Proqramında metal filizləri ilə bağlı mövcud potensialın daha geniş şəkildə qiymətləndirilməsi və yeni imkanların araşdırılması da nəzərdə tutulur. “Filizçay” polimetal yatağının, “Dəmirli” yatağının və “Zəylik” alunit yataqlarının imkanlarının öyrənilməsi, eləcə də yeni alüminium istehsalı müəssisəsinin yaradılması imkanlarının araşdırılması qarşıdakı mərhələnin istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də proqramın perspektiv istiqamətləri sırasında yer alır.
Bu siyasətin digər mühüm nəticələrindən biri məşğulluq imkanlarının genişlənməsi ola bilər. Prezident İlham Əliyev müşavirədə proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması ilə yanaşı, onların ətrafında xidmət, logistika və digər əlaqəli sahələrin də inkişaf etməsi regionların iqtisadi fəallığına təsir göstərə bilər.
Dağ-mədən sənayesinin inkişafı təbii ehtiyatlardan istifadə məsələsini də ön plana çıxarır. Mineral sərvətlərin iqtisadi dövriyyəyə cəlb olunması ilə yanaşı, ətraf mühitin qorunması və təbii resurslardan məsuliyyətli istifadə prinsiplərinin təmin edilməsi vacibdir. İqtisadi inkişafla ekoloji təhlükəsizliyin uzlaşdırılması uzunmüddətli sənaye siyasətinin əsas şərtlərindən biri olaraq qalır.
Dövlət Proqramının təsdiq olunması ilə qarşıdakı dörd il üçün əsas vəzifələr müəyyənləşdirilib. Sənədin icrasına nəzarət və monitorinq mexanizmlərinin müəyyənləşdirilməsi də proqramda nəzərdə tutulan məqsədlərin konkret nəticələrə çevrilməsinə xidmət edəcək.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi siyasətində yeni sənaye istiqamətlərindən birinin formalaşmasına imkan yaradır. Mineral ehtiyatların səmərəli istifadəsi, emal potensialının genişləndirilməsi, investisiyaların artırılması və ixrac imkanlarının böyüdülməsi qarşıdakı illərdə qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynaya bilər.

Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini

Digər xəbərlər