PDF Oxu

Siyasət

  • 543

Azərbaycanın son illərdə keçdiyi tarixi yolun ən mühüm mərhələlərindən biri – Anım Günü - ŞƏRH

image

Azərbaycanın son illərdə keçdiyi tarixi yolun ən mühüm mərhələlərindən biri 2020-ci ilin Vətən müharibəsi oldu. Bu müharibə ölkəmizin siyasi, hərbi və ictimai həyatında mühüm dəyişikliklər yaratmaqla yanaşı, xalqımızın milli yaddaşında da xüsusi yer tutdu. Sentyabrın 27-si məhz bu tarixin ən ağrılı və ən qürurlu səhifələrini özündə birləşdirən Anım Günüdür.

Anım Günü şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə təsis edilib. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Bu tarixə aparan yol isə uzun və mürəkkəb olub. Qarabağ münaqişəsi Azərbaycan xalqının həyatında onilliklər boyu ağır izlər buraxıb. İşğal nəticəsində yaşayış məntəqələri dağıdılıb, tarixi və mədəni irsə ciddi zərər vurulub, yüz minlərlə insan öz doğma torpaqlarından məcburi şəkildə köçkün vəziyyətinə düşüb. Rəsmi sənədlərdə işğal dövründə Azərbaycanın 20 faiz ərazisinin təxminən 30 il işğal altında saxlanıldığı və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü qeyd edilir.
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar bu uzunmüddətli vəziyyətin dəyişməsinə səbəb oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində bir-birinin ardınca mühüm strateji mövqelər və yaşayış məntəqələri azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin azad olunması ilə yanaşı, çoxsaylı kəndlər və strateji yüksəkliklər də Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Müharibənin kulminasiya nöqtəsi isə Şuşanın azad edilməsi oldu. Qədim şəhərin 8 noyabrda azad olunması hərbi əməliyyatların gedişində mühüm dönüş yaratdı. Bundan iki gün sonra imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.
Vətən müharibəsinin nəticəsi yalnız xəritədə dəyişikliklərlə məhdudlaşmadı. Bu müharibə Azərbaycan xalqının dövlətinə və ordusuna inamını, milli həmrəyliyini və Vətən qarşısında məsuliyyət hissini də nümayiş etdirdi. Ön cəbhədə döyüşən hərbçilərimizin göstərdiyi qəhrəmanlıq arxa cəbhədə xalqın nümayiş etdirdiyi həmrəyliklə tamamlandı.
Bu böyük tarixin ən ağır səhifəsində isə şəhidlərimiz dayanır. Onların həyatını Vətən naminə fəda etməsi Azərbaycan tarixinin heç vaxt unudulmayacaq reallıqlarından biridir. Anım Gününün əsas mənası da məhz buradan qaynaqlanır: Zəfərin qiymətini xatırlamaq və bu Zəfəri mümkün edən qəhrəmanların xatirəsini yaşatmaq.
Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda başqa bir tarixi mərhələ yaşanır. Döyüşlərin getdiyi ərazilərdə yeni yollar, yaşayış məhəllələri və sosial obyektlər inşa olunur. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilir. Böyük Qayıdış proqramı işğaldan azad edilmiş ərazilərin bərpasını və insanların həmin torpaqlarda davamlı məskunlaşmasını nəzərdə tutur.
Bu baxımdan 27 Sentyabr həm yaddaş, həm də gələcək deməkdir. Bir tərəfdən Vətən uğrunda həyatını itirən qəhrəmanlarımızı yad edirik, digər tərəfdən onların uğrunda can verdikləri torpaqlarda yeni həyatın qurulmasının şahidi oluruq.
Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onların müqəddəs əmanəti olan Vətən torpaqları üzərində qurulan hər yeni məktəb, hər yeni yol, hər bərpa olunan yaşayış məntəqəsi Zəfər tariximizin davamıdır.
27 Sentyabrda şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onların qəhrəmanlığını minnətdarlıqla xatırlayırıq. Bu yaddaş Azərbaycan dövlətçiliyinin gələcək nəsillərə ötürülən ən qiymətli mənəvi miraslarından biridir.

Elçin Əlizadə
YAP Babək rayon təşkilatının fəal üzvü

Digər xəbərlər