Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan 27 Sentyabr – Anım Günü tariximizin şanlı səhifəsi olan Vətən müharibəsinin başlandığı, haqq və ədalət bərpa olunan müqəddəs bir gündür. 2020-ci ilin məhz bu günündə Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başlayan müzəffər Azərbaycan Ordusu otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etmək üçün qətiyyətli mübarizəyə qalxdı. Bu gün bütün Azərbaycan xalqı Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiram və dərin minnətdarlıqla yad edir, onların igidliyinin heç vaxt unudulmayacağını bir daha bəyan edir.
27 Sentyabr – Anım Günü yalnız hüzn və qürurun qovuşduğu tarix deyil, həm də xalqımızın əyilməz iradəsinin, dəmir yumruq kimi birləşən milli həmrəyliyinin bütün dünyaya nümayiş etdirildiyi şanlı bir başlanğıcdır.
44 gün davam edən Vətən müharibəsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı, şücaəti və xalqımızın hər bir nümayəndəsinin göstərdiyi misilsiz fədakarlıq sayəsində illərlə pozulmuş ərazi bütövlüyümüz bərpa olundu. Düşmənin illər ərzində yaratdığı keçilməz istehkamlar qısa müddət ərzində darmadağın edildi, igid əsgər və zabitlərimiz hər qarış torpaq uğrunda canlarından keçərək əsl qəhrəmanlıq dastanları yazdılar. Bu müharibə həm də Azərbaycan əsgərinin mənəvi gücünü, Vətənə olan sonsuz sevgisini və sarsılmaz ruhunu bütün bəşəriyyətə sübut etdi.
Şəhidlərimizin qanı ilə suvarılan bu torpaqlarda indi üçrəngli bayrağımız qürurla dalğalanır. Azad olunmuş doğma yurdlarımızda – Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi və mədəni abidələrimizin bərpası, eləcə də Böyük Qayıdış proqramının uğurla icrası şəhidlərimizin ideallarının yaşadığının və onların qanının yerdə qalmadığının ən bariz sübutudur. Hər bir yeni infrastruktur, tikilən hər bir ev və qayıdan hər bir soydaşımız şəhidlərimizin əziz xatirəsinə ucaldılan ən uca abidədir.
Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində hər zaman şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının sosial müdafiəsi dayanır. Onların qayğı ilə əhatə olunması, reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin ali prioritetlərindən biridir. Bu gün Azərbaycan xalqı həm qalib xalq olmağın qürurunu yaşayır, həm də Vətən uğrunda canından keçən övladlarının xatirəsini hər zaman uca tutur. Şəhidlərimizin uyuduğu müqəddəs məzarlar ziyarət edilir, onların adları əbədiləşdirilir və gənc nəsil bu şanlı tariximizin qəhrəmanlıq ruhunda tərbiyə olunur.
27 Sentyabr Anım Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış şanlı zəfərin başlanğıcı olmaqla yanaşı, milli birliyimizin və qəhrəmanlığımızın əbədi simvoludur. Bu müqəddəs gündə biz həm də bir xalq olaraq haqq və ədalətin bərpası uğrunda verilən qurbanların böyüklüyünü bir daha dərindən dərk edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onların uca ruhu hər zaman bizi yeni zirvələrə və nəsillərə örnək olacaq qəhrəmanlığa səsləyəcəkdir.
Bu gün üçrəngli müqəddəs bayrağımızın azad torpaqlarımızda qürurla dalğalanması, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm quruculuq işləri məhz şəhidlərimizin qanı və qazilərimizin şücaəti sayəsində mümkün olmuşdur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış bu tarixi Qələbə xalqımızın məğrur və qalib xalq kimi gələcəyə inamla baxmasını təmin edir. Şəhidlərimizin xatirəsini uca tutmaq, onların ailələrinə sahib çıxmaq və qazilərimizə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs mənəvi borcudur. Qoy, hər il 27 Sentyabrda torpaqlarımız uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilsin, onların xatirəsi qarşısında baş əyirik.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı