Tarix xalqların yaddaşında yalnız keçmişdə baş vermiş hadisələrin xronologiyası kimi qalmır. Elə tarixlər vardır ki, onlar zamanın fövqündə dayanaraq milli yaddaşın, dövlətçilik iradəsinin, xalqın mənəvi gücünün və Vətənə bağlılığının rəmzinə çevrilir. Azərbaycan xalqının müasir tarixində 27 Sentyabr – Anım Günü də məhz belə xüsusi əhəmiyyət daşıyan tarixlərdəndir. Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan xalqının Zəfərə gedən yolunun başlanğıcını özündə ehtiva edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi təsbit olunmuşdur. Sərəncamın əsas mahiyyətini Vətən müharibəsində iştirak etmiş Azərbaycan oğul və qızlarının şücaətinə yüksək qiymət verilməsi, şəhidlərimizin ruhuna ehtiram göstərilməsi və onların xatirəsinin əbədiləşdirilməsi təşkil edir. Beləliklə, 27 Sentyabr Azərbaycan xalqının milli təqvimində xüsusi mənəvi məna daşıyan günlərdən birinə çevrilmişdir.
Azərbaycan xalqı bütün bu illər ərzində öz doğma torpaqlarına qayıdacağına və ərazi bütövlüyünün bərpa ediləcəyinə inamını itirmədi. Ordunun gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi bu prosesin mühüm istiqamətlərini təşkil edirdi.
2016-cı ilin Aprel döyüşləri Azərbaycanın hərbi potensialını və əsgərimizin döyüş qabiliyyətini nümayiş etdirdi. 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hərbi təxribat isə vəziyyəti daha da gərginləşdirdi. Nəticədə 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə yeni və daha genişmiqyaslı müharibə başladı. Azərbaycan Ordusunun komandanlığı tərəfindən əks-hücum əməliyyatına başlanıldı və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən birinə çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının iradəsinin, ordumuzun döyüş qabiliyyətinin və cəmiyyətin həmrəyliyinin mühüm sınağı oldu. Müharibə dövründə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri vahid məqsəd ətrafında birləşərək dövlət və ordu ilə həmrəyliyini nümayiş etdirdi. Ön cəbhədə Azərbaycan əsgəri və zabiti qəhrəmanlıq göstərir, arxa cəbhədə isə xalq ordunun mənəvi dayağına çevrilirdi.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri azad edildi. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması Vətən müharibəsinin mühüm mərhələlərindən biri oldu. 10 noyabr tarixli bəyanatdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının da Azərbaycana qaytarılması ilə uzun illər davam edən işğala son qoyuldu.
Bu tarixi Qələbənin arxasında hər şeydən əvvəl Azərbaycan əsgər və zabitlərinin fədakarlığı dayanırdı. Minlərlə hərbçimiz Vətən uğrunda canından keçdi, yüzlərlə hərbçimiz yaralandı və sağlamlığını itirdi. Onların qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı illərlə həsrətində olduğu torpaqlarına qovuşmaq imkanı qazandı.
Vətən müharibəsinin ən mühüm mənəvi xüsusiyyətlərindən biri də xalq-dövlət-ordu birliyinin nümayiş etdirilməsi idi. Müharibə günlərində bütün ölkə boyu eyni məqsəd və eyni inam hökm sürürdü. Bu birlik xalqın milli iradəsinin ifadəsinə çevrildi.
Şəhidlərin hər birinin həyatı Azərbaycan tarixinin ayrıca bir səhifəsidir. Onların adları yalnız ailələri, doğulduqları kənd və şəhərlərlə məhdudlaşmır. Bu adlar artıq Azərbaycan xalqının ümummilli yaddaşının ayrılmaz hissəsinə çevrilib. Şəhidlərin göstərdiyi qəhrəmanlıq Vətənə bağlılığın, vətəndaş məsuliyyətinin və fədakarlığın nümunəsidir.
Anım Günündə şəhidlərin xatirəsini yad etmək keçmişin ağrısını xatırlamaqla yanaşı, onların bizə qoyduğu mənəvi irsi qorumaq deməkdir. Şəhidlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi və gələcəyi uğrunda canlarından keçiblər. Buna görə onların xatirəsinə ən böyük ehtiram yalnız müəyyən bir gündə adlarını yad etmək deyil, onların uğrunda mübarizə apardıqları dəyərləri gündəlik həyatda qorumaqdır.
Vətən müharibəsi Azərbaycan cəmiyyətinin birlik və həmrəyliyinin mühüm nümunəsinə çevrildi. Müharibənin ilk günlərindən etibarən xalqın böyük əksəriyyəti ordunun və dövlətin ətrafında sıx birləşdi. İnsanların müxtəlif yaş qruplarına və sosial təbəqələrə mənsub olmasına baxmayaraq, hamını birləşdirən əsas amil Vətənə bağlılıq və torpaqlarımızın azad olunacağına inam idi.
Bu həmrəylik yalnız müharibə günləri ilə məhdudlaşmadı. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət, onların sosial müdafiəsinin təmin olunması, şəhidlərin adlarının əbədiləşdirilməsi və memorial komplekslərin yaradılması xalqın qəhrəman övladlarına olan ehtiramının davamlı xarakter daşıdığını göstərir.
Anım Gününün təsis edilməsinin əsas mənalarından biri də məhz bu milli yaddaşın qorunmasıdır. Çünki xalqın öz tarixini bilməsi, keçmişdə baş vermiş hadisələrin səbəb və nəticələrini dərk etməsi gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır.
2020-ci ildə əldə edilmiş Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, Qarabağda Azərbaycanın dövlət suverenliyinin tam bərpası prosesi sonrakı illərdə davam etdi.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı uzun illər davam edən proses öz məntiqi nəticəsinə çatdı.
Bu hadisə 27 Sentyabrın mahiyyətinə yeni məna çalarları da əlavə etdi. 2020-ci ilin 27 sentyabrında başlayan Zəfər yolu sonrakı mərhələlərdə davam etdirilərək Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin təmin olunması ilə nəticələndi.
15 oktyabr 2023-cü ildə Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması da bu tarixi prosesin mühüm rəmzlərindən biri oldu. Həmin gün Prezident İlham Əliyev şəhidlərin və Azərbaycan əsgərinin fədakarlığını xüsusi vurğulayaraq onların qarşısında Azərbaycan xalqının mənəvi borcunun olduğunu bildirmişdir.
Hər bir xalqın gücü yalnız onun iqtisadi və hərbi imkanları ilə deyil, həm də öz tarixini necə qoruması ilə müəyyən olunur. Tarixi yaddaş milli kimliyin əsas dayaqlarından biridir. Şəhidlərin həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Gənc nəsil bilməlidir ki, Azərbaycanın bugünkü reallıqları asanlıqla əldə edilməyib. Bu gün əldə olunan Zəfərin arxasında uzun illər davam edən mübarizə, böyük insan itkiləri, hərbi xidmət, fədakarlıq və Vətən sevgisi dayanır.
Anım Gününün əsas mesajlarından biri də məhz budur: tarix unudulmamalıdır. Çünki tarixi yaddaş qorunmadıqda xalqın keçdiyi yolun mənası da zamanla zəifləyə bilər. Şəhidlərin adlarının məktəblərdə, küçələrdə, memorial komplekslərdə yaşadılması, onların həyat yolunun öyrənilməsi və Vətən müharibəsinin tarixinin gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunmasına xidmət edir.
27 Sentyabr Azərbaycan xalqının yaddaşında iki mühüm hissi – kədər və qüruru özündə birləşdirir. Bu gün bir tərəfdən Vətən uğrunda canından keçən şəhidlərimizin yoxluğunun ağrısını yaşadır, digər tərəfdən onların fədakarlığı nəticəsində əldə edilmiş tarixi Zəfəri xatırladır.
Şəhidlərimizin qarşısında ən böyük borcumuz onları unutmamaqdır. Lakin unutmazlıq yalnız xatirə mərasimləri ilə məhdudlaşmır. Onların uğrunda can verdiyi Vətəni daha da inkişaf etdirmək, dövlətçiliyi möhkəmləndirmək, milli birliyi qorumaq və gələcək nəsillərə daha güclü Azərbaycan ötürmək şəhidlərin xatirəsinə göstərilə biləcək ən mühüm ehtiram formalarındandır.
Bu gün biz şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların həyat yolu gələcək nəsillərə Vətənə sevginin və sədaqətin nümunəsi kimi çatdırılmalıdır.
Zaman dəyişəcək, nəsillər yenilənəcək, ölkəmiz inkişaf edəcək. Lakin Vətən uğrunda verilən canın, göstərilən qəhrəmanlığın və yazılan Zəfər tarixinin mənası dəyişməyəcək. 27 Sentyabr – Anım Gününün əbədi mesajı da məhz bundan ibarətdir: şəhidlərimizi unutmamaq, onların xatirəsini yaşatmaq, qazilərimizə ehtiram göstərmək və bizə əmanət edilən Azərbaycanın gələcəyinə məsuliyyətlə yanaşmaq.
Şəhidlərimizin adı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Onların fədakarlığı isə dövlətimizin və xalqımızın tarixində Vətən sevgisinin, milli iradənin və qəhrəmanlığın unudulmaz nümunəsi olaraq qalacaqdır.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı