PDF Oxu

Siyasət

  • 490

27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

image

Tarix xalqların yaddaşında yalnız hadisələrin baş verdiyi günlərlə deyil, həmin hadisələrin milli taleyə təsiri ilə yaşayır. Elə tarixlər var ki, illər keçdikcə özündə xalqın yaşadığı ağrını, mübarizəni, iradəni və qüruru birləşdirir. 27 Sentyabr – Anım Günü də Azərbaycan xalqının müasir tarixində belə mühüm və unudulmaz günlərdən biridir.

27 Sentyabr, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edildiyi gündür. Onların Vətən qarşısında göstərdikləri fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-nin hər il Anım Günü kimi qeyd olunması şəhidlərimizin xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən ehtiramın ifadəsidir.
Bu tarix, eyni zamanda, Azərbaycanın Zəfərə gedən yolunun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ilə Vətən müharibəsi başladı. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixində mühüm mərhələ oldu.
Uzun illər ərzində xalqımız işğal altında olan şəhər və rayonlarımızın azad olunacağı günü böyük ümidlə gözləyib. İşğal tarixləri hər il kədər hissi ilə xatırlanıb, şəhidlərimizin xatirəsi yad edilib. Vətən müharibəsi isə bu tarixlərin mahiyyətini dəyişərək xalqımıza Zəfər və qürur hissini yaşatdı. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlar nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticə əldə olundu.
44 günlük müharibədə Azərbaycan xalqının birlik və həmrəyliyi də özünü aydın şəkildə göstərdi. Cəmiyyətin müxtəlif təbəqələri eyni məqsəd ətrafında birləşərək ordumuza mənəvi dəstək verdi. “Dəmir yumruq” ifadəsi həmin dövrdə xalqın və dövlətin birliyinin rəmzlərindən birinə çevrildi. Azərbaycan Ordusunun hərbi hazırlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin göstərdiyi şücaət Zəfərin əldə olunmasında mühüm rol oynadı.
Vətən müharibəsi Azərbaycan dövlətinin hərbi və siyasi imkanlarını da nümayiş etdirdi. Döyüş meydanında əldə olunan uğurlar nəticəsində işğal altında qalan ərazilərimizin azad edilməsi təmin olundu, Azərbaycan xalqının uzun illər davam edən torpaq həsrətinə son qoyuldu. Bu qələbə ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını formalaşdırdı.
27 Sentyabrın digər mühüm tərəfi ondan ibarətdir ki, bu tarix gələcək nəsillərə Vətən sevgisinin və milli yaddaşın ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Anım Günü ilə bağlı xalqa müraciətlərində şəhidlərimizin keçdiyi şərəfli yol, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi xüsusi vurğulanıb. Bu müraciətlər 27 Sentyabrın yalnız bir anım tarixi deyil, həm də Azərbaycanın keçdiyi Zəfər yolunun mühüm səhifəsi olduğunu bir daha göstərir.
Bu gün 27 Sentyabr Azərbaycan xalqı üçün həm hüzn, həm də qürur doğuran bir tarixdir. Hüzn ona görə ki, Vətən uğrunda canından keçən şəhidlərimizi yad edirik. Qürur ona görədir ki, onların fədakarlığı Azərbaycanın Zəfər tarixinin ayrılmaz hissəsinə çevrilib. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında şəhidlərimizin əziz xatirəsi, Vətən müharibəsinin başlanğıcı və Azərbaycanın Zəfərə aparan yolunun mühüm başlanğıc nöqtəsi kimi yaşayacaq. Bu tarix xalqımızın milli iradəsini, dövlətimizin gücünü, Azərbaycan Ordusunun qəhrəmanlığını və xalq-dövlət-ordu birliyini özündə birləşdirən xüsusi mənəvi məna daşıyır. Hər il bu əlamətdar gündə şəhidlərimizin qarşısında dərin ehtiramla baş əyir, onların Vətən uğrunda göstərdikləri misilsiz fədakarlığı minnətdarlıqla xatırlayırıq. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, onların qəhrəmanlıq yolu isə gələcək nəsillər üçün Vətənə sədaqət və milli həmrəyliyin nümunəsi olaraq qalacaq. 27 Sentyabr həm keçmişimizi ehtiramla yad etdiyimiz, həm də Azərbaycanın qazandığı Zəfərin hansı böyük fədakarlıqlar hesabına əldə olunduğunu xatırladığımız mühüm tarixdir.

İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər