Milli daşıyıcılıq şüurunun, sarsılmaz döyüş ruhunun və tapdanmış haqqın bərpası yolunda atılan hər bir addım xalqların taleyində silinməz izlər qoyur. 2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqı üçün sadəcə təqvimdəki növbəti bir gün deyil, onilliklər boyu içimizdə kükürəyən torpaq həsrətinin, bükülməz milli qürurun və ədalət hayqırtısının böyük bir Zəfər yürüşünə çevrildiyi tarixi dönüş anıdır. Otuz ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızın nisgili, ata-baba ocaqlarından didərgin düşmüş soydaşlarımızın ağrısı və BMT qətnamələrinin kağız üzərində qalması xalqımızın səbrini tükəndirmişdi. Həmin gün Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun sarsılmaz şücaəti və xalqımızın polad kimi bütöv birliyi sayəsində başlayan bu müqəddəs savaş, dövlətimizin şərəf və ləyaqət salnaməsini yenidən yazdı.
44 gün davam edən Vətən müharibəsi hərb elminin səhifələrini yenidən tərtib etməklə yanaşı, həm də bir millətin Vətən sevgisinin necə böyük bir qüdrətə çevrilə biləcəyini bütün dünyaya sübut etdi. Düşmənin illərlə qurduğu keçilməz istehkamları, mühəndis-istehkam xətlərini qısa müddətdə darmadağın edən Azərbaycan əsgəri, hər addımda yeni bir qəhrəmanlıq dastanı yazdı. Bizim üçün torpaq sadəcə bir coğrafi ərazi deyil, milli namus, kimlik, babaların ruhu və varlıq məsələsidir. Füzulidən başlayan, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Laçın kəndləri ilə davam edən zəfər marşımız Şuşa zəfəri ilə öz zirvəsinə çatdı. Şuşa sıldırımlarını yalın əllə, yüngül silahlarla, canı və qanı bahasına tırmaşaraq fəth edən igidlərimiz, hərb tarixinə bənzərsiz və analoqu olmayan bir cəsarət nümunəsi kimi həkk olundular.
Bu möhtəşəm tarixin ən müqəddəs, ehtiramla anılan və toxunulmaz zirvəsində isə şəhidlərimiz durur. Onlar öz gəncliklərini, yarımçıq qalmış arzularını, sevgilərini, gələcək planlarını və ən şirin nemət olan canlarını bu torpağın hər qarışı azad olsun, dalğalanan üçrəngli bayrağımız bir daha enməsin deyə fəda etdilər. Şəhidlik — zamanın və məkanın fövqünə qalxan, insanı əbədiyyətə qovuşdurann ən uca məqamdır. Bu gün azad Qarabağda pıçıldayan hər bir meh, çiçəkləyən hər bir budaq, Xankəndidə, Şuşada, Ağdamda yenidən qurulan hər bir küçə şəhidlərimizin müqəddəs ruhunun, onların bizə qoyub getdiyi əbədi mirasın təcəssümüdür. Onlar öz qanları ilə Vətən torpağını suvararaq ona can verdilər və adlarını xalqın qəlbinə silinməz hərflərlə yazdılar.
Qazilərimiz isə bu şanlı Zəfərin canlı şahidləri, hər an aramızda gəzən qürur abidələrimiz və şərəf təcəssümlərimizdir. Onların bədənində daşıdıqları hər bir yara nişanəsi, Vətən uğrunda itirdikləri hər bir sağlamlıq zərrəsi bu xalqın azadlıq, müstəqillik və zəfər pasportudur. Qazilərimizin gözlərindəki məğrur işıq, mərd duruş və sarsılmaz ruh hər birimizə bu Zəfərin neçə-neçə igidin canı-qanı bahasına qazanıldığını xatırladır. Dövlətimizin və cəmiyyətimizin hər bir fərdinin borcu bu qəhrəmanlara diqqət və qayğı göstərmək, onların fədakarlığını hər zaman uca tutmaqdır.
27 Sentyabr Anım Günündə biz təkcə hüznlə kədərlənmirik; biz həm də böyük bir fəxarət, milli qürur və sonsuz minnətdarlıq hissi yaşayırıq. Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında ehtiramla baş əyir, qazilərimizə uzun, səhhətli və şərəfli ömür diləyirik. 44 günlük müharibə və onun məntiqi davamı olan antiterror əməliyyatları ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan, bu gün regionun şəriksiz lideri və qalib dövlətidir. Bu Zəfər bizə həm də böyük bir əmanətdir — güclü, müstəqil, bütöv və sarsılmaz Azərbaycanı göz bəbəyi kimi qorumaq, şəhidlərimizin müqəddəs ruhuna layiq vətəndaş olmaq hər birimizin ən böyük borcudur!
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri