PDF Oxu

Siyasət

  • 667

Azərbaycanın yeni sənaye inkişaf mərhələsi: dağ-mədən və metallurgiya sənayesinin qarşısında yeni hədəflər

image

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkənin mövcud resurs potensialından səmərəli istifadə olunması istiqamətində həyata keçirilən siyasət yeni mərhələdə də ardıcıl şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı
ölkəmizin sənaye siyasətinin qarşıdakı illər üçün əsas istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət Proqramının əsas məqsədlərindən biri Azərbaycanın zəngin mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi, xammalın hasilatı ilə yanaşı, onun ölkə daxilində emalının və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının təmin edilməsidir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Bu yanaşma sənayenin yalnız xammal təminatını deyil, bütövlükdə istehsal və emal zəncirinin formalaşdırılmasını nəzərdə tutur.
Azərbaycanın təbii sərvətləri ölkənin iqtisadi inkişafında mühüm imkanlar yaradır. Xüsusilə dəmir filizi, mis, qızıl və digər metal filizləri üzrə mövcud ehtiyatların öyrənilməsi və səmərəli şəkildə istifadəsi gələcəkdə yeni istehsal sahələrinin yaradılmasına şərait formalaşdıra bilər. Prezident İlham Əliyev perspektivli qızıl, mis və molibden yataqlarının mövcudluğuna diqqət çəkərək geoloji kəşfiyyat işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə görüləcək işlər ölkənin mineral-xammal bazasının daha da zənginləşdirilməsi baxımından əhəmiyyətlidir.
Ölkəmizdə son illərdə sənaye parklarının və aqroparkların yaradılması, regionlarda yeni müəssisələrin fəaliyyətə başlaması qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyevin “Sənaye parkları və aqroparklar Azərbaycanda artıq hər bir bölgədə var” fikri də regionların iqtisadi inkişafının yeni sənaye layihələri ilə dəstəkləndiyini göstərir. Qarşıdakı dövrdə dağ-mədən və metallurgiya sahəsində həyata keçiriləcək layihələr bu prosesin daha da genişlənməsinə, yeni istehsal müəssisələrinin yaradılmasına və regionların iqtisadi potensialının artırılmasına imkan verəcək.
Dövlət Proqramının mühüm istiqamətlərindən biri də investisiyaların cəlb olunmasıdır. Müasir texnologiyaların tətbiqi, istehsal güclərinin yaradılması və yeni layihələrin reallaşdırılması üçün yerli və xarici investorların imkanlarından istifadə olunması nəzərdə tutulur. Prezident İlham Əliyevin “Yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır” fikri Azərbaycanın investisiya mühitinin inkişaf etdirilməsinə verilən önəmi nümayiş etdirir. Dövlətin investorlara yaratdığı imkanlar, iqtisadi və siyasi sabitlik, əlverişli biznes mühiti ölkəyə yeni sərmayələrin cəlb edilməsi üçün mühüm zəmin yaradır.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı eyni zamanda yeni iş yerlərinin yaradılması və regionlarda məşğulluğun artırılması baxımından da əhəmiyyətlidir. Yeni müəssisələrin fəaliyyətə başlaması ilə yanaşı, xidmət, logistika, nəqliyyat və digər əlaqəli sahələrdə də iqtisadi fəallığın artması gözlənilir. Bu isə xüsusilə regionların sosial-iqtisadi inkişafına əlavə imkanlar yaradacaq.
Azərbaycanın enerji sektorunda qazandığı beynəlxalq tərəfdaşlıq təcrübəsi də yeni sənaye layihələrinin həyata keçirilməsi üçün mühüm üstünlükdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib. Ölkəmizin etibarlı tərəfdaş kimi formalaşmış nüfuzu və beynəlxalq əməkdaşlıq imkanları qeyri-neft sənayesində də yeni tərəfdaşlıqların qurulmasına şərait yaradır.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafında Qarabağ və Şərqi Zəngəzurun potensialından istifadə də xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, onların iqtisadi potensialının araşdırılması və yeni istehsal layihələrinin həyata keçirilməsi də diqqət mərkəzindədir. Bu ərazilərdə həyata keçiriləcək sənaye layihələri həm iqtisadi fəallığın artırılmasına, həm də yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edə bilər.
Bütün bunlarla yanaşı, sənaye inkişafı zamanı ekoloji tələblərin qorunması da mühüm prinsip kimi qarşıya qoyulur. Təbii ehtiyatlardan istifadə müasir texnologiyalar və yüksək ekoloji standartlar əsasında həyata keçirilməlidir. Bu yanaşma iqtisadi inkişafla ətraf mühitin qorunması arasında tarazlığın təmin edilməsinə imkan verəcək.
Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir. Mineral resursların daha səmərəli istifadəsi, müasir istehsal və emal müəssisələrinin yaradılması, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması və ixrac imkanlarının genişləndirilməsi ölkənin sənaye potensialının daha da gücləndirilməsinə xidmət edəcək. Bu siyasət eyni zamanda Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə və uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin olunmasına mühüm töhfə verəcək.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər