Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun imkanlarının genişləndirilməsi və təbii resurslardan daha səmərəli istifadə olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramının qəbul edilməsi ölkənin sənaye potensialının genişləndirilməsi xüsusunda mühüm mərhələdir.
Dövlət başçısının çıxışında dağ-mədən və metallurgiya sahəsinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün perspektivli istiqamət olduğu vurğulanıb. Burada əsas məqsəd yalnız mövcud yataqların istismarı ilə kifayətlənmək deyil, xammalın hasilatından emalına, oradan isə son məhsula qədər uzanan tam istehsal zəncirinin formalaşdırılmasıdır. Belə yanaşma təbii sərvətlərin iqtisadi dövriyyəyə daha yüksək əlavə dəyərlə cəlb olunmasına, yeni istehsal sahələrinin yaranmasına və sənaye potensialının genişlənməsinə imkan verəcəkdir.
Proqramın miqyası da qarşıya qoyulan hədəflərin kifayət qədər böyük olduğunun göstəricisidir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə sektora ümumilikdə 5,3 milyard manat investisiya qoyuluşu planlaşdırılır. Bunun təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşması nəzərdə tutulur. Bu göstəricilər yeni sənaye imkanlarının yaradılması ilə yanaşı, investisiya mühitinin də genişləndirilməsini nəzərdə tutur. Dövlət maliyyə təminatını öz üzərinə götürməklə yanaşı, yerli və xarici investorların iştirakı üçün də imkan yaradır. Proqramın icrası hər bir halda təmin ediləcək, investorların marağı isə əlavə imkanlar yaradacaq. Bu yanaşma dövlətin strateji sahələrdə təşəbbüskar mövqeyini qoruması ilə özəl kapitalın imkanlarından səmərəli istifadəni bir araya gətirir.
Sənayenin yeni mərhələsinin əsas istiqamətlərindən biri “Daşkəsən” layihəsidir. Burada illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması, bunun mühüm hissəsinin ixrac potensialının formalaşdırılması nəzərdə tutulur. “Filizçay” polimetal yatağının istismara hazırlanması isə mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsinə imkan verəcək. “Söyüdlü” yatağında qızılın emalı, alüminium istehsalının genişləndirilməsi və digər layihələr də metallurgiya zəncirinin müxtəlif həlqələrini tamamlayacaq. Xüsusilə “Filizçay” yatağı ilə bağlı yanaşma diqqət çəkir. Prezident İlham Əliyev bu yatağın ölkə üçün mühüm iqtisadi potensial daşıdığını qeyd edərək onun istismara hazırlanması prosesinin sürətləndirilməsinin vacibliyini bildirib. Yatağın tam gücü ilə istifadəyə verilməsi gələcəkdə həm ixrac imkanlarının genişlənməsinə, həm də yeni emal sahələrinin yaranmasına şərait yarada bilər.
Qərb Sənaye Parkının yaradılması da bu strategiyanın mühüm elementlərindəndir. Parkın əsas fəaliyyət istiqamətlərindən birinin dağ-mədən sənayesi ilə əlaqələndirilməsi regionlarda sənaye istehsalının genişlənməsinə imkan verəcək. Burada filiz hasilatı ilə yanaşı, zənginləşdirmə, pelet və briketləşdirilmiş dəmir istehsalı kimi mərhələlərin qurulması nəzərdə tutulur. Beləliklə, xammalın yalnız hasil edilməsi deyil, onun ölkə daxilində emal olunaraq daha yüksək əlavə dəyər yaratması əsas xətt kimi müəyyənləşdirilir. Bu prosesin sosial-iqtisadi nəticələri də əhəmiyyətlidir. Dövlət Proqramı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Yeni istehsal müəssisələrinin fəaliyyəti logistika, nəqliyyat, xidmət, podrat və təchizat sahələrinə də əlavə tələbat formalaşdıracaq. Bununla regionlarda iqtisadi fəallığın artması, yerli sahibkarlıq imkanlarının genişlənməsi və ixtisaslı kadrlara tələbatın yüksəlməsi gözlənilir. Dövlətimizin başçısı qeyd edib ki, alüminium istehsalının inkişafı nəzərdə tutulur: “Müəyyən xarici tərəfdaşlardan təkliflər olsa da, onların təklifləri reallaşmadı. Çünki biz maksimum çalışırıq ki, ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilsin. Ona görə hesab edirəm ki, biz özümüz bu önəmli sənaye istiqamətini inkişaf etdirməliyik və qəbul olunacaq proqram əsasında alüminium istehsalı 100 min tona çatdırılmalıdır”.
Dağ-mədən sənayesinin inkişafında ekoloji amil də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında təbiətin qorunmasının iqtisadi faydadan üstün əhəmiyyət daşıdığını vurğulayıb və layihələrin ən yüksək ekoloji standartlara uyğun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu amil yeni sənaye imkanlarının yaradılmasının təbiətin mühafizəsi ilə paralel aparılmalı olduğunu nümayiş etdirir.
Dövlət Proqramının digər mühüm istiqaməti geoloji kəşfiyyat işlərinin genişləndirilməsidir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasında da yeni yataqların müəyyənləşdirilməsi üçün müasir texnologiyalar əsasında araşdırmaların aparılması nəzərdə tutulur. Bu isə mineral-xammal bazasının gələcəkdə daha da genişləndirilməsi baxımından yeni perspektivlər yaradır.
Nəticə etibarilə, 2027–2030-cu illər üçün Dövlət Proqramı dağ-mədən və metallurgiya sənayesini ayrı-ayrı layihələr toplusundan daha geniş iqtisadi sistemə çevirmək məqsədi daşıyır. Burada hasilat, emal, metallurgiya, logistika, ixrac, məşğulluq və regional inkişaf bir-birini tamamlayan istiqamətlər kimi nəzərdə tutulur. Proqramın icrası nəticəsində sektorun ÜDM-ə töhfəsinin və ixrac potensialının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Gözlənilən illik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox olacağı bildirilir.
Beləliklə, dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın sənaye xəritəsində yeni istiqamətin formalaşmasına xidmət edir. Təbii sərvətlərin hasilatından daha çox, onların ölkə daxilində emal edilərək yüksək əlavə dəyər yaratması, yeni istehsal zəncirlərinin qurulması və ixrac imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas iqtisadi hədəflərindən birinə çevrilir.
Nurlan Həsənov
Milli Məclisin deputatı