Azərbaycanın iqtisadi inkişaf tarixində elə mərhələlər var ki, onların əhəmiyyəti yalnız bir sahənin göstəriciləri ilə ölçülmür. Belə mərhələlər ölkənin gələcək iqtisadi mənzərəsini dəyişən, yeni istehsal imkanları yaradan və milli iqtisadiyyatın strukturuna uzunmüddətli təsir göstərən qərarlarla xarakterizə olunur. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı da məhz belə strateji sənədlərdən biridir.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bu proqramın əsas istiqamətlərinin təqdim olunması Azərbaycanın qeyri-neft sənayesinin qarşısında yeni perspektivlər açdı. Dövlət başçısının çıxışından aydın görünür ki, qarşıdakı illərdə məqsəd təkcə yeni yataqların istismara verilməsi və hasilatın artırılması deyil. Əsas hədəf yerin təkindən çıxarılan sərvətin son məhsula qədər emal olunduğu, daha çox əlavə dəyərin ölkə daxilində yaradıldığı bütöv sənaye sisteminin qurulmasıdır. Bu yanaşma məsələnin mahiyyətini dəyişir. Çünki müasir iqtisadiyyatda təbii sərvətin özü qədər onun necə idarə edilməsi və hansı mərhələlərdən keçərək iqtisadi dəyərə çevrilməsi də mühümdür. Filizin çıxarılması bir mərhələdirsə, onun zənginləşdirilməsi, emalı, yarımfabrikat və hazır məhsula çevrilməsi daha böyük iqtisadi imkanlar yaradır.
Prezident İlham Əliyevin müşavirədə vurğuladığı “filizdən son məhsuladək” dəyər zəncirinin ölkə daxilində yaradılması ideyası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramının fəlsəfəsində hasilatla yanaşı zənginləşdirmə, emal, metallurgiya və hazır məhsul istehsalının bir-birini tamamlaması nəzərdə tutulur.
Bu da, Azərbaycan sənayesinin daha yüksək mərhələyə keçməsi deməkdir.
Dövlət Proqramında qarşıya qoyulan hədəflər göstərir ki, dağ-mədən sənayesi ayrı-ayrı yataqlar və müəssisələr çərçivəsində deyil, vahid sənaye zənciri kimi nəzərdən keçirilir. Dəmir filizindən polad məhsullarına, mis, sink və qurğuşundan emal edilmiş məhsullara, alüminiumdan daha yüksək əlavə dəyərə malik sənaye məhsullarına qədər geniş istehsal imkanlarının yaradılması planlaşdırılır.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafının başqa bir mühüm tərəfi regionların sosial-iqtisadi həyatına təsiridir. Yeni istehsal müəssisələrinin yaradılması həmin ərazilərdə məşğulluğun artmasına, yerli sahibkarlığın inkişafına və infrastrukturun genişlənməsinə şərait yarada bilər. Dövlət Proqramının regionların sosial-iqtisadi inkişafı gündəliyi ilə əlaqələndirilməsi də bu baxımdan təsadüfi deyil. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi və mineral ehtiyatların öyrənilməsi həmin ərazilərin iqtisadi potensialının üzə çıxarılmasına yeni imkanlar yaradır. Beləliklə, təbii sərvətlər yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də regionların yeni iqtisadi xəritəsinin formalaşmasına təsir edən amilə çevrilə bilər.
İri mədən və metallurgiya layihələrinin həyata keçirilməsi təbii olaraq yeni mütəxəssislərə ehtiyac yaradacaq. Geoloqlar, mədən mühəndisləri, metallurqlar, texnoloqlar, energetiklər, ekoloqlar, avtomatlaşdırma və rəqəmsal texnologiyalar üzrə mütəxəssislər gələcək sənaye zəncirinin əsas iştirakçıları olacaq.
Prezident İlham Əliyev müşavirədə təbiətin qorunmasının prioritet olduğunu vurğulayaraq layihələr üzrə ən yüksək səviyyədə ekoloji ekspertizanın aparılmasını və bütün ekoloji normalara əməl edilməsini tələb edib. Bu yanaşma müasir sənayenin əsas prinsiplərindən biri ilə səsləşir: iqtisadi inkişaf təbiətin qorunması hesabına həyata keçirilməməlidir.
23 sentyabr 2026-cı ildə Dövlət Proqramının təsdiq edilməsi ilə müşavirədə müəyyənləşdirilən hədəflər artıq konkret dövlət sənədində öz əksini tapıb. Proqramın 2027–2030-cu illərdə həyata keçirilməsi Azərbaycanın sənaye siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
2027–2030-cu illər üçün Dövlət Proqramı qarşıdakı dövrün bu baxımdan mühüm yol xəritəsidir. Onun nəticələri isə təkcə hasilat və ixrac rəqəmləri ilə deyil, yaradılan yeni müəssisələr, formalaşan peşələr, artan məşğulluq, genişlənən regional iqtisadiyyat və ölkə daxilində yaradılan əlavə dəyərlə ölçüləcək.
Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini