PDF Oxu

Siyasət

  • 501

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik - ŞƏRH

image

Hər bir xalqın tarixində elə günlər vardır ki, həmin tarixlər zaman keçdikcə daha da müqəddəsləşir, xalqın yaddaşında əbədi yaşayır. Azərbaycan xalqı üçün 27 Sentyabr da məhz belə tarixlərdəndir. 27 Sentyabr – Anım Günü Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, onların müqəddəs ruhu qarşısında sonsuz minnətdarlığın ifadəsidir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrildi. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun qəhrəmanlığını, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu, peşəkarlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Bu müharibədə hər bir əsgər və zabit üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirdi, Vətən qarşısında müqəddəs borcunu şərəflə daşıdı. Nəticədə işğal altında olan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi Zəfər qazanıldı.
2 7 Sentyabrın Anım Günü kimi qeyd olunması da məhz bu qəhrəmanlığın dövlət səviyyəsində əbədiləşdirilməsinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Anım Günü elan edilib. Bu qərar Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını azad edilmiş torpaqlarımızda dalğalandırmış və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsidir.
Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfəri yalnız 44 günlük müharibənin nəticəsi kimi qiymətləndirmək düzgün olmaz. Bu Qələbənin arxasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, milli birlik, hərbi potensialın artırılması və peşəkar ordu quruculuğu dayanır. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilməlidir.Heydər Əliyev hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyini və milli dövlətçiliyin möhkəmləndirilməsini düşünərək milli hərbi kadrların hazırlanmasına böyük əhəmiyyət verirdi. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması gələcəkdə Azərbaycanın peşəkar zabit korpusunun formalaşması baxımından mühüm əhəmiyyət daşıdı. Bu məktəbdə təhsil alan gənclərin bir çoxu sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Azərbaycan Ordusunun quruculuğunda yeni mərhələ başlandı. Ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi, nizami və peşəkar Silahlı Qüvvələrin formalaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildi. Bu istiqamətdə atılan addımlar Azərbaycanın gələcəkdə öz ərazi bütövlüyünü bərpa etmək imkanlarının əsasını təşkil etdi.
Bu gün 44 günlük Vətən müharibəsinin nəticələrinə nəzər salarkən Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin tarixi əhəmiyyətini daha aydın görürük. Hərbi kadrların hazırlanması, milli zabit korpusunun formalaşdırılması və güclü dövlətçilik ənənələrinin yaradılması gələcək nəsillər üçün mühüm miras oldu.
Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirildi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müasir hərbi texnologiyaların tətbiqi və hərbi kadrların hazırlanması istiqamətində genişmiqyaslı işlər görüldü. Ordunun döyüş qabiliyyətinin yüksəldilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri oldu. Hərbi təhsil müəssisələrinin maddi-texniki bazası yeniləndi, gənclərin hərbi təhsil almasına və peşəkar zabit kimi yetişməsinə geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu prosesi onun rəhbərliyi ilə davam etdirilir. Bütün bunların nəticəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində özünü göstərdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qarşıya qoyulan hərbi-strateji vəzifələri uğurla yerinə yetirdi. Azərbaycan əsgəri və zabiti döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək tarix yazdı. Bu Zəfər Azərbaycan xalqının milli qürurunu daha da yüksəltdi və şəhidlərimizin qanı bahasına qazanılan torpaqlarımızın azadlığı ilə nəticələndi.
27 Sentyabrı Anım Günü edən əsas səbəb məhz şəhidlərimizin fədakarlığıdır.Hər bir şəhidin həyatında ayrıca bir tarix, ayrıca bir ailə, ana və ata sevgisi, övlad həsrəti və Vətənə bağlılıq var. Onlar ən ağır anda öz həyatlarını düşünmədən Vətənin müdafiəsinə qalxdılar. Azərbaycan əsgəri səngərdə, döyüş meydanında, dağlarda və çətin relyefli ərazilərdə böyük iradə və cəsarət nümayiş etdirdi.
Əsgərlərimizin qəhrəmanlığını zabitlərimizin peşəkarlığından ayrı təsəvvür etmək mümkün deyil. Döyüş əməliyyatlarının uğurla həyata keçirilməsində zabitlərimizin bilik və bacarığı, düzgün qərar qəbul etməsi, şəxsi heyətə nümunə olması mühüm rol oynadı. Bir çox zabitlərimiz əsgərlərlə çiyin-çiyinə döyüşərək son nəfəsinə qədər Vətənin müdafiəsində dayandı. Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti xalqımızın yaddaşında öz layiqli yerini tutub. Şəhidlərimizin qanı ilə yazılan Zəfər tariximizin hər bir səhifəsində onların adı, onların qəhrəmanlığı yaşayır.
Vətən müharibəsində şəhid olan hərbçilərimizin, eləcə də müharibə zamanı yaralanaraq sağlamlığını itirən qazilərimizin fədakarlığı heç vaxt unudulmayacaq. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını daim davam etdirir. Bu, şəhidlərimizin qarşısında dövlət və xalq olaraq daşıdığımız mənəvi borcun ifadəsidir.
Anım Günü sadəcə keçmişi xatırlamaq günü deyil. Bu gün həm də Vətən uğrunda canından keçən insanların həyat yolundan nəticə çıxarmaq, onların bizə əmanət etdiyi torpaqları qorumağın və dövlətimizi daha da gücləndirməyin vacibliyini dərk etmək günüdür. Şəhidlərimiz öz həyatları ilə bizə göstərdilər ki, Vətən sevgisi yalnız sözlə ifadə olunmur. Vətən sevgisi lazım gəldikdə onun müdafiəsinə qalxmaq, dövlətə və xalqa sədaqətlə xidmət etmək, müqəddəs torpağın hər qarışını qorumaqdır.
Bu gün biz azad Qarabağda dalğalanan Azərbaycan Bayrağına baxarkən həmin bayrağın ucaldılması üçün canından keçən qəhrəmanlarımızı xatırlayırıq. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında və digər ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması şəhidlərimizin müqəddəs qanının və əsgər-zabitlərimizin qəhrəmanlığının tarixi nəticəsidir.
Bu baxımdan 27 Sentyabr bizim üçün həm hüzn, həm də qürur günüdür. Hüzn ona görə ki, Vətənimizin bütövlüyü uğrunda minlərlə igid övladımız canından keçib. Qürur ona görədir ki, onların fədakarlığı nəticəsiz qalmayıb, Azərbaycan xalqı tarixi torpaqlarına qovuşub və dövlətimizin ərazi bütövlüyünün bərpası təmin edilib.
Biz şəhid analarının, şəhid atalarının, şəhid həyat yoldaşlarının və övladlarının ağrısını heç vaxt unutmamalıyıq. Çünki hər bir şəhidin arxasında Vətən üçün böyük bir fədakarlıq göstərmiş ailə dayanır. Biz qazilərimizin də qəhrəmanlığını yüksək qiymətləndiririk. Onlar döyüş meydanlarında Vətən uğrunda sağlamlıqlarını itirsələr də, Azərbaycan xalqının yaddaşında qəhrəman kimi yaşayırlar.
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının şəhidlərimizə olan sonsuz ehtiramının ifadəsidir. Bu gün biz bir daha Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və ordu quruculuğu sahəsindəki tarixi xidmətlərini xatırlayır, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətini qeyd edirik. Ən başlıcası isə Azərbaycan Ordusunun sıralarında Vətən naminə döyüşən və canından keçən əsgər və zabitlərimizin qəhrəmanlığını heç vaxt unutmamalıyıq. Çünki bu gün sahib olduğumuz Zəfər onların fədakarlığının ən böyük nəticəsidir. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların adı Azərbaycan tarixinin ən şərəfli səhifələrində əbədi qalacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!Qazilərimizə möhkəm cansağlığı versin!

Ayaz Novruzov

YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər