27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş qəhrəman oğul və qızlarımızın müqəddəs xatirəsinin ehtiramla yad edildiyi gündür. Bu tarix həm dərin hüzn, həm də Azərbaycanın tarixi Zəfərinin başlanğıcını özündə birləşdirən mühüm gündür. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Prezident İlham Əliyevin 2021-ci il 27 sentyabr tarixli Anım Günü ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, həmin gün Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və 44 gün davam edən müharibədə qələbə qazandı.
Azərbaycan uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışdı. Lakin Ermənistanın işğal siyasəti, torpaqlarımızın uzun müddət işğal altında saxlanılması, beynəlxalq hüququn tələblərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməməsi vəziyyətin dəyişməsinə imkan vermədi.
Prezident İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi uzun illər icra edilməmişdi. Dövlət başçısı bu vəziyyəti beynəlxalq münasibətlər sistemində mövcud olan ədalətsizlik və ikili yanaşmalar kontekstində qiymətləndirib.
Beləliklə, Azərbaycan xalqının uzun illər davam edən gözləntisi, sülh danışıqlarının nəticəsizliyi və Ermənistanın işğalı davam etdirməsi qarşıdurmanın yeni mərhələyə keçməsinə gətirib çıxardı.
Prezident İlham Əliyev sonrakı çıxışlarında da bildirmişdir ki, Azərbaycan təxminən 30 il ərzində beynəlxalq təşkilatların müvafiq qərarlarının icrasını gözlədi və nəticədə öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etdi.
Azərbaycan xalqı uzun illər münaqişənin sülh yolu ilə həllinə ümid bəslədi. Ölkəmiz beynəlxalq vasitəçilik missiyalarının fəaliyyətinə və danışıqlar prosesinə böyük əhəmiyyət verdi.
Lakin 2020-ci il sentyabrın 27-də Azərbaycanın yaşayış məntəqələrinin və döyüş mövqelərinin atəşə tutulması yeni reallıq yaratdı. Prezident İlham Əliyev Anım Günü ilə bağlı müraciətində bildirdi ki, Ermənistanın həmin gün törətdiyi hərbi təxribat nəticəsində ilk saatlarda mülki şəxslər və hərbçilər həlak olmuşdu. Azərbaycan Ordusu bu hücuma cavab olaraq əks-hücum əməliyyatına başladı.
Bu tarixdən etibarən Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətənin müdafiəsinə qalxdı. Ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə isə bütün xalqımız eyni məqsəd uğrunda səfərbər oldu.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyinin və milli birliyinin ən parlaq nümunələrindən biri kimi tarixə düşdü.
Həmin günlərdə Azərbaycan əsgəri Vətən qarşısında müqəddəs borcunu yerinə yetirmək üçün ölümün gözünə dik baxaraq irəliləyirdi. “Öldü var, döndü yoxdur!” ifadəsi həmin günlərdə xalqın və ordunun ruh yüksəkliyini, Vətən uğrunda mübarizəyə qətiyyətli münasibətini ifadə edən şüarlardan birinə çevrilmişdi.
Prezident İlham Əliyev Vətən müharibəsi zamanı və sonrakı çıxışlarında Azərbaycan əsgərinin qəhrəmanlığını, şəhidlərimizin fədakarlığını və xalqımızın birliyini dəfələrlə yüksək qiymətləndirib. 44 gün ərzində göstərilən qəhrəmanlıq nəticəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müharibəyə son qoyuldu.
Bu Zəfərin ən böyük mənəvi qiyməti isə şəhidlərimizin canı bahasına qazanılmasıdır. Onların hər biri Azərbaycanın tarixində əbədi yaşayacaq.
Vətən müharibəsinin başa çatmasından sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri şəhid ailələrinin və qazilərin problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi oldu.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, şəhid ailələrinin və qazilərin problemlərinin həlli dövlətin borcudur. Dövlət başçısının hərbçilərlə görüşlərindən birində bildirdiyi kimi, şəhid ailələrinin məişət problemlərinin həlli istiqamətində konkret tədbirlər görülür və onların mənzil təminatı həyata keçirilir.
Bu siyasətin institusional əsaslarından biri də 2021-ci ildə şəhid ailələri və müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular üçün vahid əlaqələndirmə mərkəzlərinin yaradılması oldu. Bu mərkəzlərin məqsədi sosial müdafiə, məşğulluq, tibbi-sosial ekspertiza, reabilitasiya və digər xidmətlərin daha operativ göstərilməsini təmin etməkdir.
Şəhid ailələrinə və qazilərə dövlət qayğısı Vətən müharibəsindən sonra da davam etdirilir. Mənzil və fərdi evlərlə təminat, sosial ödənişlər, reabilitasiya xidmətləri, məşğulluq proqramları və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir.
Bu qayğının əsas məqsədi şəhidlərin ailələrinin sosial müdafiəsini gücləndirmək, qazilərin sağlamlıq və sosial məsələlərinin həllinə dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
27 Sentyabr – Anım Günü hər bir azərbaycanlı üçün müqəddəs bir tarixdir. Bu gün biz Vətən uğrunda canından keçən qəhrəmanlarımızı dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik.
Şəhidlərimizin qəhrəmanlığı Azərbaycanın Zəfər tarixinin təməlidir. Onların bizə miras qoyduğu ən böyük dəyər isə azad, suveren və bütöv Azərbaycandır.
Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin bərpası, insanların doğma yurdlarına qayıdışı şəhidlərimizin qanı ilə yazılmış Zəfər tarixinin davamıdır.
27 Sentyabr – Anım Günü bir daha xatırladır: Vətən uğrunda canından keçən hər bir şəhid xalqın yaddaşında əbədi yaşayır. Onların adı tariximizə, qəhrəmanlığı isə gələcək nəsillərin yaddaşına həkk olunub.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri