PDF Oxu

Siyasət

  • 782

27 Sentyabr – Anım Günü: Bəzi tarixlər yazılmır, yaşanır - ŞƏRH

image

Elə tarixlər var ki, onları yalnız təqvim göstərmir. Elə tarixlər də var ki, onların qarşısında uzun cümlələrə ehtiyac qalmır. Sadəcə susursan, düşünürsən və bir daha anlayırsan: Vətən dediyimiz müqəddəs məfhum bəzən bir insan ömrünün ən böyük fədakarlığı ilə ölçülür.

27 Sentyabr belə tarixlərdəndir.

Bu gün Azərbaycan üçün sadəcə hüzn günü deyil. Bu gün yaddaşın sükuta çevrildiyi, sükutun isə minlərlə həyat hekayəsini danışdığı gündür. Bu gün bir xalqın öz tarixinin ən ağrılı, eyni zamanda ən qürurlu səhifələrinə yenidən nəzər saldığı gündür.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində tamamilə yeni bir erasının başlanğıcını qoydu. 44 gün davam edən Zəfər yürüşü zamanı döyüş meydanında cəsarət nümayiş etdirən Azərbaycan əsgəri və zabiti, arxa cəbhədə yumruq kimi birləşən xalqı və bu böyük tarixi Zəfərin memarı olan Ali Baş Komandan İlham Əliyev birincilik və yenilməzlik dastanı yazdılar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, yüksək sərkərdəlik məharəti və diplomatik müstəvidə göstərdiyi sarsılmaz mövqe xalqımızın 30 illik həsrətinə son qoydu. Onun “Biz birlikdə güclüyük!” çağırışı xalqı, ordunu və dövləti tək bir amala — Qarabağın azadlığına köklədi. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən bu tarixi missiya yalnız torpaqlarımızı azad etmədi, həm də milli qürurumuzu, mənliyimizi və ədaləti bərpa etdi.

Amma müharibənin ən böyük həqiqətlərindən biri budur: qələbə sevincinin arxasında həmişə dərin bir ağrı dayanır.

Çünki bu torpaqların hər qarışına gedən yol yalnız hərbi əməliyyatlardan keçmədi. O yol şəhid analarının göz yaşından, ataların səssiz qürurundan, yarımçıq qalan arzularından və övladların atasız böyüməsindən keçdi. Ona görə 27 Sentyabrda biz yalnız döyüş meydanında canından keçən qəhrəmanlarımızı deyil, onların bizə əmanət etdiyi ailələrini də dərin ehtiramla xatırlayırıq.

Bir ana üçün şəhid oğlu heç vaxt “keçmiş” deyil.

Bir övlad üçün şəhid ata heç vaxt yalnız fotoşəkildən ibarət deyil.

Bir həyat yoldaşı üçün itirilmiş insan sadəcə müharibənin statistik rəqəmi deyil.

Onların hər birinin öz adı, öz səsi, öz arzusu, öz ailəsi və yarımçıq qalmış həyat hekayəsi vardı. Şəhidlik də elə buna görə yalnız ölüm haqqında deyil, əbədi yaşatmaq haqqında anlayışdır. Şəhidlərin adını yaşatmaq onların həyat hekayələrini gələcək nəsillərə çatdırmaqdır. Onların hansı fədakar ailədən çıxdığını, hansı arzularla yaşadığını və hansı sonsuz Vətən sevgisi ilə böyüdüyünü unutdurmamaqdır. Çünki yaddaş itəndə tarix də susur.

Azərbaycan dövləti Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabrı Anım Günü elan etməklə şəhidlərin xatirəsinə dövlət səviyyəsində sonsuz ehtiramın ifadəsini rəsmiləşdirdi. Bu günün mahiyyəti bir günlük təqvimlə sınırlanmır. Anım Gününün əsl mənası unutmamaqdır:

Unutmamaq – Vətən uğrunda canından keçənlərin adını və xatirəsini uca tutmaqdır.
Unutmamaq – şəhid ailələrinin və qazilərin hər zaman yanında olmaq, onlara arxa-dayaq olmaqdır.
Unutmamaq – gələcək nəsillərə azadlığın, müharibənin və sülhün gerçək qiymətini anlatmaqdır.

Bu baxımdan 27 Sentyabr həm də gələcəyə ünvanlanan bir mesajdır: Vətən tarixini yalnız kitabların səhifələrində deyil, insanların yaddaşında və əməllərində yaşadır.

Bu gün Azərbaycanın hər bir şəhərində, rayonunda və kəndində şəhidlərin məzarları önündə yandırılan şamlar, qoyulan al qərənfillər, edilən dualar eyni həqiqəti pıçıldayır: Vətən anlayışı xəritədə çəkilmiş sərhəddən daha böyükdür. Vətən insanın doğulduğu ev, anasının səsi, atasının nəsihəti, uşaqlığının küçəsi, doğma torpağın qoxusu və gələcək nəsillərə ötürmək istədiyi ən müqəddəs mirasdır.

Şəhidlərimiz həmin mirasın ən ağır və ən şərəfli səhifəsini öz qanları ilə yazdılar.

Onların bizə qoyduğu ən böyük miras yalnız azad edilmiş torpaqlar deyil, həm də sarsılmaz birlik və həmrəylik dərsidir. 2020-ci ildə Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı — əsgər ailələri, könüllülər, həkimlər, müəllimlər, jurnalistlər və sadə vətəndaşlar tək bir cəbhə kimi dayandı. Bu möhtəşəm həmrəylik milli ruhun nə qədər güclü olduğunu bütün dünyaya sübut etdi.

Bu birlik bizə bu gün də, sabah da lazımdır. Çünki şəhidlərin xatirəsinə ən böyük ehtiram yalnız onların məzarını ziyarət etmək deyil, onların uğrunda can verdikləri Vətəni daha da gücləndirmək və yaşatmaqdır:

Daha savadlı və elmli olmaqla;
İşimizdə və vərdişlərimizdə daha məsuliyyətli olmaqla;
Dövlətimizə və cəmiyyətimizə fayda verməklə;
Övladlarımıza Vətən sevgisini sözlə deyil, əməllərimizlə aşılamaqla.

Bu gün Lənkəranın da öz qəhrəmanlıq və şəhidlik salnaməsi var. Bu cənub torpağının müxtəlif kənd və şəhər yaşayış məntəqələrindən Vətən müharibəsinə yollanan, doğma ocağına yalnız al bayrağa bükülərək qayıdan oğullarımız Lənkəranın və bütün Azərbaycanın mənəvi yaddaşının əbədi sakininə çevrildilər. Lənkəranda bir şəhid məzarının qarşısında dayananda insan anlayır ki, böyük tarix bəzən çox kiçik bir məzarda yaşayır... Bir ad, bir tarix, bir fotoşəkil və sonsuz bir həyat hekayəsi.

27 Sentyabrın ən böyük dərsi də budur: İnsan həyatı son nəfəsdə bitmir; insan xatırlandığı və əməlləri yaşadığı müddətcə əbədidir.

Ona görə bu gün səsləndirdiyimiz “Allah bütün şəhidlərimizə rəhmət eləsin!” duası sadəcə tradision ifadə deyil — bu, bir xalqın öz qəhrəmanlarına verdiyi mənəvi vəfa sözüdür.

Biz onları unutmayacağıq.

Onların analarını, atalarını, övladlarını tək qoymayacağıq.

Onların adlarını gələcək nəsillərə fəxrlə çatdıracağıq.

27 Sentyabr – Anım Günü bizə hər il eyni sualı verir:

Biz bu yaddaşa, bu Zəfərə və bu fədakarlığa layiq yaşaya bilirikmi?

Bu sualın cavabı hər birimizin gündəlik həyatında, Vətənə münasibətində və gördüyü vicdanlı işdədir. Bu gün ölkə üzrə bir dəqiqəlik sükut elan olunacaq. Amma həmin sükutun içində minlərlə səs əks-səda verəcək: Ana səsi, ata duası, övlad həsrəti, əsgər andı və Müzəffər Ali Baş Komandanın Zəfər nidası...

Və bütün bu səslərin fövqündə tək bir həqiqət dayanacaq:

Onlar susdular ki, Vətən yaşasın və danışsın.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qazilərimizə şəfa və möhkəm cansağlığı versin!

Şəhid ailələrinə səbir və qürur bəxş etsin!

27 Sentyabr – mübarək gün deyil, müqəddəs Anım Günüdür.

Başımızı ehtiramla əyirik. Şəhidlərimizin, Vətənin və Tarixin qarşısında!

Böyükağa Axundov
YAP Lənkəran rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi

Digər xəbərlər