Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı kimi diqqəti cəlb edir.
Dövlət başçısının müşavirədəki çıxışı Azərbaycanın təbii sərvətlərindən istifadəyə yalnız hasilat prizmasından deyil, bütöv sənaye zəncirinin formalaşdırılması baxımından yanaşmanın prioritetə çevrildiyini göstərdi. Prezident İlham Əliyev proqramın əsas məqsədinin daha çox xammal çıxarmaq deyil, xammalı ölkə daxilində daha çox emal etməklə yüksək əlavə dəyər yaratmaq olduğunu xüsusi vurğuladı.
Bu yanaşma iqtisadi siyasətin mahiyyətində mühüm məqamı -resursların hazır məhsula çevrilməsi, emal imkanlarının genişləndirilməsi və yerli sənaye potensialının gücləndirilməsini ön plana çıxarır.
Dövlət Proqramında mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Dəmir filizi, alüminium, mis və qızıl sektorun inkişafında mühüm yer tutur. Bununla yanaşı, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi və ölkənin mineral resurs bazasının gələcəkdə daha da zənginləşdirilməsi nəzərdə tutulur.
Beləliklə, qarşıdakı dövrdə məqsəd yalnız hasilatın artırılması ilə məhdudlaşmır. Əsas hədəf filizin çıxarılmasından başlayaraq onun zənginləşdirilməsi, emalı, yarımfabrikat və son məhsula çevrilməsinə qədər uzanan yerli istehsal zəncirinin qurulmasıdır.İnvestisiya ehtiyacının təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşmasının nəzərdə tutulması isə dövlət və özəl sektorun imkanlarının səfərbər edilməsinin vacibliyini göstərir.
Bu, həm də yeni layihələrin reallaşdırılmasında dövlət-özəl tərəfdaşlığının və investisiya fəallığının əhəmiyyətini artırır.
Proqramın mühüm istiqamətlərindən biri də əlvan metallurgiyanın inkişafıdır.
“Filizçay” yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi ilə yanaşı, yeni sənaye istiqamətinin formalaşmasına şərait yarada bilər. Alüminium sənayesində isə mövcud istehsal zəncirinin genişləndirilməsi və daha yüksək əlavə dəyərə malik məhsulların istehsalına keçid nəzərdə tutulur.
Dövlət Proqramının diqqətçəkən cəhətlərindən biri də yeni ehtiyatların müəyyənləşdirilməsinə və geoloji kəşfiyyatın genişləndirilməsinə xüsusi önəm verilməsidir. Müasir texnologiyaların, o cümlədən hiperspektral peyk çəkilişləri və aeroelektromaqnit tədqiqatların tətbiqi yeni perspektivli sahələrin müəyyənləşdirilməsinə imkan verir. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsi də proqramın gələcək perspektivlərini artırır.
Bu baxımdan mineral resursların aşkarlanması yalnız bugünkü istehsalın deyil, gələcək sənaye inkişafının da əsasını formalaşdıran amildir.
Beləliklə, metallurgiyanın inkişafı yalnız iri müəssisələrin yaradılması kimi deyil, çoxsaylı iqtisadi fəaliyyət sahələrini hərəkətə gətirən geniş sənaye ekosisteminin formalaşması kimi nəzərdən keçirilir.
Prezident İlham Əliyevin müşavirədəki çıxışından görünür ki, yeni mərhələdə əsas diqqət mövcud resursların daha səmərəli idarə edilməsinə, emal dərinliyinin artırılmasına və yüksək əlavə dəyərin ölkə daxilində yaradılmasına yönəlib.Qarşıya qoyulan hədəflər Azərbaycanın mineral resurslarını iqtisadi inkişafın daha geniş sənaye imkanlarına çevirmək məqsədini ortaya qoyur.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərdən irəli gələn əsas məqam isə aydındır: Azərbaycanın təbii sərvətlərinin iqtisadi əhəmiyyəti onların yalnız hasil edilməsində deyil, həmin resursların ölkə daxilində emal olunaraq daha yüksək əlavə dəyər yaratmasındadır.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı məhz bu yanaşmanın praktik müstəvidə həyata keçirilməsi üçün mühüm sənədlərdən biri kimi qarşıya qoyulan sənaye hədəflərinin reallaşdırılmasına xidmət edəcək.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi