PDF Oxu

Siyasət

  • 503

27 Sentyabr-Anım günü: unudulmaz qəhrəmanlıq dastanı - ŞƏRH

image

27 Sentyabr Azərbaycan xalqının müasir tarixində ən mühüm dönüm nöqtələrindən biridir. 2020-ci ilin bu payız səhərində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz genişmiqyaslı əks-hücum əməliyyatına – Vətən Müharibəsinə başladı. Bu gün təkcə bir müharibənin başlandığı tarix deyil, 30 illik həsrətə, torpaqlarımızın işğalına son qoyacaq Böyük Zəfər yolunun ilk addımı idi.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə 27 sentyabr tarixi Azərbaycan Respublikasında Anım Günü kimi təsis edildi. Bu gün xalqımız torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir.

44 gün davam edən Vətən Müharibəsi Azərbaycan ordusunun gücünü, şücaətini və müasir hərb sənətində yazdığı yeni səhifəni bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz hər gün yeni kəndlərin, qəsəbələrin, strateji yüksəkliklərin azad olunması xəbərini xalqımıza müjdələyirdi.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və nəhayət, noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi hərbi tariximizə qızıl hərflərlə yazıldı. Xüsusilə Şuşa əməliyyatı – əsgər və zabitlərimizin sıldırım qayaları dırmaşaraq, əlbəyaxa döyüşlərlə düşməni məhv etməsi dünya hərb mütəxəssisləri tərəfindən heyrətlə öyrənilən unikal bir hərbi möcüzəyə çevrildi.

Bu Zəfər təkcə hərbi gücün deyil, həm də milli birliyin, iradənin və ədalətin qələbəsi idi. Azərbaycan əsgəri sadəcə torpaq azad etmirdi, o, həm də otuz il boyunca tapdanmış milli qürurumuzu bərpa edirdi.

Vətən müharibəsində qazanılan Böyük Zəfər şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı bahasına başa gəldi. Canını Vətən torpağına fəda edən hər bir övladımız xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Anım Günündə ölkənin hər bir guşəsində, həmçinin xaricdə yaşayan soydaşlarımız tərəfindən saat 12:00-da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Küçələrdə, evlərin eyvanlarında, dövlət müəssisələrində üçrəngli bayrağımız dalğalanır, Zəfər parkları və Şəhidlər xiyabanları ziyarət olunur.

Azərbaycan dövləti və cəmiyyəti şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına hər zaman böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihələr, Heydər Əliyev Fondunun dəstəyi və YAŞAT Fondunun fəaliyyəti bu diqqətin bariz nümunəsidir.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş quruculuq və bərpa işləri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində smart kəndlər, müasir şəhərlər, beynəlxalq hava limanları, avtomobil və dəmir yolları inşa edilir. Otuz il yerlə-yeksan edilmiş, dağıdılmış, minlanmış torpaqlarımız yenidən həyata qayıdır.

Laçına, Füzuliyə, Zəngilana, Şuşaya və digər azad olunmuş ərazilərə doğma sakinlərinin qayıdışı başlayıb. Bu gün şəhidlərimizin ruhu şaddır, çünki uğrunda can verdikləri torpaqlarda artıq uşaq gülüşləri eşidilir, yeni həyat çiçəklənir.

27 Sentyabr Anım Günü bizə həm kədəri, həm də böyük qüruru eyni anda yaşadır. Biz həm Vətən uğrunda canından keçən oğullarımızın itkisinə yanır, həm də onların qoyub getdiyi müqəddəs irslə – Müzəffər və Qalib Azərbaycanla fəxr edirik.

Şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq!

Qarabağ Azərbaycandır!

Şəhla Xəlilova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər