Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramının icrasında əsas rolu "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti oynayacaq. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov şirkətin on illik inkişaf yolunu və qarşıdakı strateji hədəfləri diqqətə çatdırıb. Bu məlumatlar göstərir ki, "AzerGold" artıq sadə bir qızıl hasilatı şirkətindən Azərbaycanın dağ-mədən sənayesinin əsas aparıcı qurumuna çevrilib.
Şirkət 2015-ci ildə Prezidentin Sərəncamı ilə yaradılıb və bununla da ölkəmizin dağ-mədən sənayesinin yeni inkişaf mərhələsinin əsası qoyulub. 2016-cı ildə Daşkəsəndə yerləşən "Çovdar" qızıl mədənində fəaliyyətə başlanılıb, növbəti ilin aprelində isə gümüş-qızıl xəlitəsinin ilk ixracı həyata keçirilib. Həmin dövrdə yatağın çıxarıla bilən qızıl ehtiyatı cəmi 179 min unsiya qiymətləndirilirdi və istismar müddətinin 2021-ci ildə başa çatacağı proqnozlaşdırılırdı. Ancaq aparılan optimallaşdırma və genişmiqyaslı geoloji kəşfiyyat işləri nəticəsində ehtiyatlar 1,02 milyon unsiyaya qədər artırılıb, istismar müddəti isə ən azı 2032-ci ilədək uzadılıb. Bu, şirkətin elmi-texniki yanaşmasının uğurlu nəticəsidir.
İllər keçdikcə "AzerGold"un fəaliyyət dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Əlvan metallarla yanaşı, qara metal filizləri istiqamətində fəaliyyətə başlamaq üçün "Daşkəsən Dəmir Filiz" MMC yaradılıb, sənaye partlayıcı maddələrinin istehsalı və satışı üçün isə "AzerBlast" MMC fəaliyyətə başlayıb. Geoloji kəşfiyyatda hiperspektral peyk çəkilişləri və aeroelektromaqnit tədqiqatlar kimi müasir texnologiyalar tətbiq olunub. 2024-cü ildə "Çovdar" yatağının sulfid filizlərinin emalı üçün çəndə qələviləşdirmə zavodu tam gücü ilə istismara verilib, həmin ildən şirkət Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövləti təmsil etmək səlahiyyətlərini də icra etməyə başlayıb. Cari ildə isə "AzerGold" Qafqazın ən böyük qızıl yataqlarından biri sayılan "Söyüdlü" (Zod) yatağında fəaliyyətə başlayıb və qeyri-filiz yataqları üzrə operator statusunu əldə edib.
Şirkətin maliyyə göstəriciləri də təsirlidir. Qızıl hasilatı 2017-ci illə müqayisədə iki dəfədən çox, gəlirlər isə 3,5 dəfə artıb. Ümumi gəlirlərin 92 faizi ixracdan, 8 faizi isə daxili bazarda satışdan formalaşır. EBITDA göstəricisi 2017-ci ildəki 46 milyon manatdan 2025-ci ildə 260 milyon manata çataraq təxminən 6 dəfə, vergi ödənişləri isə 15 dəfə artıb. Ehtiyatların 6 dəfə artması sayəsində "Çovdar"da istehsal müddəti 11 il uzadılıb. 2025-ci ildə əldə olunan mənfəətin təqribən 42 milyon manatı dividend şəklində dövlətə ödəniləcək.
"AzerGold"un dövlət təmsilçiliyi çərçivəsində əldə etdiyi nəticələr də diqqətəlayiqdir. "Azerbaijan International Mining Company Limited" üzərində 2024-cü ilin iyunundan həyata keçirilən nəzarət tədbirləri nəticəsində qızıl ekvivalentində hasilat 2024-cü ilin ilk yarısındakı 5,3 min unsiyadan 2026-cı ilin ilk yarısında 37,6 min unsiyaya, yəni 7,1 dəfə artıb. Dövlətin mənfəətdən payı isə 2,4 milyon manatdan 37,6 milyon manata – 15 dəfədən çox artım göstərərək – yüksəlib. Ümumilikdə dövlətin bu müddət ərzində əldə etdiyi mənfəət payı 77,5 milyon manat təşkil edib. 2026-cı ildəki artımın əsas hissəsi işğaldan azad edilmiş Ağdərə rayonundakı "Dəmirli" mis mədənində hasilatın bərpası hesabına əldə olunub.
Qarşıdakı mərhələdə "AzerGold"un əsas hədəfi 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevrilməkdir. Bu məqsədlə dörd əsas strateji layihə həyata keçiriləcək. "Söyüdlü" qızıl yatağında ilk istehsal 2028-ci ildə planlaşdırılır, qızıl resursu 1,03 milyon unsiya, tələb olunan investisiya isə 425 milyon manatdır. Naxçıvandakı "Ortakənd" qızıl yatağında ilk istehsal 2029-cu ildə nəzərdə tutulur, resurs 246 min unsiya, investisiya tələbi 255 milyon manatdır. "Filizçay" polimetal yatağının tam gücü ilə istismarı 2031-ci ilin sonuna planlaşdırılır, 34 illik istismar dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun hasil ediləcək, investisiya həcmi isə təqribən 1 milyard manatdır. "Daşkəsən" dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə başlanacaq, investisiya tələbi 1,95 milyard manatdır.
Bu dörd layihə üzrə ümumi investisiya həcmi 3,63 milyard manat təşkil edir və bunun yalnız təxminən 10 faizinin dövlət büdcəsindən ayrılması planlaşdırılır – qalan hissə şirkətin daxili gəlirləri, borc vəsaitləri və investor iştirakı hesabına formalaşacaq. Zakir İbrahimov yekunda dörd strateji istiqaməti ümumiləşdirib: qızıl hasilatı və emalı, qara metallurgiya, əlvan metallar və dağ-mədən sənayesinin yan sahələrinin inkişafı. Bu strategiya "AzerGold"u yalnız qızıl hasil edən şirkətdən Azərbaycanın qeyri-neft sənayesinin ən iri və çoxşaxəli qurumlarından birinə çevirmək məqsədi daşıyır.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri