PDF Oxu

Siyasət

  • 528

Yerin altındakı sərvət: Azərbaycanın dağ-mədən potensialı və yeni kəşfiyyat strategiyası - ŞƏRH

image

Azərbaycan zəngin mineral ehtiyatlara malik ölkə olsa da, dağ-mədən sənayesi tarixən lazımi səviyyədə inkişaf etməyib. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışında bunun həm obyektiv, həm də subyektiv səbəblərini açıqlayıb. Bu, mövzunu təkcə iqtisadi deyil, həm də tarixi-siyasi kontekstdə anlamaq üçün əhəmiyyətlidir.

Sovet dövründə aşkar edilmiş bir çox yataqlar məhz işğal altında olan Qarabağ və Şərqi Zəngəzur bölgələrində yerləşirdi. Ermənistan işğalçılıq siyasəti dövründə Azərbaycanın təbii resurslarını – qızıl, mis, molibden yataqlarını – talan edib. Prezident xüsusi vurğulayıb ki, Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu işğal dövründə məhv edilib, talan edilib, sonradan isə yandırılıb. Bununla yanaşı, sovet hökuməti üçün Azərbaycanın dağ-mədən potensialı heç vaxt prioritet sayılmayıb, çünki əsas diqqət neft sənayesinə yönəlmişdi. Nəticədə bir çox perspektivli yataq bu günə qədər tam geoloji kəşfiyyatdan keçməyib.

Bu vəziyyətin müsbət tərəfi də var – yerin altındakı ehtiyatlar hələ toxunulmaz qalıb və Dövlət Proqramı məhz bu potensialın açılması üçün konkret mexanizmlər müəyyənləşdirir. Birinci addım işğaldan azad edilmiş ərazilərdə mövcud yataqların işə salınmasıdır. Söhbət ilk növbədə Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarından gedir. Ağdərə rayonunda artıq işlərə start verilib, Kəlbəcər və Zəngilanda isə yaxın gələcəkdə fəaliyyətə başlanması gözlənilir.

Paralel olaraq, mövcud yataqların ehtiyatları müasir geoloji üsullarla yenidən dəqiqləşdirilməlidir, çünki sovet dövründən qalan məlumatlar artıq 40 ilə yaxın köhnəlib və bu müddət ərzində geologiya elmində yeni texnologiyalar meydana çıxıb. İkinci mühüm istiqamət isə tamamilə yeni sahələrdə geoloji kəşfiyyatın aparılmasıdır. Bu məqsədlə artıq işlərə start verilib və hiperspektral peyk çəkilişləri, aeroelektromaqnit tədqiqatlar kimi müasir texnologiyalardan istifadə olunur.

Xüsusi diqqətəlayiq perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Bu ərazidə həm sovet dövründə, həm sonrakı illərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb, ona görə burada da böyük yataqların olması ehtimalı yüksək qiymətləndirilir. Naxçıvanda geoloji kəşfiyyat işlərinin gələn ildən başlanması planlaşdırılır. Bu istiqamətdə artıq konkret addım da atılıb – "AzerGold" ilə Birləşmiş Ərəb Əmirlikləri şirkəti arasında Naxçıvandakı ehtiyatların birgə geoloji kəşfiyyatı ilə bağlı saziş imzalanıb.

İş iki əsas istiqamət üzrə qurulur: dövlət xətti ilə – bu missiyanı "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti həyata keçirir – və özəl sektorun iştirakı ilə. Sahə xarici investorlar üçün də açıqdır və artıq mövcud kontraktlar icra olunur. Prezident bildirib ki, əgər geoloji kəşfiyyat işləri əhəmiyyətli yeni yataqların aşkarlanması ilə nəticələnərsə, bütün zənginləşdirmə və emal zənciri yaradılmalıdır, çünki resursları sadəcə filiz şəklində ixrac etmək iqtisadi baxımdan səhv addım olardı.

Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonundakı "Filizçay" polimetal yatağı da xüsusi diqqət mərkəzindədir. "AzerGold" bir neçə ildir bu yatağın istismara hazırlanması üzərində işləyir və yaxın vaxtlarda texniki-iqtisadi əsaslandırmanın hazırlanması, yekun investisiya qərarının qəbulu gözlənilir. Prezident bildirib ki, "AzerGold" bu yatağın 100 faiz səhmdarı olmalıdır, istismar prosesində yatağın dəyəri artdıqca isə müəyyən faiz səviyyəsində xarici investorların cəlbi də mümkündür.

Bütün bu işlərdə ekoloji amil xüsusi əhəmiyyət daşıyır. Prezident vurğulayıb ki, ölkəmizin əsas sərvəti hətta yerin altındakı ehtiyatlar deyil, təbiətimizdir, ona görə maksimum ekoloji ekspertiza aparılmalı və bütün ekoloji normalara ciddi əməl olunmalıdır. Bu tələblərə əməl etməyən tərəfdaşlar cəzalandırılacaq, dövlət şirkəti "AzerGold" isə bütün ekoloji standartlara cavab verməyə borcludur.

Nəticə etibarilə, Azərbaycanın dağ-mədən potensialının açılması təkcə iqtisadi layihə deyil, həm də işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı, ölkənin təbii sərvətlərinə sahib çıxması baxımından mühüm milli məsələdir. Yeni Dövlət Proqramı bu istiqamətdə sistemli və uzunmüddətli yanaşmanın əsasını qoyur.

Bu prosesin uzunmüddətli xarakter daşıması da xüsusi vurğulanmalıdır. Geoloji kəşfiyyatdan sənaye istismarına qədər olan yol bir neçə il çəkir, ona görə də Dövlət Proqramı yalnız 2030-cu ilə qədər olan dövrü deyil, ondan sonrakı mərhələ üçün də zəmin yaradır. Mövcud yataqlarla yanaşı, yeni aşkarlanacaq sahələr də növbəti onilliklərdə Azərbaycanın dağ-mədən sənayesinin əsasını

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası

Nəsimi rayon təşkilatının sədr müavini

Digər xəbərlər