PDF Oxu

Siyasət

  • 751

“Qalib xalqın vətəndaşı olmaqdan sonsuz qürur duyuruq” - FOTO

image

Bu fikir Lənkəran rayonunda “ 27 Sentyabr – Anım Günü” ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Mehman Bağırov adına Lənkəran şəhər 1 saylı tam orta ümumtəhsil məktəbində baş tutan növbəti tədbirdə bildirilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini – Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri Ülkər İsmayılova, aparatın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Lənkəran şəhəri üzrə təhsil sektorunun məsul əməkdaşı Cəmil Axundzadə, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Anım Gününün əhəmiyyəti xüsusi vurğulanıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun qazandığı parlaq qələbə barədə geniş məlumat verilib. Otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli Vətən torpaqlarının azad olunması, hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, soydaşlarımızın doğma yurdlarına qayıtması və Azərbaycanın beynəlxalq nüfuzunun artması diqqətə çatdırılıb.
Həmçinin bildirilib ki, rəşadətli ordumuzun əsgər və zabitlərinin şücaəti, Vətən yolunda canını fəda edən şəhidlərin qanı bahasına qazanılmış bu Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. 44 günlük Vətən müharibəsindən sonra, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib və bu gün hər birimiz qalib xalqın vətəndaşı olmaqdan sonsuz qürur duyuruq.
Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyaların nümayişi ilə tədbir başa çatıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər