Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ölkənin mineral resurs potensialından səmərəli istifadə, dağ-mədən və metallurgiya sənayesinin inkişaf etdirilməsi, yeni istehsal güclərinin yaradılması və sahəyə investisiyaların cəlb olunması məsələləri geniş müzakirə edilib. Prezident İlham Əliyev çıxışında dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı üçün perspektivli sahələrdən biri olduğunu diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, yeni Dövlət Proqramı 2027–2030-cu illəri əhatə edəcək və bu müddət ərzində sahənin inkişafı ilə bağlı müəyyənləşdirilən tədbirlər kompleks şəkildə həyata keçiriləcək. Proqram eyni zamanda Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən siyasətin davamlılığını təmin edən mühüm sənədlərdən biri olacaq. Müşavirədə xüsusi vurğulanıb ki, Dövlət Proqramının əsas məqsədi yalnız daha çox xammal hasil etməkdən ibarət deyil. Başlıca hədəf mineral xammalın ölkə daxilində daha çox emal olunması, yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi və filizin hasilatından hazır məhsula qədər uzanan sənaye zəncirinin formalaşdırılmasıdır. Bu yanaşma Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və sənaye potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramında mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Dəmir filizi, alüminium, mis və qızıl sənayenin əsas inkişaf istiqamətləri sırasında yer alır. Eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi və geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində qarşıya qoyulan hədəflər də kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu məqsədlərin reallaşdırılması üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın yatırılması planlaşdırılır. Dövlət başçısının çıxışında investisiyaların əsasən qeyri-büdcə mənbələri hesabına formalaşdırılmasının nəzərdə tutulduğu qeyd edilib. Belə ki, ümumi investisiya ehtiyacının 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl vəsait hesabına formalaşdırılması planlaşdırılır. Bu yanaşma dövlət müəssisələri ilə yanaşı, özəl sektorun da prosesdə fəal iştirakını nəzərdə tutur. Dağ-mədən sənayesinin inkişafında qızıl hasilatı da mühüm istiqamətlərdən biri kimi diqqətdə saxlanılır. Bununla yanaşı, mis, molibden və digər faydalı qazıntılar üzrə yeni yataqların müəyyənləşdirilməsi və onların iqtisadi dövriyyəyə cəlb edilməsi qarşıdakı dövrün əsas vəzifələrindəndir. Yeni yataqların aşkarlanması ilə yanaşı, onların yalnız hasilatı deyil, zənginləşdirilməsi və emalı üzrə imkanların yaradılması nəzərdə tutulur. Dövlət Proqramında qara metallurgiyanın inkişafına da xüsusi yer ayrılıb. “Daşkəsən” dəmir filizi layihəsi çərçivəsində mədən, zənginləşdirmə və pelet istehsalı güclərinin yaradılması, eləcə də isti briketlənmiş dəmir istehsalının təşkili planlaşdırılır. Bu layihə dəmir filizindən başlayaraq növbəti emal mərhələlərinə qədər ölkə daxilində sənaye zəncirinin formalaşdırılmasına imkan verəcək. Alüminium sənayesi üzrə də mövcud istehsal zəncirinin genişləndirilməsi və daha yüksək əlavə dəyərli məhsulların istehsalına keçid əsas hədəflərdəndir. Proqramın əhatə etdiyi dövrdə elektroliz zavodunun illik istehsal gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyev çıxışında özəl sektorun və xarici investorların imkanlarından istifadə edilməsinin də vacibliyini qeyd edib. Dövlət tərəfindən proqramın maliyyələşdirilməsi ilə bağlı imkanların müəyyənləşdirildiyi bildirilib və investorların maraq göstərməsi halında onların layihələrdə iştirakına şərait yaradılacağı vurğulanıb. Dövlət Proqramının digər mühüm xüsusiyyəti onun regionların sosial-iqtisadi inkişafı ilə əlaqələndirilməsidir. Dağ-mədən və metallurgiya layihələrinin həyata keçirilməsi yeni istehsal sahələrinin, xidmət istiqamətlərinin və sənaye infrastrukturlarının inkişafına, eləcə də regionlarda iqtisadi fəallığın artmasına imkan yarada bilər. Müşavirədə Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsinin də nəzərdə tutulduğu bildirilib. Bu istiqamətdə aparılacaq araşdırmalar gələcəkdə yeni mineral resursların iqtisadi dövriyyəyə cəlb olunması üçün əlavə imkanlar yarada bilər. Beləliklə, 2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir. Proqramın əsas fəlsəfəsi təbii sərvətlərin yalnız hasil edilməsi deyil, onların ölkə daxilində emal olunaraq daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində sənaye istehsalının genişləndirilməsi, yeni investisiya layihələrinin reallaşdırılması, ixrac imkanlarının artırılması və qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində əlavə imkanların yaranması nəzərdə tutulur. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, qarşıdakı dörd il ərzində proqramın tam icrası təmin edilməli, müəyyənləşdirilən layihələr ardıcıl şəkildə həyata keçirilməlidir.Sentyabrın 23-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi isə müşavirədə müəyyənləşdirilən hədəflərin artıq dövlət sənədi səviyyəsində rəsmiləşdirildiyini göstərir. Proqramın icrasının əlaqələndirilməsi və nəzarəti Nazirlər Kabinetinə həvalə olunub. Yeni Dövlət Proqramı Azərbaycanın mineral resurs potensialının daha səmərəli istifadəsinə, sənaye və emal imkanlarının genişləndirilməsinə, yüksək əlavə dəyərli məhsulların istehsalına və qeyri-neft sektorunun inkişafına xidmət edən mühüm strateji sənəd kimi qarşıdakı illərdə dağ-mədən və metallurgiya sənayesinin fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı