PDF Oxu

Siyasət

  • 438

Dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsi - ŞƏRH

image

2026-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxış edərək bu sahənin ölkə iqtisadiyyatı üçün perspektivli istiqamətlərdən biri olduğunu vurğulayıb və qarşıdakı illər üçün əsas hədəfləri diqqətə çatdırıb.

Prezident İlham Əliyevin çıxışının əsas istiqamətlərindən biri mineral resurslardan daha səmərəli istifadə və xammaldan son məhsula qədər uzanan dəyər zəncirinin formalaşdırılmasıdır. Bu yanaşma dağ-mədən sektorunun yalnız xammal hasil edən sahə kimi deyil, yüksək əlavə dəyər yaradan müasir sənaye kompleksi kimi inkişaf etdirilməsini nəzərdə tutur. Beləliklə, metallurgiya sənayesinin genişləndirilməsi qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi ilə birbaşa əlaqələndirilir.

Dövlət Proqramının qarşıya qoyduğu mühüm hədəflərdən biri investisiya imkanlarının səfərbər edilməsidir. Prezidentin müşavirədə bildirdiyinə görə, 2027–2030-cu illər ərzində proqram üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl vəsait hesabına formalaşdırılması nəzərdə tutulur. Beləliklə, investisiyaların mühüm hissəsinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi planlaşdırılır.

Dövlət başçısının çıxışında diqqət çəkilən digər mühüm məsələ istehsal və ixrac potensialının artırılmasıdır. Yeni istehsal güclərinin yaradılması nəticəsində növbəti dörd il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması nəzərdə tutulur. Prezident İlham Əliyev gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyini də qeyd edib.

Azərbaycanın zəngin mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi də Dövlət Proqramının mühüm istiqamətlərindəndir. Proqram çərçivəsində “Filizçay”, “Dəmirli” və “Zəylik” yataqları ilə bağlı imkanların qiymətləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Həmçinin yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanlarının araşdırıldığı bildirilib.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafı baxımından da əhəmiyyət daşıyır. Yeni istehsal müəssisələrinin yaradılması, investisiya layihələrinin reallaşdırılması, infrastrukturun genişləndirilməsi və yeni iş yerlərinin açılması regionlarda iqtisadi fəallığın artmasına şərait yarada bilər. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat və sənaye layihələrinin genişləndirilməsi Böyük Qayıdış prosesinin iqtisadi istiqamətlərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin müşavirədəki çıxışı göstərir ki, qarşıdakı mərhələdə Azərbaycanın sənaye siyasətində resurslardan səmərəli istifadə, yerli istehsalın genişləndirilməsi, yüksək əlavə dəyərin yaradılması, ixracın artırılması və özəl investisiyaların cəlb edilməsi əsas prioritetlər sırasında olacaq.

Qeyd etmək lazımdır ki, Dövlət Proqramı Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilib. Sənədə əsasən, proqramda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Nazirlər Kabinetinə, monitorinq və qiymətləndirmə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.

Beləliklə, 2027–2030-cu illər üçün Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələnin əsas çərçivəsini müəyyənləşdirir. Sənədin həyata keçirilməsi mineral resursların iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına, sənaye istehsalının və ixrac imkanlarının artırılmasına, eləcə də qeyri-neft iqtisadiyyatının inkişafına yönəlmiş tədbirlərin davam etdirilməsinə xidmət edir.

Vüsal Finuni,

YAP Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər