Azərbaycanın iqtisadi inkişafında qeyri-neft sektorunun genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və təbii resurslardan səmərəli istifadə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl iqtisadi islahatlar nəticəsində ölkəmizdə sənayenin müxtəlif sahələri üzrə yeni istehsal imkanları formalaşdırılıb, regionların iqtisadi potensialının hərəkətə gətirilməsi üçün geniş imkanlar yaradılıb. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da bu baxımdan qarşıdakı illər üçün mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi bu sahənin inkişafında yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Dövlət Proqramı sentyabrın 23-də Prezidentin Sərəncamı ilə təsdiq edilib. Sənəddə mineral-xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması, yeni layihələrin reallaşdırılması və xammalın ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Azərbaycan zəngin mineral ehtiyatlara malik ölkələrdəndir. Lakin mövcud potensialın tam şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsi üçün ilk növbədə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, yeni yataqların müəyyənləşdirilməsi və onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi vacibdir. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, ölkəmizin perspektivli qızıl, mis və digər metal yataqları üzrə kəşfiyyat imkanlarının genişləndirilməsi qarşıda duran əsas məsələlərdəndir.
Hazırda mineral resurs bazasının artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Dövlət Proqramı çərçivəsində ilkin axtarış-qiymətləndirmə işlərinin 15 min kvadratkilometr ərazini əhatə etməsi və 2027-ci ildə tamamlanmasının planlaşdırılması Azərbaycanın mineral resurs potensialının daha geniş şəkildə öyrənilməsinə imkan verəcək. Eyni zamanda, 10 perspektivli qızıl-mis sahəsində axtarış-qiymətləndirmə işləri davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da “Göydağ”, “Başkənd” mis-qızıl yataqları və digər perspektivli sahələr üzrə kəşfiyyat işləri həyata keçirilir.
Bu prosesin mühüm cəhəti ondan ibarətdir ki, məqsəd yalnız yeraltı sərvətlərin hasilatı ilə kifayətlənmək deyil. Əsas hədəf xammalın ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, bununla da yeni istehsal zəncirlərinin formalaşdırılmasıdır. Dövlət Proqramında məhz bu yanaşma ön plana çəkilir.
Son illərdə Azərbaycanda sənayeləşmə siyasətinin mühüm nəticələrindən biri regionlarda sənaye parklarının və aqroparkların yaradılmasıdır. Bu müəssisələr yalnız istehsalın həcminin artırılmasına deyil, həm də regionların iqtisadi fəallığının yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edir.
Prezident İlham Əliyev müşavirədə qeyd edib ki, sənaye parkları və aqroparklar artıq Azərbaycanın bir çox bölgələrində, demək olar ki, hər bir bölgəsində mövcuddur. Bu parkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradılıb və ölkənin ixrac potensialı gücləndirilib. Yeni yaradılan Qərb Sənaye Parkının əsas məqsədlərindən biri də məhz dağ-mədən sənayesinin inkişaf etdirilməsi, filiz hasilatından başlayaraq zənginləşdirmə və emal mərhələlərini əhatə edən tam istehsal zəncirinin qurulmasıdır.
Bu baxımdan dağ-mədən sənayesinin inkişafı Azərbaycanın regionlarının gələcək iqtisadi mənzərəsinə də mühüm təsir göstərəcək. Yeni müəssisələrin yaradılması, infrastrukturun genişləndirilməsi, məşğulluğun artırılması və yerli istehsal imkanlarının gücləndirilməsi regionların dayanıqlı inkişafına əlavə stimul verəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək layihələr Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı böyük həcmdə investisiya tələb edən sahədir. Dövlət Proqramına əsasən, 2027–2030-cu illərdə bu istiqamətdə ümumilikdə 5,3 milyard manat investisiyanın yatırılması nəzərdə tutulur. Bunun mühüm hissəsinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılması planlaşdırılır ki, bu da dövlətlə yanaşı, özəl sektorun və investorların prosesdə fəal iştirakını zəruri edir.
Prezident İlham Əliyevin müşavirədə yerli və xarici investorlara ünvanladığı “qapılar açıqdır” mesajı Azərbaycanın investisiya siyasətinin mahiyyətini bir daha nümayiş etdirir. Dövlət başçısı bildirib ki, proqramda görüləcək işlər əks olunub və investorlar bu imkanlarla tanış ola bilərlər. Bununla yanaşı, yeni layihələrin həyata keçirilməsi nəticəsində beş mindən çox yeni iş yerinin yaradılması, ixrac potensialının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması gözlənilir.
Dövlət Proqramının qarşıya qoyduğu hədəflər kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu göstəricilər qarşıdakı dövrdə sahənin Azərbaycan iqtisadiyyatında çəkisinin əhəmiyyətli dərəcədə artacağını göstərir.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın zəngin mineral resurslarının daha səmərəli istifadəsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, investisiyaların cəlb edilməsi və qeyri-neft sənayesinin gücləndirilməsi baxımından mühüm strateji sənəddir. Qarşıya qoyulan hədəflərin reallaşdırılması ölkənin sənaye potensialının daha da genişlənməsinə, yeni məşğulluq imkanlarının yaranmasına və ixrac coğrafiyasının genişlənməsinə şərait yaradacaq. Ən başlıcası isə Azərbaycan öz təbii sərvətlərini xammal kimi deyil, yüksək əlavə dəyər yaradan məhsullar şəklində iqtisadi dövriyyəyə daxil etməklə yeni sənaye inkişaf mərhələsinə qədəm qoyacaq.
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı