Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas strateji vəzifələrdən biri iqtisadiyyatın şaxələndirilməsinin daha da sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının yeni mərhələyə yüksəldilməsi və ölkənin mövcud təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasıdır. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan iqtisadiyyatının qarşıdakı illər üçün inkişaf istiqamətlərindən biri də dağ-mədən və metallurgiya sənayesinin genişləndirilməsidir. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə də Cənab Prezident bəyan etdi ki, istehsal müəssisələrinin yaradılması ilə yanaşı ölkənin təbii sərvətlərinin müasir texnologiyalar əsasında öyrənilməsi, hasilatı, zənginləşdirilməsi və emalını özündə birləşdirən bütöv sənaye istiqamətinin qurulmasıdır. Bu baxımdan yeni Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində mühüm mərhələdir.
Dağ-mədən və metallurgiya sənayesinə qoyulan investisiyalar çoxşaxəlidir. Məhz bu səbəbdən Dövlət Proqramının əsas hədəflərindən biri xammalın ixracı ilə yanaşı mümkün qədər ölkə daxilində onun emalının təmin edilməsidir. Bu, əlavə dəyərin ölkə daxilində yaradılmasına, yeni istehsal sahələrinin meydana çıxmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradır.
Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması da bu prosesin sosial-iqtisadi əhəmiyyətini artırır. Yeni sənaye müəssisələrinin xüsusilə regionlarda yaradılması məşğulluğun genişləndirilməsi ilə yanaşı, həmin ərazilərin iqtisadi fəallığının artmasına da təsir göstərəcək.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı bu baxımdan xüsusilə əhəmiyyətlidir. Çünki perspektivli yataqların əhəmiyyətli hissəsi regionlarda yerləşir. Deməli, yeni mədənlərin və emal müəssisələrinin yaradılması iqtisadi aktivliyin Bakı və Abşeronla məhdudlaşmamasına, regionlarda yeni iş yerlərinin və xidmət sahələrinin yaranmasına imkan verəcək. Bu baxımdan işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası da yeni sənaye siyasətinin mühüm istiqamətlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların öyrənilməsi və istismara hazırlanması yeni iqtisadi imkanlar açır. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, işğal dövründə Ermənistan tarixi Azərbaycan torpaqlarında qanunsuz istismar fəaliyyəti həyata keçirib. Prezident İlham Əliyev də müşavirədə bu məsələyə xüsusi diqqət çəkdi. Bəyan etdi ki, “işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar ağacları məhv edirdilər.” Təbii ki, Ermənistan bu qanunsuz fəaliyyətə görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir.
Prezident İlham Əliyevin də söylədiyi kimi, mövcud yataqların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi qarşıdakı dövrün əsas vəzifələrindəndir.
Yeni Dövlət Proqramının mühüm cəhətlərindən biri də dövlət və özəl sektorun əməkdaşlığı üçün imkanların nəzərdə tutulmasıdır. Dağ-mədən sənayesi böyük maliyyə resursları tələb etdiyindən yerli və xarici investorların prosesə cəlb edilməsi layihələrin miqyasının genişləndirilməsinə xidmət edir. Eyni zamanda, dövlətin əsas layihələrin maliyyələşdirilməsini təmin etməsi investisiya mühitində uzunmüddətli planlaşdırma üçün baza yaradır.Bu baxımdan dağ-mədən sənayesinin inkişafına ayrıca bir sektorun inkişafı kimi deyil, bütövlükdə iqtisadiyyatın yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması istiqamətində baxmaq lazımdır. Mədənçilikdən metallurgiyaya, kimya sənayesindən maşınqayırmaya, logistika və xidmət sektorundan elmi-tədqiqat və təhsil sahəsinə qədər geniş bir iqtisadi ekosistemin formalaşdırılması mümkündür. Azərbaycanın qarşısında duran strateji məqsəd təbii sərvətlərdən əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltməklə dayanıqlı və şaxələndirilmiş iqtisadi model qurmaqdır. Bu mənada dağ-mədən sənayesinin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi qeyri-neft sektorunun yeni hərəkətverici istiqamətlərindən birinə çevrilə bilər. Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycanın mineral ehtiyatları yalnız yeraltı sərvət kimi deyil, iqtisadi inkişaf üçün kapitala çevrilməlidir. Bunun yolu isə xammalın hasilatı ilə kifayətlənməyərək onun emalını, yüksək əlavə dəyərli məhsul istehsalını, ixracını, yeni iş yerlərinin yaradılmasını, insan kapitalının inkişafını və regionların iqtisadi fəallığının artırılmasını vahid strategiya çərçivəsində təmin etməkdən keçir. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi üçün mühüm perspektivlər açır və ölkənin sənaye siyasətinin növbəti mərhələsində strateji istiqamətlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.
Rövşən Qurbanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı